Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Manatı da erməni lobbisi ucuzlaşdırıb?

Yarıtmaz iqtisadi siyasəti kimin üstünə atacaqsınız?

Artıq elə bir mərhələ çatıb ki, hakimiyyət uzun illər ərzində apardığı təbliğatın yalan olduğunu etiraf edir. Daha doğrusu etiraf etmək məcburiyyətində qalıb. Axı, milli valyutanın 10 ay ərzində 100 faiz dəyərdən düşdüyünü necə danmaq olar? Bəli, rəsmi şəkildə etiraf edirlər ki, manat dünyada ən çox dəyər itirmiş valyutadır. Manat dünyanın ən kövrək, ən zəif, ən dayanqısız puludur. Məhz buna görə də manat dünyanın ən pis valyutası seçildi.

Məsələ burasındadır ki, YAP hakimiyyətindən uzun illərdi siyasi islahatlar tələb olunur. Amma hakimiyyət hər dəfə bu tələbləri erməni lobbisinin təzyiqi kimi təqdim edir. Hər dəfə siyasi məhbus məsələsi gündəmə gələndə, seçki saxtakarlığı beynəlxalq səviyyədə təsdiqlənəndə, ölkədə korrupsiyanın, inhisarçılığın, söz azadlığına basqının olduğu bildiriləndə, hakimiyyət “bizə qarşı qərəz var”, “ermənipərəst qüvvələr iş başındadır”, “Azərbaycana qarşı ikili standartlar hökm sürür” kimi arqumentlərlə silahlanır. Hətta ABŞ-da müzakirəyə çıxarılmış qanun layihəsini də ermənipərəst senatorların fəaliyyəti kimi təbliğ etdilər. Amma yenə də bu arqumentlər əridi və məlum oldu ki, qanun layihəsi hansısa senatorun özfəaliyyəti deyil.

Demək istəyirik ki, hakimiyyət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək, avtoritar idarəçiliyi davam etdirmək üçün həmişə “erməni” amilinin arxasında gizlənib.

Amma bu dəfə tamam başqa situasiyadır və ortaya haqlı bir sual çıxır. Bəs, bütün rıçaqları hakimiyyətin əlində olan iqtisadi sahə niyə tənəzzül etdi? Bəlkə, manatın 100 faiz dəyər itirməsini də erməni lobbisi təşkil edib? Bəlkə, ölkədə qiymətlərin kəskin bahalaşmasını da Avropa, ABŞ həyata keçirir?

Təbii ki, bu məsələni erməni lobbisinin üstünə atmaq mümkün deyil. Əgər bunu da erməni lobbisi ilə əlaqələndirsələr, belə çıxacaq ki, hakimiyyət ermənilərin diktəsiylə hərəkət edir.

Reallıq budur ki, bu gün bütün dünyada məhsulların qiyməti enir və heç bir valyuta ciddi dəyər itirməyib. Hətta heç bir sərvəti olmayan Ermənistanın milli valyutası cəmi 1.9 faiz ucuzlaşdı və bu ölkədə orta aylıq əmək haqqı 385 dollardı.

Göründüyü kimi bu gün ölkəmizin üzləşdiyi böhran təbii fəlakət deyil. Əgər milyardlar ölkədən oğurlanmasaydı, iqtisadiyyatın bütün sahələri inhisara alınmasaydı, manatın süni şəkildə şişirdilməsi üçün rezervlər xərclənməsəydi, qeyri-neft sektoru inkişaf etdirilsəydi, neftin qiymətdən düşməsi ölkəyə ciddi təsir göstərməzdi. Bu gün qonşu Gürcüstan bütün parametrlər üzrə Azərbaycandan öndədir. Amma yerlatı-yerüstü sərvətlərlə zəngin olan Azərbaycan böhranın mərkəzinə düşüb, oyuncaq büdcəyə malikdir, 25 milyard xarici borc yığılıb, milli valyuta buxarlanıb və.s

Yuxarıda qeyd etdiyimiz kimi siyasi baxımdan ölkəni fəlakətə yuvarlamağı erməni lobbisinin üstünə atmaq mümkün olsa da, iqtisadi tənəzzülü eyni arqumentlə əsaslandırmaq mümkün deyil.

Bəli, bir daha aydın olur ki, ölkənin bu qədər çılpaq vəziyyətə düşməsi, məhz hakimiyyətin acgöz siyasətinin nəticəsidir. Hətta əhalinin ağır vəziyyətində də qiymət artımının qarşısı alınmır. Ölkə başçısı müəyyən vədlər versə də dərman preparatlarından tutmuş, çörəyə qədər bütün məhsulların qiyməti artıb və artmaqda davam edir. Qiymət artıran şirkətlərin kimlərə məxsus olduğu, monopoliyanın başında kimlərin dayandığı da məlumdur. Dəqiq deyə bilərik ki, bu nə ABŞ prezidenti, nə Avropa Birliyinin komissarları, nə də erməni lobbisidir.

Fakt budur ki, ölkədə corab istehsal edən fabrik də yoxdur, adi diş çöpünü də Çindən gətiririk və ölkə tamamən idxaldan asılı vəziyyətdədir.

Indi “inkişaf nəğmələri” oxuyan hökumət sözçüləri bizə izahat versinlər. Təbii ki, bu məsələdə “erməni lobbisi”, “sendviç”, “paxıllıq” nəğmələri keçərli olmayacaq. Bu faktların qarşısında yalnız “yarıtmaz siyasətimizlə ölkəni dalana dirədik” söyləmək mümkündür. Bəli, devalvasiya sunamisi hökumətin “erməni” qalasını da dağıtdı və hər şey gün kimi aydınlaşdı.

İlham
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27