Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2015

Uğurlu faciələr

Yaxud Əli Əhmədov zarafat eləyir?

2015-ci ilin son gününü yaşayırıq. Bir neçə saatdan sonra 2016-cı ilə qədəm qoyacağıq. Yəqin ki, 2015-ci il heç bir vətəndaşın yaddaşından silinməyəcək. Çünki, “qoyun ili” ilk növbədə Azərbaycanın onsuz da kövrək olan iqtisadiyyatını mələtdi. Demək olar, bu ilin hər ayında faciəli hadisələrlə üz-üzə qaldıq. 2015-ci il yeganə il oldu ki, rəsmi şəkildə vəziyyətin ağırlığı etiraf olundu. Ölkə başçısı “nefti unudun”, “gələn il asan olmayacaq”, “valyuta ehtiyatlarımız azalıb” mesajını verdi. Bir cümlə ilə ifadə etsək, 2015-ci il “analqosuz inkişaf” təbliğatının nağıl olduğunu sübuta yetirdi və məlum oldu ki, 22 il ərzində yalnız uğurlu talançılıq həyata keçirilib.

Amma baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov belə düşünmür. Əli Əhmədov deyir ki, 2015-ci il Azərbaycan tarixinə ən uğurlu il kimi düşüb. Bəli, hökumətimizin yetirməsi bu ili sosial-iqtisadi, siyasi baxımdan ən uğurlu, ürəkaçan il kimi qiymətlənidirir.

Gəlin, bu “uğurlu” ilin “töhfə”lərini qısaca nəzərdən keçirək.

2015-ci ilin fevralında milli valyuta 34 faiz, dekabrında isə 55 faiz debvalvasiyaya məruz qaldı. Yekun nəticə isə onu deməyə əsas verir ki, 2015-ci il milli valyuta 100 faiz ucuzlaşıb. 2015-ci ildə Binəqədi rayonunda hündürmərtəbəli bina yandı və 15 vətəndaşımızı həlak oldu. Hələ də bu hadisənin əsl günahkarları həbs edilməyib. 2015-ci ildə xarici borcumuz 25 milyarda çatdı. 2015-ci ildə büdcəmiz yarıbayarı azaldı. 2015-ci ildə ölkənin idxaldan asılılığı artdı, ixrac kəskin azaldı. 2015-ci ildə Azərbyacan beynəlxalq reytinq cədvəllərində ən son yerlərdə qərarlaşdı. 2015-ci ildə 79 əsgərimiz həlak oldu. 2015-ci ildə müstəqillik tariximizin ən biabırçı seçkisi keçirildi və beynəlxalq aləm seçki müşahidəçiliyindən imtina etdi. Üstəlik, ölkə ictimaiyyəti də seçkini boykot etdi. 2015-ci ildə dövlətin əsas strukturlarından olan MTN-in cinayət yuvası olduğu təsdiqləndi və milli təhlükəsizliyin təhlükədə olduğu etiraf edildi. 2015-ci ildə xarici siyasət tam iflasa uğradı və Azərbaycan hakimiyyətinə qarşı sanksiya məsələsi gündəmə gəldi. 2015-ci ildə “Günəşli” yatağında yanğın hadisəsi baş verdi və 32 nəfər faciəli şəkildə həlak oldu. Və hələ də həlak olanların cəsədi tapılmayıb. 2015-ci ildə bütün məhsulların qiyməti 30-40 faiz qalxdı və ölkə vətəndaşı daha ağır sınağa çəkildi. 2015-ci ildə əhalinin borclanması sürətləndi və 2.6 milyon vətəndaş bankların girovuna çevrildi. 2015-ci ildə ölkənin bank sektoru etimadını tam itirdi. 2015-ci il həm də intiharlar ili oldu.

Bir sözlə, 2015-ci il bütün mənalarda YAP hakimiyyəti dövrünün ən bərbad ili oldu. Amma bütün bu baş verənlər Əli Əhmədov üçün uğur göstəricisidir. Bəli, 2015-ci ili “uğurlu faciələr ili” adlandırmaq olar. Hətta “analoqsuz tənəzzül ili” də deyə bilərik. Məsələ burasındadır ki, 2015-ci il hökumət üçün də ağır il olub. Manevr imkanları tükənib, neft milyardları azalıb, maskalar cırılıb, cəmiyyətin nifrəti artıb, yalanlar üzə çıxıb və s.

Amma Əli Əhmədov heç bir kompleks keçirmədən 2015-ci ilin gözəlliyindən feyziyab olub. Yeganə arqument kimi də “Avropa oyunları”na istinad edirlər. Hansıki, “Avropa oyunları” həm ölkə iqtisadiyyatına ağır zərbə oldu, həm də Avropa liderləri bu tədbiri boykot etdi.

Deməli, hökumətin 8 milyard pul sildiyi tədbir, 15 nəfərin binada yanmasından, 32 nəfərin dənizdə həlak olmasından, milli valyutanın “koma” vəziyyətinə düşməsindən, əhalinin kütləvi şəkildə yoxsullaşmasından daha önəmli hadisədir.

Bəli, əsas odur ki, başda oturanların cibində inkişaf getsin. Cibi boş olanların başının ağrıması hökuməti maraqlandırmır.

Istənilən halda 2015-ci ili “ən uğurlu il” kimi təqdim etmək, 9 milyon insanı ələ salmaq, insanların hissiylə oynamaqdır.

Bəlkə, Əli Əhmədov zarafat eləyir? Çünki, birinci sinif şagirdi də bu ilin ağırlığını dərk etmək iqtidarındadır. Iqtidardakıların birinci sinif şagirdi qədər düşünə bilməməsi təəccüblüdür.

İlham Hüseyn
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber