Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Prezidentin boğazı niyə qurudu?

“Facebook”da bir funksiya var: “Tarixdə bu gün”. Bu funksiya ilə zaman maşınını geri sürüb, məsələn, keçən il, ondan əvvəlki il əhvalın necə olub, nə yazmısan, nə düşünmüsən – bunları bilmək olur.

Bayramların çulğalaşdığı 31 dekabrda həmin funksiyanı tam istismar elədim. Lap axıra qədər – “facebook”a qoşulduğum 2008-ci ilədək getdim. Gördüm ki, il təhvil olandan bir dənə də əsl bayram ovqatında nəsə yazmamışam. Protokol xatirinə, dilxoşluğu üçün nələrsə qaralamışam.

Hahaq yerə o fikrə də düşməyin ki, yəqin, müəllif qaramat adamdı, onun gözü müsbət şeyləri görmür, ona görə də o bayramda da bədbinlik içində olub və s. Qətiyyən bu hal bəndeyi-həqirinizin temperamenti ilə bağlı məsələ deyil. Əksinə, bəzi müşahidəçilərə görə, mən aşırı optimizmdən əziyyət çəkənlərdənəm. Axı bir şey də var, zaman maşını tək mənim ovqatımı göstərmir, orada başqalarının da yazdıqları üzə çıxır və onları da incələyəndə kədərin necə bol, sevincin necə qıt olduğu bilinir.

Bu vəziyyətdə nə bayram?!

Heç bu funksiya olmasa belə, özünüz bir təcrübə apara bilərsiniz. Bu ili çıxmaq şərtilə, götürün geridə qalan Əliyevli illərin “Yeni il” gecələrini. Hansı il üçün qəribsəyəcəksiniz? Hansı ilimiz yaxşı keçib ki, biz dərindən köks ötürüb, “ah, kaş o il bir də olaydı” deyək?

Odur ki, zənnimcə, xüsusi bir şey kəşf eləməmişəm, uzun illərdir bizim ellərdən bayram-əhval ruhiyyəsi gen düşüb, əsl sevinc, xoşbəxtlik bizə yadlaşıb. Hə, ola bilsin ki, keçən günlərdə qarınların toxluğu az-maz təmin olunub, könüllər isə yoxsul qalıb, bu şəksizdir.

Hər ili biz torpaqlarımızın bir qismi işğal altında qala-qala başa vurmuşuqsa, əsirlikdə soydaşlarımız olduğu halda ili təhvil vermişiksə, hər ilin sonunda gözümüz əfv sərəncamına dikilibsə və arzumuz da yeganə günahı xalqın dərdinə yanan insanlarınızın türmədən buraxılması olubsa… bu vəziyyətdə nə bayram?!

Hələ mən məişət problemlərini belinə ağır yük kimi şələləyib təzə ilə adlayanlarımızın keçirdiyi hissləri demirəm… Bütün bu səbəblərə görə də adətən il təhvil olanda, ümumən bayramlardan Vaqifin o məşhur misrası yada düşürdü:

“Bayram oldu, heç bilmirəm neyləyim…”

Bu məzmunda statuslar bayram günlərində çox populyarlaşardı, bu dəfə isə olmadı. Niyə? Ona görə ki, “bayram oldu, heç bilmirəm neyləyim” fəryadında bayramı qeyd eləmək istəyi var, adam bu xoş günü onun adına, sanbalına uyğun keçirmək üçün əlac axtarır. Ancaq bu il devalvasiya camaatımızı elə vurdu ki, bayram ümumiyyətlə, yaddan çıxdı.

Yanıla bilərəm, üzrlü sayın, sizlərdən çox uzaqdayam. Yazdıqlarım ancaq internet müşahidələrimə və əlaqədə olduğum dost-tanışdan topladığım təəssüratlara əsaslanır. Təki yanılaydım. Amma biləsiniz ki, kənardan ölkəmiz dərin bir kədərə bürünmüş formada göründü.

Dənizkənarı parkdakı atəşfəşanlıqda canfəşanlıq edənləri də gördüm, onu yadıma salacaqsınızsa, elə özüm deyim. Diqqət elədim, onların əksəriyyəti yeniyetmələr idi. Bu elə bir yaş dövrüdür ki, yaşın özü bir bayramdı. O təbəqənin çoxu nəyin nə olduğunu hələ bilmir, heç bilmək də istəmir. Amma bir yoldaşımızın dəqiq ifadə elədiyi kimi, mən də əminəm, atəşfəşanlıqdan sonra evə dönmək üçün taksiyə verməyə ciblərində 5 manat olmayan o adamlar 20 qəpiklik avtobusda yer tapmaq üçün xeyli əziyyət çəkiblər, hətta təpikləşiblər də. Evdə, soyuducuda, evin kandarına qoyulan bank borcu, işıq pulu-qaz pulu çekləri isə həmin adamlara daha sanballı və tərbiyəvi təpik olacaq. Ona görə də gərək biz vətəndaşlarımızın həmin qismindən çox da nigaran və küskün olmayaq. Onlarla həyat adlı əzazil və intizamlı müəllim özü məşğul olacaq və olmaqdadır.

Qibleyi-aləmin qəzəbi

Bəli, indi biz çox çətin yerlərə gəlib çıxmışıq. Vəziyyət hədsiz dərəcədə çətindir. Fikir verdinizsə, “zor durum”, hətta həmişə optimist çıxışları və çöhrəsi ilə fərqlənən qibleyi-aləmin də bayram təbrikində duyuldu. Qibleyi-aləm bayram axşamı tele-təbrikində 2-3 dəfə udqundu, 4-5 dəfə də öskürək onu boğdu. İnsanlıq halıdır, bu, sıradan bir naxoşluq ola bilər. Amma bir halda ki, bu çıxış canlı deyil, niyə onu təkrar çəkiliş edib normal qaydada efirə verməyiblər? Sizin bu suala cavabınız nədir?

Məncə dövlət başçısı hamımızdan çox əsəbidir. Narahatdır. Gələcəkdən bədgümandır. Çox güman, təbrik çıxışını o qədər əsəbi və gərgin mühitdə eləyib ki, deffektlərin fərqində olmayıb, kənardakılar da qorxularından təkrar çəkilişi ona tövsiyə edə bilməyib. Elə bilirsiz qəzəbli şaha söz demək asan məsələdi? Tarix bu hərəkətin necə baha başa gəlməsi haqda bizə kədərli xatirələr qoyub. Yazırlar ki, İran şahı Nəsrəddinə İngiltərədən gələn hansısa ultimatum barədə xəbər vermək lazım imiş. Şah bikef olduğundan, heç kim buna hünər eləmirmiş. Vəzir-vəkil Nəsrəddin şahın sevimli təlxəyini işə qoşurlar ki, şahın eyni açılsın, onlar da növbəti addımı atsınlar. Amma təlxəyin gəlib şahı özünəməxsus qaydada salamlamağı ilə şahın qışqırması bir olur: “Cəllad!”

Əminəm, bizim saray təlxəkləri boğazı üzülən qardaşlarından yaxşı dərs çıxarıb, ona görə də təzə çəkilişə ehtiyac qalmayıb. O da ola bilər ki, əlahəzrət çıxışının deffektli olduğunun fərqində olub, amma hövsələsi imkan verməyib yeni çəkilişə. Deyib ki, mən nə hayda, siz nə hayda…

Bu, çox xırda detaldı, amma inanın ki, çox əhəmiyyətlidir. Hər halda, dünya hələ heç bir “idmançı prezident”in öskürə-öskürə verdiyi təbriki görməmişdi.

Əvvəllər belə söz vardı, “ABŞ asqıranda dünya qrip olub”. Bu məsəli özümüzə şamil edəndə camaatımız barədə çox bədgümanlığa qapılmalıyıq. Prezident xəstələnibsə, biz artıq hardasa, morq tərəfdə gicəllənirik.

Xülasə, oradan bir “ana segahı” verin, dərdimiz təzələndi…

Natiq Güləhmədoğlu/azadlıq
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17