Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

Siyavuş Novruzovdan iki absurd açıqlama

YAP-çı deputat yenə də «gül» vurdu

Hakim partiyanın siması olan Siyavuş Novruzov tez-tez “şedevr” açıqlamalar verir və biz də bu “tapıntı”ları oxuculara çatdırırıq. Əslində, yapçı deputatın fantaziyalarını qəzet səhifələrinə çıxartmamaq da olar. Bu adamın fikirlərini ona görə gündəmə gətiririk ki, xalq hakim partiyanın “potensial”ına şahid olsun.

Beləliklə, Siyavuş Novruzov iki məqama toxunub və hər ikisində “gül” vurub. Birinci məsələ bundan ibarətdir ki, yapçı deputat ölkədə heç bir israfçılığın omadığını və bütün günahların Mərkəzi Bankda olduğunu iddia edib: “Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir. Buna görə də heç bir israfçılığa yol verməmişik. Mərkəzi Bank hər dəfə manatın məzənnəsinin sabit saxlanılması üçün 2 milyard vəsait xərcləndiyini elan edib. Ancaq həmin vəsait vətəndaşların problemlərinin həllinə xərclənə bilərdi. Yəni bütün problemləri Mərkəzi Bank həll etməlidir. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”- deyə Siyavuş Novruzov bildirib.

Bu boyda absurda rast gəlmişdiniz? Ölkənin bütün rayonlarında Heydər muzeyləri, kompleksləri, mərkəzləri tikilib, “Avropa Oyunları” adı altında milyardlar havaya sovrulub, hər il “Gül bayramı”na görə 10 milyonlar Balaxanı zibilliyinə atılır, müxtəlif ölkələrdə 100 milyonluq layihələr həyata keçirilir, yolllar, körpülər 10 dəfə baha qiymətə çəkilir, bir-birini təkrarlayan strukturlar yaradılıb, əksər nazirliklərə yeni binalar tikilib və bütün bunlardan sonra “biz israfçılığa yol verməmişik” söyləyir. Son 10 ildə ölkədən 95 milyard pul çıxarılıb, iri məmurlar milyarderə çevrilib, Azərbaycanın səsi offşorlardan gəlir və Siyavuş Novruzov “neft gəlirlərindən gözəl istifadə etmişik” söyləyir. Ölkədə heç bir real sektor inkişaf etdirilməyib, ölkə idxaldan asılı vəziyyətdədir, 25 milyard xarici borcumuz var və YAP-ın siması bütün məsuliyyəti Mərkəzi Bankın üstünə atır. Bu ölkədə Mərkəzi Bankın heç bir səlahiyyəti olmadığını, bütün tapşırıqların Prezident Aparatından verildiyini pampersli uşaq da bilir.

Amma Siyavuş müəllimin “ixtira”sı bununla da yekunlaşmır. O, ABŞ-la bağlı məsələyə də münasibət bildirib.

Yenə də camaatı aldatmaqla məşğuldular. Sanki, gecə-gündüz ABŞ-ı söyən, Obamanı riyakar, erməni lobbisinin sözçüsü kimi təqdim edən “Səs”, “Azərbaycan”, “Yeni Azərbaycan” qəzetləri deyil. Hansıki, bu qəzetlər birbaşa hökumət mətbəxinə istinad edir, siqnalı aparatdan alır. Üstəlik, telekanallar da bu xətti davam etdirir və dövlətin ən yüksək pilləsində oturanlar antiABŞ təbliğatını davam etdirir. Yəni antiABŞ təbliğatı heç bir halda kimlərinsə özfəaliyyəti ola bilməz. Əgər belə olsaydı, hökumət mətbuatı gecə-gündüz Rusiyanı da topa tutar, Putini ermənipərəst kimi təqdim edərdi. Nəhayət, ABŞ-a, Avropaya qarşı ən kəskin çıxış edənlərdən biri də Siyavuş Novruzovdur. Bəli, Barak Obama Azərbaycan kimi ölkələrin demokratiyaya təhdid olduğunu söyləyəndə də, Con Kerri hökuməti kəskin tənqid edəndə də Siyavuş Novruzov bu adamları ermənipərəstlikdə ittiham etmişdi. Ümumiyyətlə, “erməni” ifadəsi Siyavuş Novruzovun ən sevimli arqumentidir.

Bütün komanda ilə ABŞ-ı söyüb, əllərində olan qəzetlərlə ABŞ əleyhinə kampaniya aparıb, sonra antiABŞ kampaniyasını qınamaq “məharət” tələb edir.

Bir sözlə, yapçı deputat yenə də absurd istehsal edib və “dalay-dalay” mərhələsinə keçib. Belə getsə, Siyavuş Novruzov siyasi məhbus məsləsini də hansısa nazirliyin üstünə atacaq. Onsuz da boş-boş sözlərə görə məsuliyyət tələb olunmur.

Samir
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber