Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Əfvlə qisas alan hakimiyyət

Yaxud ölü doğulmuş «humanizm»

Nəhayət, əfv sərəncamı verildi. Bütün dünya Ilham Əliyevin “humanist” siyasətinə bir daha şahid oldu. Əslində, əfv sərəncamına heç bir siyasi məhbusun düşməməsi, ölkəni idarə edən zehniyyətin anti-insani xarakterindən xəbər verir. Deməli, siyasi məhbsualrla bağlı “Işçi Qrup” yaradılıb, “Əfv Komissiyası” adlanan qurum fəaliyyət göstərir və bu qrumların üzvləri cəmiyyətə müxtəlif açıqlamalar verirlər. Bu dəfə də hər tərəfə xəbər yayıldı ki, əfv sərəncamına siyasi məhbusların ən azı bir hissəsi düşəcək. Məsələ o qədər inandırıcı hal almışdı ki, məhbus ailələri də sevincək olmuşdu. Amma növbəti dəfə şər hakimiyyəti xeyir simvollarını azadlığa buraxmadı.

Əslində, bu ehtimal da var idi. Çünki, ölkə hisslərlə, hikkəylə, emosiyalarla idarə olunur. Dövlətin və millətin maraqları heç vaxt önəm daşımayıb. Ona görə də belə ehtimal da var idi ki, Əliyev hökuməti ABŞ-da müzakirəyə çıxarılan qanun layihəsinin acığına, siyasi məhbusları azad etməyəcək. Yəni “bizə sanksiya tətbiq etmək istəyirsiniz, biz də öz vətəndaşımıza zülm edərik” mesajı verirlər. Bəli, bu hakimiyyət həmişə beynəlxalq təzyiqlərin, kəskin tənqidlərin cavabı kimi öz vətəndaşına cəza biçib. Bu mənada Əliyev hakimiyyəti bütün avtoritarlardan fərqlənir və tarixin ən bərbad köşəsinə layiqdir.

Hətta hökumətyönlülər də etiraf edir ki, siyasi məhbusların əfvə düşməməsi ABŞ-dakı səs-küylə bağlıdır. Bir neçə gün öncə MM-in spikeri Oqtay Əsədov da bildirmişdi ki, bizi məcbur edirlər ki, siyasi məhbusları buraxmayaq. Göründüyü kimi, hakimiyyət vətəndaşa tamam yaddır və qətiyyən vətəndaşın taleyini düşünmür. Belə çıxır ki, ABŞ, Avropa Birliyi bu millət, bu ölkə üçün daha böyük dəyərdi. Əgər ABŞ, Avropa siyasi məhbusların azadlığını, şəffaf seçki, söz azadlığı tələb edirsə, deməli, Azərbaycan vətəndaşına yaxşılıq etmək istəyir. Əslində, hakimiyyət vətəndaşa qarşı qisasçılığı gücləndirdikcə, ABŞ-ın avtoriteti ölkədə daha da yüksəlir.

Eyni zamanda sübut olunur ki, bu ölkə bazar təfəkkürlü insanların ixtiyarındadır. Bəs, Azay Quliyev deyirdi ki, prezident heç vaxt siyahıdan ad çıxartmır, əksinə, əlavə edir? Belə çıxır ki, ölkə başçısı siyahıya əcnəbi vətəndaşların adını əlavə edib? Necə olur ki, 6 ay əvvəl cinayət törətmiş adam, övladını satmış qadın azadlığa düşür, amma ölkənin vicdan simvoluna çevrilmiş adamlar həbsdə qalır? Hanı sizin təqdim etdiyiniz siyahı? Niyə prezident bu siyahıya saldığınız siyasi məhbusları azad etmədi?

Yuxarıda qeyd etdik ki, siyasi məhbusların ailələri bu əfvə böyük ümüd bəsləyirdilər. Hətta Pərviz Həşimlinin azyaşlı qızı atasının azad olacağına inandığı üçün yolka qurubmuş. Amma eşidəndə ki, atası azad olunmayıb, bəzədiyi yolkanı söküb.

Unutmayın, siz qırılan qəlblərin qatilisiniz. Sizin bu illər ərzində oğurladığınız milyardlar o uşağın bir damla göz yaşına dəyməz. Həqiqətən də bu ölkə yad qüvvələrin əlindədir. Çünki, heç bir milli hökumət hansısa dövlətə qarşı olan acığını, hikkəsini öz vətəndaşına yönəltməz. Hökumətin sözçüləri də etiraf edir ki, beynəlxalq təzyiq olmasaydı, siyasi məhbuslar buraxılardı. Təkcə bu fakt kifayət edir ki, bu hökumət daş-qalaq olunsun. Çünki, baş verənlər həm də bu insanların şərlənərək həbs olunmasının etirafıdır.

Xülasə, Ilham Əliyev növbəti “şikəst” əfv sərəncamı imzaladı. Bəlkə də siyasi məhbusların əfvə düşməməsində də bir hikmət var. Çünki, onlar əfvə yox, bəraətə layiqdilər. Bəraətə layiq olan adamların bəraətə layiq olmayanlardan əfv alması ədalətsiz olardı.

Tezliklə, haqq-ədalət öz yerini tutacaq. O azyaşlı körpənin göz yaşları acgöz quldurları yandıracaq. Illərlə həbsdə saxalanılan günahsız insanlar bütün dünyada alqışla qarşılanır, böhtançılar isə hər gün qarğışla yad edilir. Pərvizin qızını yolka sökməyə məcbur edənlər, bir gün sökülmüş “şər yolka”sının altında qalacaqlar./azadlıq/
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber