Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2015

İstefa verən müstəntiqdən yeni çağırış: “Hərəkətə keçib nələrsə etməliyik”

Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verməsi ilə adını ölkə gündəminə yazdıran Rüfət Səfərov “Azadlıq” qəzetinə növbəti müraciətini göndərib. Keçmiş müstəntiq özünün istefasına verilən reaksiyaları normal cəmiyyətlər üçün adi olmayan həddə qiymətləndirib və bunu toplumun necə aciz duruma salınmasının örnəyi kimi göstərib. Müraciətinin sonunda o, hakimiyyəti Qərblə qarşıdurma siyasətindən imtina etməyə, ölkənin taleyi barədə düşünməyə çağırıb. Müraciəti təqdim edirik:

DÜŞÜNƏK!

Bir müstəntiq ölkəsində baş verən haqsızlıq və ədalətsizliyə etiraz edir və bütün xalq bunu təəccub və heyrətlə qarşılayır. İnsanlar buna “şok” adı verir. Mənə görə, toplumun nə qədər aciz olduğuna, carəsiz duruma yuvarlandıgına şahidlik edirik. Sanki ölkənin hakimiyyət qollarından birinin, yəni qanunverici, icraedici və ya məhkəmə hakimiyyətinin tale təyin edən vəzifəli şəxsi istefa veribdir. Adi bir müstəntiqin istefası hüquqi dövlətin təşəkkül tapdığı, mülki cəmiyyətin tərəqqi etdiyi, hüququn alililiyinin bərqərar olduğu cəmiyyətlərdə ön informasiya qismində qəbul edilmir və bir o qədər də ictimai reaksiya doğurmur. Bizdə nə baş verir? Müstəntiqin istefası insanlar tərəfindən dəhşət saçan akt kimi təqdir edilir. Bu o deməkdir ki, olduqca anormal cəmiyyətdə yaşayırıq. O cəmiyyətdə ki, haqq nahaqqın önündə aciz, hüquq basqının qarşısında dişsizdir. Bunun nə qədər acınacaqlı olduğunu ifadə etmək üçün açığı, söz də imkansız durumdadır…

Qəbri torpaq deyil, su olan neftçilərin müdhişi, insanların gündəlik güzəranına mənfi anlamda təsir edən manatın məzənnəsinin aşırı aşağı salınması kimi ciddi sorunlar sanki arxa planda, ölkənin bir bucağında fəaliyyət göstərən istintaqçının istefası birinci plandadır. Qeyri-bitkin bir cəmiyyətdəyik. Həmin vəziyyəti bir tərəfədən insanların maarifsiz durumu, digər tərəfdənsə düşündüyünü ifadə etməkdə acizliyi şərtləndirir…

Adətən, ümidsiz cəmiyyətlərdə bu cür dalgalar baş verir. Hər şey bir yana, məhz bu halı qaydasına qoymaqçün bütün umu-küsüləri bir tərəfə qoyub, vahid yumruq şəklində, özü də iqtidarlı-müxalifətli hərəkətə keçib nələrsə etməliyik. Bu torpaq, bu vətən hamımızındır. Elə etməliyik ki, gələcək nəsillər bizlərə – ölkənin siyasi, hüquqi, mədəni kəsiminə ehtiramla yanaşsın…

Əzizlərim, siyasət-firqə zamanı deyildir! Torpaqlarımızın 20 faizi qəsb altında, sağımız-solumuz düşmənlə əhatələnmişdir! 28 ildir! Və bizlər durduğumuz yerdəyik.

“Biz hamımız xalqıq, hökumət də həmçinin.” O. Bismark.

Məni bürüyən dəhşət nədir? Düşdüyümüz vəziyyətdən çıxmağın yollarını ağılla, məntiqlə aramaq əvəzinə, çətin durumda olmamıza baxmayaraq, ona-buna barmaq silkələyirik. Sanki yerimizdə oturub dünyanın o başına atəş açırıq. Əgər həqiqətən, bizdə belə bir güc varsa, mən bir vətəndaş kimi sevinmiş olardım. Doğrudanmı, Amerika ilə vuruşmaq, ona sanksiyalar tətbiq etmək ölkəmizin qaranlıq yollarına işıq salacaq? Dünya çapında ümumi daxili məhsulun 25 faizinə qədərinə sahiblik edən bu okean ölkəsini iqtisadi, siyasi, hərbi cəhətdən diz çökdürmək imkan və riskinə malikiksə, o halda düşmən Ermənistanı bir günün içində yerlə-yeksan edib 20 ildən çox işğal altında inləyən doğma Qarabağımızı azad etməyə nə mane olur? Dostlar, bəlkə o sanksiyaları kənara qoyub, ABŞ və Avropa ilə dürüst davranaq. İndi hədə-qorxu gəlmək vaxtı deyildir. Lütfən, Sizif əməyini bir bucağa qoyub, Vətənin taleyini düşünək! Sözü dustaq edib, zindana atmayaq!
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber