Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Yelləncək fırlanır, manatlar “uçur”

10 kilo alma = 2 dəqiqəlik yelləncək

68 yaşlı qubalı baba Vəlixan Kərimov 6 yaşlı nəvəsi üçün bulvardakı attraksionlardan birinə 2 manata bilet alır. Iki dəqiqə tamam olur. Nəvə yelləncəkdən düşür. Baba “nə tez qurtardı, a bala, heç bir dəqiqə çəkmədi ki” deyə təəccüblənir. Uşaq isə babasını başqa attraksionlara tərəf dartır. “Bu yelləncəyə 2 manat verdim, 2 dəqiqə fırlandı. Mən bu 2 manatı 10 kilo alma satıb qazanmışdım. Ildə bir dəfə gəlirəm, uşağı gəzməyə çıxarım. Gücüm ancaq buna çatır”.

Vəlixan Kərimov deyir ki, bu mövsüm qapısından bağının almalarını kilosu 20 qəpikdən zorla sata bilib. Indi 2 dəqiqəyə 2 manat xərcləməsi babanı heyrətləndirmişdi.

Bakı bulvarında, elə şəhərin müxtəlif əyləncə mərkəzlərindəki attraksionların ən ucuzunun qiyməti 2 manatdır. 3-5 manata olanlar da var. Uşaqlarını gəzməyə çıxaranlar iki dəqiqəlik əyləncə üçün bu qiymətin çox baha olduğunu deyir:

– Çox bahadır. Iki uşağı ən ucuz karuselə mindirirsən, 4 manat eləyir. Ikisinə mindirəndə 8 manata çıxır. Nə deyək vallah, Allah insaf versin.

– Mən 3 uşağımı gətirmişəm. Heç olmasa, ikisinə minməlidirlər. Uşaqdır, başa düşmür. Ancaq valideyn çətin vəziyyətdə qalır.

– Bahadır, çox bahadır. Uşaqlarımı bir saatdır gəzdirirəm, 20 manat xərcləmişəm. Gərək tez gedək evə, yoxsa, bu ay başqalarından borc almalı olacağıq.

Uşaqlarını adi günlərdə attraksionlarda əyləndirə bilməyən valideynlər isə Bakı Bulvar Idarəsinin bayramqabağı keçirdiyi pulsuz əyləncə aksiyalarını səbirsizliklə gözləyir. Həmin gün səhər tezdən bulvardakı attraksionların qarşısında iynə atsan, yerə düşməz. Pulsuz əylənmək istəyi basabas, uşaqların çığırtısı, bir-birini itələmə, valideynlərin qışqırtısı hesabına başa gəlir. Iradə Vəliyeva oğlunu iki attraksiona mindirə bilmişdi:

“Hamı bir-birini itələyir. Pulsuz olduğuna görə hamı daha çox yararlanmaq istəyir. 3 saatda cəmi iki karuselə minə bildi. Şəxsən mənim adi gündə iki karuselə 4 manat ödəməyə pulum yoxdu. Belə baxanda, mahiyyəti o pula dəymir. Əslində 50 qəpiklik, uzağı 1 manatlıq karusellərdir. Bir az ucuzlaşsa, pulsuz olan günlər camaat da bu qədər əziyyət çəkməz”.

Bakı Bulvar Idarəsindən bidirdilər ki, idarənin burdakı qiymətlər ucuzlaşdırma, bahalaşdırma səlahiyyəti yoxdur:

“Bazar iqtisadiyyatıdır, qiymətləri də bazar tənzimləyir. Bulvar Idarəsinin qiymətlərə heç bir aidiyyatı yoxdur. Idarə ancaq ərazidəki qiymətlərin süni artırılıb-azaldılmasına müdaxilə etmək səlahiyyətindədir”.

Iqtisadçı Məhəmməd Talıblı isə deyir ki, bazar iqtisadiyyatında bütün xidmətlərin qarşılığı ölkə əhalisinin alıcılıq qabiliyyətinə uyğun olmalıdır:

“Bazar iqtisadiyyatında bütün xidmətlərin qarşılığı mütləq olmalıdır. Ancaq bu qarşlıqlar həm həmin ölkədəki alıcılıq qabiliyyətinə, həm də həmin xidmətin real dəyərinə uyğun olmalıdır.Kəndli də öz məhsulun daha yaxşı qiymətə satmalıdır, şəhərdəki xidmətlər də onun qiymətinə adekvat olmalıdır. Bulvardakı attraksionlara, əyləncələrə elektrik istifadə olunur, başqa vacib xərclər var. Ancaq yenə də real bazar qiyməti deyil. Fantastik qiymətlərdir. Bulvar Idarəsi ordakı qiymətlərə müəyyən qədər təsir edə bilər”.

Nəvəsi isə Vəlixan Kərimovu gah bu, gah o biri attraksiona dartırdı. Baba da zarafatla deyirdi ki, deyəsən, bağının bütün qazancını burda xərcləyəcək./azadlıq/
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28