Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2015

Deputatlar nə vaxt danışacaq?

Xalqın 125 nəfər susmuş adama ehtiyacı yoxdur

Ölkə ağır günlərini yaşayır. Hamı başa düşür ki, uzun illər ərzində heç bir sahə inkişaf etdirilməyib, ölkənin taleyi neftdən asılı vəziyyətə salınıb və qarşıdakı mərhələ daha çətin olacaq. Üstəlik, kəskin qiymət artımları, kütləvi borclanma, manatın sürətlə ucuzlaşması yeni problemlər yaradıb. Amma belə bir vaxtda hökumət heç bir real addım atmır, heç bir anti-böhran prqoramı mövcud deyil, soyğunçuluq, korrupsiya, monopoliya qüvvəsindədir və s.

Dəhşətli olan budur ki, dövlətin və millətin taleyindən sorumlu olan, vətəndaşın sabahı üçün məsuliyyət daşıyan, millətin vəkili rolunda çıxış edən adamlardan da səs çıxmır. Heç olmasa belə ağır vəziyyətdə mövqe sərgiləmək, hökumətə təkliflər vermək, israrlı olmaq lazımdır. Çünki, tendensiya dövlətin gələcəyini təhdid edir. Bundan sonra yaltaqlanmaq, tənqidçi kəsimi hədəf seçmək, “qatıq qaradır” söyləmək xeyirsiz olacaq. Ilk növbədə deşilmiş gəmini yamamaq lazımdır. Amma bu qədər dərin böhran, bərbad reallıq da 125 nəfər vəkili dilə gətirə bilmir. Mandat gəzdirənlər manatın taleyinə də biganə qalıblar. Hətta imitasiyadan da imtina ediblər. Başa düşmürlər ki, gələcək nəsillər onları da lənətləyəcək. Heç olmasa balaca cəsarət tapıb, oğurlanan pulların ölkəyə qaytarılmasını, lazımsız xərclərin azaldılmasını, vəzifəli şəxslərin əlavə xidmətlərdən məhrum edilməsini tələb etsinlər.

Ən azından qiymət artımının qarşısının alınması üçün israr etməli, kredit borcu ödəyənlərə güzəşt istəməlidilər.

Bizim fəlakətimiz devalvasiyadan, neftin qiymətdən düşməsindən yaranmadı. Bizim faciəmiz onda yarandı ki, parlamentdə xalqın sözünü deyə bilən, nöqsanları dilə gətirən, xalqdan səs almış deputatımız olmadı. Əksinə, millətə vəkillik etməli olanlar, hökumətə vəkillik etməyə başladılar. Parlament dövlətin və millətin maraqlarına xidmət edən təkliflərin müzakirəsinə yox, Prezident Aparatından gələn tapşırıqlara “Amin” demək üçün fəaliyyət göstədi.

Bu xalq heç vaxt dərdini söyləməyə vəkil tapmadı. Hansıki, Ukraynada, Qazaxıstanda, Yunanıstanda hökumətin xalqa yönəlik qərarlarını gördük. Ukrayna Ali Radası ölkənin ağır vaxtında vətəndaşın yükünü öz üzərinə götürdü. Yunanıstan iqtisadi böhranın dibində olduğu halda 20 min dollar qədər borcu olanları ödəmədən xilas etdi. Yəni, maliyyə problemi yaşanan ölkələrdə də millət vəkilləri ortaya mövqe qoydu, vətəndaşın marağından çıxış etdi.

Azərbaycan parlamentində isə belə hallar müşahidə olunmadı. Ya Avropanı, ABŞ-ı söyəcəklər, ya müxalifətə şər-böhtan atacaqlar, ya cərimələrin sərtləşdirilməsini müzakirə edəcəklər, ya da deputatların maaşının artırılması tələb olunacaq.

Tənqidi fikir səsləndirmək, nöqsanları dilə gətirmək bizim ölkədə deputatın səlahiyyətində deyil. Ortada bu qədər korrupsiya faktları var, dövlətin imici hər gün zədələnir, qiymətlər 30-40 faiz artıb və deputatlar aparatdan siqnal gözləyirlər.

Axı, belə parlament, mövqeyi olmayan deputat kimə lazımdır? Bir halda ki, bütün məsələləri başda oturanlar həll edir, o zaman 125 adama havayı maaş verməyin nə mənası var. Müşahidə etdiyimiz mənzərə onu göstərir ki, Milli Məclisə ehtiyac yoxdur. Nə vaxt ölkədə demokratik hökumət olarsa, o zaman parlament fəaliyyət göstərər. Indiki halda parlamenti “lazımsız xərclər” siyahısına salmaq lazımdır. Hökumətin kifayət qədər vəkili var, 125 mandat daşıyanı da “hökumət vəkili” etməyə ehtiyac yoxdur. Bu xalqa həqiqi millət vəkili lazımdır ki, problemini müzakirəyə çıxara bilsin./azadlıq/
1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08