Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

“MTN işi” XİN-ə də sıçradı – Pakistandakı səfirin geri çağırılmasının sirri

“MTN işi” bir çox dövlət qurumları ilə yanaşı diplomatik korpusa da sıçrayıb. Oktyabrın 17-də Eldar Mahmudov nazir vəzifəsindən çıxarılandan sonra aydın oldu ki, əksər dövlət qurumlarında onunla bu və ya digər formada ilişkiləri olan vəzifəlilər var. E.Mahmudov tutduğu postdan qovulandan sonra onun  Xarici İşlər Nazirliyində də geniş “kadr bazası” olduğu haqda məlumatlar yayılmışdı. 
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da bu məlumatları dolayısı ilə təsdiqləyən açıqlama vermişdi. Bildirmişdi ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra səfirliklərdə çalışan MTN əməkdaşlarının bir qismi vətənə dönməyəcək. “Yeni Müsavat”a daxil olan son məlumata görə, bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə geri çağırılan səfirlər sırasında da E.Mahmudovla ilişkilərə malik diplomatlar olub. Yada salaq ki, dövlət başçısının imzaladığı sərəncamlarla Pakistan, Küveyt, Bolqarıstan, İtaliya və Misirdəki səfirlərimiz  – sıralama üzrə Daşqın Məzi oğlu Şikarov, Tural Anar oğlu Rzayev, Emil Zülfüqar oğlu Kərimov, Vaqif İsmayıl oğlu Sadıqov və  Şahin Şakir oğlu Abdullayev vəzifələrindən geri çağırılıblar.


Aldığımız məlumatda deyilir ki, Pakistandan geri çağırılan Daşqın Şikarovla Eldar Mahmudovun əlaqələri olub. Bu əlaqələr özünü təcridxanada asan polkovnik İlqar Əliyev vasitəsilə həyata keçirilib. Belə məlumat var ki, 2015-ci ilin əvvəlində İ.Əliyev ailəsi ilə birgə Pakistanda səfirin qonağı olub. İ.Əliyevin səfirlə etdiyi söhbətlərin mövzusu bəlli deyil. Geri çağırılan D.Şikarovun Azərbaycana qayıdandan sonra “MTN işi” üzrə araşdırma aparan istintaqçıların suallarını cavablandırmaq zorunda qalacağı haqda da məlumat var.
İlqar Əliyevin müəmmalı intiharı: kamera yoldaşı da göyçaylı imiş
Bakı Şəhər Prokurorluğu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin müəmmalı ölüm işi üzrə araşdırmaların ilkin nəticələri haqda açıqlama yaymağa tələsmir.


Ortada isə polkovnik İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında (BİT) özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar var. Məsələn, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları və digər suallar ortadadır. İlqar Əliyev MTN-də sıradan bir işçi olmayıb. Onun adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda, qanunsuz dinləmələrdə, qanunsuz gizli çəkilişlərdə hallanıb. Sahibkarlara qarşı etdiyi qanunsuzluqlar haqda isə saysız-hesabsız məlumatlar var.
Belə bir şəxsin həbsdəykən özünü asması çox ciddi suallar yaradır. Ona ölmək üçün “kömək”lik olunduğu iddiaları da səslənir. Ən maraqlısı odur ki, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra – 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olundu. Rəsmi məlumatda onun da özünü asdığı deyilirdi. M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İ.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.
“Yeni Müsavat”a daxil olan son məlumata görə, Manaf Paşayev İlqar Əliyevin yerlisi olub.  Onların ümumi tanışlarının olduğu haqda da məlumatlar var. 8 dəfə həbsdə olmuş M.Paşayevin ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hər iki məhbusun ölümü CM-in 125-ci  – özünü öldürmə həddinə çatdırma maddəsi üzrə araşdırlır – lakin 2 eyni motivli işlər olsa da, araşdıran qurumlar fərqlidir.

 
Ölümlərin baş verdiyi məkan eynidir, qanun qarşısında məhbus İlqar Əliyevlə məhbus Manaf Paşayev eyni statusdadırlar, amma birincinin ölümünün səbəbini Bakı, ikincinin isə Sabunçu prokurorluqları araşdırır. Niyəsini isə bilən yoxdur!  
Yada salaq ki, İlqar Əliyevin ölümündən sonra doğulduğu Göyçayın Çərəkə kəndində dəfn ediləcəyi xəbəri yayılmışdı. Sonradan isə onu Bakıdakı “Qurd qapısı” deyilən ərazidəki qəbiristanlıqda dəfn etdilər. Manaf Paşayevin isə Göyçayda dəfn edilməsi xəbəri var.
Qeyd edək ki, İ.Əliyev ötən il dekabrın 20-də saat 15:55 radələrində Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında müəmmalı şəkildə ölüb. Rəsmi məlumata görə, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat vermiş və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalmışdır. Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilmişdir. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılır./Musavat/
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber