Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

“Xarici İşlər Nazirliyində böhran yetişib”

Keçmiş nazir Tofiq Zülfüqarov XIN-də baş verənlərə görə kimi ittiham edir?

Azərbaycanın keçmiş xarici işlər naziri, bu yaxınlarda isə Latviyada səfir postundan geri çağırılan Tofiq Zülfüqarov uzun illər davam edən sükutu pozub. Sabiq nazir “virtualaz.org”a müsahibəsində səfir postundan geri çağırılmasından tutmuş, Dağlıq Qarabağla danışıqları ilə bağlı gizlinlərə qədər bir sıra mühüm məsələlərə toxunub. Ən çox diqqət çəkən isə Tofiq Zülfüqarovun Xarici Işlər Nazirliyi strukturunda baş verənlər barədə dedikləri olub. O, bu nazirlikdə böhran yaşandığını bildirib.

Tofiq Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son 10 ildə aparılan danışıqlar haqda cəmiyyətə çox az informasiya verildiyini bildirib: “Təəssüf ki, danışıqlar barədə informasiyalar çox məhduddur. Və mənə elə gəlir ki, ictimaiyyət hansısa nüanslar barədə daha çox bilsə, yaxşı olar. Təsəvvür edin ki, mən danışıqlar barədə informasiyanı öz Xarici Işlər Nazirliyimizdən deyil, hansısa qərb diplomatlarından alırdım.

Rəsmi qəzetlərdə yayılan informasiyalardan başqa heç nə deyilmir. Mən hesab edirəm ki, bu, düzgün deyil”.

Qərb diplomatlarından əldə etdiyi informasiyalara əsaslanan Tofiq Zülfüqarov deyir ki, Madrid prinsiplərinin irəli sürülməsindən sonra danışıqlarda heç nə baş vermir. Onun fikrincə, indiki situasiyada prezidentlərin görüşü də heç bir nəticə verə bilməz.

Zülfüqarov səfir postundan geri çağırılması barədə danışarkən deyib ki, müddət başa çatıb: “Bizdə onsuz da müddətdən artıq qalıb işləyirlər. Dünyada çox nadir halda olar ki, səfir bir ölkədə 5 ildən artıq işləsin”.

Sabiq nazir ason vaxtlar azərbaycanlı diplomatların, səfirlərin bir-birinin ardınca istefa verməsi, müxalifətə keçməsi barədə sualı da cavablandırıb: “Bizim Xarici Işlər Nazirliyindəki problemlər adi gözlə də görünür. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq hansısa addımlar atılır. Hərçənd ki, nəticələr haqda danışmaq tezdir.

Başa düşmək lazımdır ki, Xarici Işlər Nazirliyinin avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. Xarici Işlər Nazirliyindəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. Əgər Xarici Işlər Nazirliyi haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm”./azadlıq/
1311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23