Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2015

“MTN işi”ndə qara “bloknot” müəmması

İlqar Əliyevin yatağından tapılan qeyd dəftərçəsində nə yazılıb?

“MTN işi” ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda deyilir ki, MTN polkovniki Ilqar Əliyevin ölümündən sonra kamerada ona məxsus qara rəngli “bloknot” tapılıb. Bildirilir ki, Kürdəxanı təcridxanasının rəhbərliyi dərhal bu barədə “yuxarılar”a məlumat verib. Bundan sonra MTN-in yeni rəhbərliyindən bir neçə nəfər təcridxanaya gəlib və həmin “bloknot”u götürüblər. Hazırda “bloknot”un istintaq qrupundan olduğu bildirilir. “Bloknot”da nə yazıldığı barədə konkret məlumat yoxdur.

Qeyd edək ki, Ilqar Əliyevin intihar etdiyi bildirilir. Rəsmi məlumata görə, o, saxlanıldığı kamerada mələfə ilə özünü asıb. Ilqar Əliyev Eldar Mahmudovun yaratdığı şəbəkənin ən önəmli fiqurlarından biri olub. Demək olar ki, şəbəkənin əksər cinayətlərində Ilqar Əliyev ən yaxşı halda sifarişçi ilə icraçının arasında vasitəçi rolu oynayıb. Bundan başqa Ilqar Əliyev QHT və media sektorunda, o cümlədən siyasi təsisatlarda agentura şəbəkəsinin kuratoru olduğu deyilir. Ilqar Əliyevin ölümündən sonra onun kamera yoldaşı olduğu bildirilən Manaf Paşayev adlı dustaq da intihar edib. Başqa bir maraqlı fakt isə Ilqar Əliyevin rəisi Elçin Quliyevin məhz onun ölümündən sonra həbs olunmasıdır. Bütün bunlar isə Ilqar Əliyevin ölümü ilə bağlı müxtəlif mülahizələrə səbəb olub.

Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı Ilham Ismayıl “Yeni Müsavat”a bildirib ki, sabiq rəis müavininin ölümü müəmma ilə əhatələnib: “Ilqar Əliyevin ölümünün ardından məhbus Manaf Paşayevin ölümü artıq istintaqın üzərinə kölgə salıb. Deyirlər ki, hər iki şəxs özünü asıb. Soyuq başla düşünəndə, kameradakı pəncərənin hündürlüyü asılmağa imkan vermir. Deməli, adamların özlərini asması mümkün deyil. Üstəlik, Ilqar Əliyev informasiya daşıyıcısı idi. Onun bildiyi informasiyalar təkcə dövlətə aid deyildi, əsasən cinayətlərlə bağlı informasiyalar idi. O, sifarişlər əsasında işləyib”.

Ilham Ismayıl istintaqın şəffaf olmadığına diqqət çəkib: “Onun bu şəkildə ölümündə kifayət qədər ciddi şübhələr var. Bu şübhələrin də əsası ondan ibarətdir ki, Ilqar Əliyev təsadüfi şəxs olmayıb. Böyük bir cinayət dəstəsi olub, onlar elə bir tapşırıqları yerinə yetiriblər ki… Həmin sifarişləri vermiş şəxslər bu gün həbsdə deyillər. Onların həbsdə olması kimlərinsə marağına da uyğun deyil. Görünür, Ilqar Əliyev də, ondan sonra orada dünyasını dəyişən məhbusun özü də kimlərləsə danışıqda, ola bilər ki, müstəntiqə kimlərinsə adını çəkiblər. Deyiblər ki, lazım gəlsə nəyisə açacağıq, deyəcəyik. Və bu sözlər də sahibinə çatıb”.

Ilham Ismayıl deyib ki, Ilqar Əliyevin özünü öldürməsi üçün elə də ciddi əsasları olmayıb: “Ilqar Əliyevə 3 maddə ilə ittiham verilib. Özü də bilirdi ki, onu ən pis halda 7-8 il cəza gözləyir. Yəni onun həyatı qabaqda idi. Belə bir halda onun özünü asması bir qədər şübhəlidir. Ondan qat-qat ağır cinayətlərdə adı hallanan Akif Çovdarov bu gün həbsdədir və sağdır”.

Ilham Ismayıl Ilqar Əliyevin tutduğu posta uyğun olaraq əldə etdiyi informasiyaların onun özü üçün təhlükə mənbəyinə çevrilə biləcəyinə də diqqət çəkib: “Ilqar Əliyev informasiya daşıyıcısı idi, daşıdığı informasiya sıradan informasiya deyildi. Bildiklərini açıqlasaydı, o, çox adamları hədəfə gətirəcəkdi. Bütövlükdə hakimiyyətin elə qanadına toxuna bilərdi ki, gərginlik yaranardı. Belə nəticəyə gəlmək olar ki, nələrisə bildiyinə görə onu aradan götürə bilərdilər. Istənilən halda Ilqar Əliyevin ölümü müəmmalı ölümdür və istintaqında da şəffaflıq yoxdur”./azadlıq/
1451 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33
Heç