Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2016

Daha bir qeyri-rəsmi “nazir”in çöküşü – “Səhiyyə kralı”na qarşı “MTN işi”

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib.

Bu barədə virtualaz-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

Nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.

Generalı Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına çağıraraq gələcəkdə öz vəzifəsində qalmaq üçün ondan “MTN-in ümumi kassasına” hər il 1milyon dollar pul köçürməsini tələb edib. A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuraoru olan nazir müavini ElsevərAğayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib.

A.Məmmədov ərizəsində göstərib ki, E.Ağayev onun sualına sualla cavab verib: “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.

Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər.

***

Qeyd edək ki, Elsevər Ağayevlə bağlı iddialar yeni deyil. Hələ bir müddət öncə arqument.az saytı E.Ağayevin nazirliyi və nazirliyin nəzdində olan qurumları de-fakto nəzarətinə götürdüyünü yazmışdı. Saytın iddiasına görə, faktiki olaraq, özəl klinikaların lisenziya məsələsini Elsevər Ağayev əlində biznes kimi saxlayır və buna görə özəl klinika rəhbərlərinə istədiyi kimi təzyiq edə bilir.

Mənbə bildirir ki, hazırda nazirlikdə olan bəzi şəxslərlə Elsevər Ağayev arasında aptek biznesi uğrunda uzun illər davam edən münaqişə yenidən aktuallaşıb. Hətta nazir Oqtay Şirəliyev belə, hazırda Elsevər Ağayevin qarşısında dayana biləcək gücdə deyil. Belə ki, müavini nazirə qarşı faktiki itaətsizlik nümayiş etdirir, özünü səhiyyə naziri kimi aparır. Onun bütün xəstəxana müdirlərinə, özəl tibb müəssisələrinə və apteklərə “haqq” qoyduğu iddia olunur.

Mənbənin sözlərinə görə, nazir dəfələrlə Elsevər Ağayevlə bağlı müvafiq qurumlara və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Amma hələ də E.Ağayevə qarşı heç bir ciddi tədbir görülməyib.

Bildirilir ki, E.Ağayev Cənubi Qafqazda ən böyük dərman deposuna sahib olan “Avromed” dərman şirkətini himayə edir (şirkətin faktiki idarəçiliyi deputat Cavanşir Feyziyevin əlindədir). Bununla yanaşı, E.Ağayevin birbaşa nəzarətində olan nəhəng aptek şəbəkəsi var. Səhiyyə naziri Oqtay Şirəliyev isə faktiki olaraq dərman biznesindən kənarda qalıb. Bu səbəbdən də O.Şirəliyev antikorrupsiya kampaniyasının növbəti dalğasında müavini ilə olan problemi tam çözmək, ondan qurtulmaq qərarına gəlib.

Hazırda ölkədə olan dərman biznesinin məhz E.Ağayevin nəzarətində olduğunu iddia edən mənbə bildirir ki, ölkə başçısı İlham Əliyevin ötən müşavirələrdə dərman monopoliyası ilə bağlı səsləndirdiyi fikirlər və tədbirlərin görülməsi ilə bağlı verdiyi tapşırıqlar seçikdən sonra gerçəkləşə, bu da Elsevər Ağayevin vəzifəsini və biznesini itirməsi ilə nəticələnə bilər.

Arqument.Az-a daxil olan məlumatda vurğulanır ki, ölkədə dərman bazarındakı qanunsuzluq və özbaşınalıq, monopoliyanın dözülməz həddə olması, həmçinin qiymətlərin süni olaraq bahalaşdırılması əsas problemlərdən birinə çevrilib. Bununla bağlı nazirə müvafiq göstəriş də verilib. Ona görə də, yaxın günlərdə nazirin müavinin hərəkətləri ilə bağlı ölkə prezidentinə məruzə edəcəyi gözlənilir.

Bundan başqa, nazirliklə bağlı səsləndirilən iddialardan biri də tenderlərlə bağlıdır ki, Səhiyyə Nazirliyi rayon İcra Hakimiyyətlərinin komptensiyasında olan tenderləri onların əlindən alıb. Məlumata görə, bu ilin yanvar ayından etibarən yerli xəstəxanalar üçün nəzərdə tutulan vəsaitlərin və ləvazimatların alınmasını birbaşa nazirlik özü həyata keçirəcək. Belə ki, əvvəllər rayon İcra Hakimiyyətləri xəstəxanalar üçün tenderləri özləri keçirir və şirkətləri də özləri müəyyən edirdilər. Lakin bu ilin yanvarından etibarən həmin proses birbaşa Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib. Daha doğrusu, nazirlik hər il ayrılan milyonlarla manat vəsaitə nəzarəti əlində cəmləşdirib.

İddia olunur ki, bütün bunların arxasında məhz Elsevər Ağayev dayanır. Yəni belə bir addımın atılması təkcə milyonlarla manata nəzarəti həyata keçirmək yox, həm də səhiyyə nazirinin müavinlərinin pul qazanması üçün şəraitin yaradılmasına hesablanıb. Yeni qaydalara görə isə sarğı ləvazimatlarından tutmuş, inventara qədər hər şeyi səhiiyyə nazirinin müavini Elsevər Ağayevin yaxınlarına məxsus şirkətlər həyata keçirəcək. Yəni yeni yaradılmış şirkətlər tenderləri «udaraq», prosesi reallaşdıracaqlar.

Qeyd edək ki, hər il xəstəxanaların dərman pereparatlarının, sarğı və digər ləvazimatların, habelə inventarların alınması üçün büdcədən on milyonlarla manat pul ayrılırdı. Həmçinin tibb ocaqlarının təmir edilməsi və ya tikilməsi prosesi üçün də milyonlarla manat pulun ayrıldığı rəsmi rəqəmlərdən də məlumdur. Bundan sonra isə prosesi bütünlüklə Elsevər Ağayevin şirkətləri həyata keçirəcək.

Onu da qeyd edək ki, nazir müavini həmçinin dərman sektorundakı önəmli şirkətlərdən də bir neçəsinə nəzarət edir. Eyni zamanda, nazir müavininin adı tikinti sektorunda da çəkilir. Bütün bunlar isə nazir müvini ilə bağlı ciddi araşdırmalara səbəb olub və bu, yaxın zamanlarda iqtidarın daha bir oliqarxla vidalaşacağını, nazir müavini ilə bağlı “düyün”ü çözəcəyini qaçılmaz edib.

Nazir müavinin adının gündəmə gəlməsi isə təsadüfi deyil. Xatırladaq ki, ötən illərdə sabiq təhsil naziri Misir Mərdanovla müavinləri arasında yaşananlar da bu tip hadisələrdən idi. Həmin ərəfədə yayılan informasiyalarda vurğulanırdı ki, nazir prezidentə müraciət edərək müavinlərinin ona itaətsizlik göstərdiyini bildirib. Bu müraciət isə nazir müavinlərinin vəzifəsini itirməsi ilə nəticələnmişdi.
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber