Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Eldar Mahmudovun kölgədə qalan “tətikçiləri”...

İş adamlarına qənim kəsilən sabiq nazirin köməkçisi və əmisi oğlu Vüqar Mahmudov, şöbə rəisi Rafiq Səfərov haqda ilginc iddialar; “Zaur Əzimovdan 200 min, ”Ağsarayın" sahibindən 50 min aldılar..."
Ləğv edilmiş MTN-in sabiq rəhbərliyinin xeyli sahibkarın mal-mülkünün əlindən alınması ilə bağlı yeni faktlar ortaya çıxıb. Daha bir neçə sahibkarın yağmalanması ilə əlaqədar redaksiyamıza müraciət edilib.

“Qaçaqmalçılıq” iddiası ilə “hesaba” oturdulan iş adamı Zaur Əzimovun yaxınları ölkə başçısı İlham Əliyevdən və DTX rəisi Mədət Quliyevdən kömək istəyirlər.

Müraciətdə yazılır: “Eldar Mahmudovun ətrafında birləşən, sahibkarları soyan daha bir vəzifəli şəxs - ləğv olunmuş MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsini icra edən Rafiq Səfərovun qanunsuz hərəkətləri haqqında məlumat vermək istəyirəm. Qeyd etmək istərdik ki, Rafiq Səfərov MTN adından istifadə edib sahibkarların pul-paralarını, mal-mülklərini əllərindən alıb və əfsuslar olsun ki, törətdiyi əməllərə görə cəzalanmayıb. MTN adından sui-istifadə edib vətəndaşları talayan MTN Binəqədi rayon şöbəsinin rəisi vəzifəsini icra edən Rafiq Səfərovun ”sağ əli" - müavini Heydər İslamov və bölmə rəisi Nicat Orucov olublar. Eldar Mahmudovun soyğunçu dəstəsinin kölgədə qalan üzvlərindən olan Rafiq Səfərov keçmiş nazirə yaxınlığı ilə tanınırdı. Rafiq Səfərov hələ nazirlikdə sıravi işçi olduğu vaxtlardan Eldar Mahmudovun yaxın qohumu, əmisi oğlu və köməkçisi Vüqar Mahmudov vasitəsilə həyata keçirilən çirkin əməllərə cəlb olunmuşdu və verilən “əməliyyat” tapşırıqlarını can-başla yerinə yetirirdi. Buna görə o, əvvəlcə MTN Xətai rayon şöbəsinə rəis müavini, daha sonra isə MTN Xəzər rayonu və MTN Binəqədi rayon şöbələrinə rəis təyin olunub. Xəzər rayonunda işlədiyi müddət ərzində Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin bölmə rəisi Heydər İslamovla “möhtəşəm cütlük” halında sayı-hesabı olmayan qanunsuz əməllərə imza atıblar. Rafiq Səfərov Vüqar Mahmudovun köməkliyi ilə MTN monitorinq mərkəzinin işçisi Anar adlı şəxslə iş adamlarının və vəzifəli şəxslərin telefon danışıqlarına qulaq asaraq daha sonra onları şantaj ediblər.

Belə ki, MTN Xəzər rayon şöbəsinin rəisi vəzifəsini icra etdiyi zaman Xəzər Rayon İcra Hakimiyyətinin 7-8 qəsəbə nümayəndələrinə, bələdiyyə sədrlərinə İrana casusluqda və “Hizbullah”ı maliyyələşdirməkdə ittiham edəcəyi ilə hədə-qorxu gələrək, Rafiq Səfərov və Heydər İslamov yaxınlarının və özlərinin adına xeyli torpaq sənədləşdiriblər. Bu barədə Prezident Administrasiyasına yazılı məruzə edilib, həmin müraciət araşdırılması üçün Xəzər Rayon İcra Hakimiyyəti başçısına göndərilib. Lakin 1995-ci ildən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Gülağa İslamov bu məlumatın “əsassız, şişirdilmiş və böhtan xarakterli olduğunu” deyib. Amma bundan sonra Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin rəisi vəzifəsinə təsdiq olunmur, oradan MTN Xətai şöbəsinə rəis vəzifəsinin icraçısı kimi göndərilir.

O, Heydər İslamovun vasitəsilə Xəzər rayonu ərazində yaşayan Şuşa şəhərindən olan məcburi köçkünlərə aid torpaq sahələrini də hədə-qorxu ilə mənimsəyib. Rafiq Səfərov Heydər İslamovla birlikdə Xəzər rayonunda 8-10 milyon manat dəyərində olan torpaq sahələrini ələ keçiriblər. Səfərov-İslamov cütlüyünün qanunsuz əməlləri barəsində həmçinin ötən ay vəkil Ramiz Zeynalov da bəhs etmişdi... Əlavə edim ki, Xəzər rayonunda “Mayak” adlanan ərazidə R.Səfərov və Heydər Aslanovun hektarlarla torpaq sahələri var. Eyni zamanda Xəzər rayonunda dəniz kənarında ikisinin şərikli işlətdikləri restoranlar var: “Xan Çinar” restoranı, “Əncirlik” kafe-mağaza və avtomobilyuma məntəqəsi, “Embawood” şirkətinə ayda 7000 min manata icarəyə verdikləri 3 qatlı bina da mənimsədikləri mülklər sırasındadır. Həmin obyektlərin fotolarını da təqdim edirik".

Müraciətdə deyilir ki, Rafiq Səfərov-Heydər İslamov cütlüyünün qanunsuz əməlləri səbəbindən xeyli iş adamının həyatı qaralıb: “Onlar sahibkarların qazandığı pulları hədə-qorxu gəlməklə, şantajla əllərindən alıblar. Rafiq Səfərov və Heydər İslamovun göstərişi ilə 2015-ci ilin mart ayının 9-da guya ”qaçaqmalçı qrup" üzvləri ilə bağlı tədbir keçirilib. Nəticədə “külli” miqdarda qaçaqmal aşkar edilib. Lakin iş əslində tam fərqlidir, çünki qaçaqmalçılarla mübarizə adı altında keçirilən bu əməliyyatın əsil məğzi 200 min dollar pulu ələ keçirmək olub. Və “qaçaqmalçı qrup”un rəhbəri kimi saxlanılan Əzimov Zaur Siyavuş oğluna məxsus, içərisində 100 min ABŞ dolları məbləğində xaricdə istehsal olunan siqaret markası olan yük maşını “Elit” ticarət mərkəzinin yaxınlığında qeyri-qanuni saxlanılaraq MTN Binəqədi şöbəsinə aparılıb. Heydər İslamovun nəzarəti altında aparılan “sorğudan” sonra siqaretin sifarişçisi “Ordubadlı Ramin” adlı ticarətçi də saxlanılaraq MTN Binəqədi idarəsinə gətirilir. “Ordubadlı Ramin” adı ilə tanınan şəxs Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dəstə kənd sakini - Muxtarov Ramin Şirzad oğludur. Bakı şəhərində yaşayan Ramin Muxtarovun telefon danışıqları MTN-in Monitorinq Mərkəzində Anar adlı şəxs tərəfindən qanunsuz olaraq dinlənilərək Rafiq Səfərova məlumat otürülüb və sözügedən “qaçaqmalçı qrup” üzvlərinə qarşı “əməliyyat” keçirilib. Rafiq Səfərov öz növbəsində Anara hər uğurlu “əməliyyatdan” sonra bəlli bir məbləğ ödəyib.

İdarəyə gətirilən Raminin üzərində axtarış aparılaraq, sifariş etdiyi mala görə ödəyəcəyi 100 min ABŞ dolları MTN-çilər tərəfindən “müsadirə” olunur. Bu “qaçaqmalçılıq əməliyyatı” Rafiq Səfərov və onun yaxın dostu, çirkin əməllərinin həyata keçirilməsinə himayədarlıq edən sabiq nazirin əmisi oğlu - Eldar Mahmudovun köməkçisi vəzifəsində işləyən Vüqar Mahmudovun nəzarəti altında həyata keçirilib. Rafiq Səfərovun bu əməllərinə birbaşa Eldar Mahmudovun yaxın qohumu havadarlıq edirdi.

Öz havadarına arxayın olan Rafiq Səfərov Heydər İslamova “qaçaqmal”ın sahibi Z.Əzimov “istintaqdan yayındığına” görə, onun “Range Rover” markalı ağ rəngli avtomobilini qeyri-qanuni şəkildə şöbəyə gətirtdirib.

Bir müddət sonra Z.Əzimovun yaxınlarını Rafiq Səfərov çağırtdıraraq, “cinayət işi”nə xitam verilməsi razılaşdırıldıqdan sonra “sövdələşmə” aparıblar. Rafiq Səfərov havadarı V.Mahmudovun “razılığını” aldıqdan sonra “cinayətkar qrup”un üzvlərindən 200 min ABŞ dolları məbləğində pul aldıqdan sonra onları azad ediblər. Rafiq Səfərov MTN Xəzər şöbəsinin rəisi işlədiyi dövrdə də Z.Əzimovu “cinayət başında” yaxalamış və külli miqdarda rüşvət aldıqdan sonra azad eləmişdi. Zaur Əzimov Rafiq Səfərovun daim hədəfində olub.
Rafiq Səfərovun digər qurbanı Biləcəri qəsəbəsində yaşayan Məsimov Ruhlan Nəriman oğludur. Ruhlan Məsimov “Ağsaray” və “Vite palace” şadlıq evlərinin sahibidir. Rafiq Səfərov və Heydər İslamov Ruhlan Məsimovu MTN Binəqədi rayon idarəsinə çağıraraq, ona narkotik maddə və psixotrop vasitələri istifadə etməkdə ittiham edəcəkləri ilə hədə-qorxu gəliblər və 100 min manat istəyiblər. Əks halda, onu şərləyib cinayət məsuliyyətinə cəlb edəcəklərini deyiblər. Çarəsiz qalan iş adamı 50 min manat verərək canını qurtarıb.

Rafiq Səfərovun reketçilik əməllərində ona köməklik edən digər şəxs Nicat Orucovdur. Nicat Orucov da eynilə Heydər İslamov kimi MTN Xəzər şöbəsinin bölmə rəisi vəzifəsində işləyib.Rafiq Səfərov MTN Binəqədi rayon şöbəsinə rəis təyin olunduqdan sonra Nicat Orucovun da MTN Binəqədi rayon şöbəsində bölmə rəisi təyin olunmasına vasitəçilik edib. Rafiq Səfərovun göstərişi ilə Nicat Orucov “əməliyyat” adı altında Xəzər rayon ərazisində əhəng daşlarını daşıyan yük maşınların qarşısını kəsərək onlardan aylıq 1500 manat xərac ödəmələrini tələb edib. Hətta yük maşınlardan birinin sürücüsü ərazindən uzaqlaşmaq istəyərkən Nicat Orucov şəxsi “Porsche” avtomobili ilə yük maşınının qarşını kəsib, bu zaman maşının altında qalacaqmış. Qanunsuz əməllərinin istədikləri nəticəni vermədiyini görən Nicat Orucov və rəhbərlik etdiyi “əməliyyat” qrupunun üzvləri hadisə yerindən uzaqlaşıblar.

Rafiq Səfərov, Heydər İslamov, Nicat Orucov kimi vəzifəsini sui-istifadə edərək soyğunçuluqla məşğul olan şəxslərin yeni yaradılmış DTX sıralarında qalması təəssüf doğurur. Rafiq Səfərov və onun əlaltılarının fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac var. Hazırda xeyli sayda sahibkar Rafiq Səfərovdan pullarını geri qaytarmasını tələb edirlər.
Rafiq Səfərov həmin məbləğin bir hissəsini zərərçəkmişlərə qaytarıb. Zərərçəkmiş şəxslərə pullar qaytarılarkən Rafiq Səfərov Vüqar Mahmudovla əlaqə saxlayıb və ondan pulların qaytarılmasında köməklik göstərməsini istəyib. Lakin Vüqar Mahmudovdan rədd cavabı alıb. Rafiq Səfərovun MTN-in hazırda həbsdə olan sabiq rəisi Elçin Quliyev, istintaq təcridxanasında həyatı ilə vidalaşan İlqar Əliyevlə Mərdəkan qəsəbəsində qonşuluqda villa sahibi olması onların eyni şəbəkənin adamı olmasının əyani sübutudur.

Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin rəis əvəzi işlədiyi zaman Mərdəkan qəsəbəsində torpaq sahəsi əldə edərək, İlqar Əliyev və Elçin Quliyev və özü üçün 3 villa tikdiriblər. Bütün xərcləri isə Rafiq Səfərov öz öhdəsinə götürüb. Həmçinin bu ətrafda Heydər Aslanov və Nicat Orucovun da villaları var. Evlər Mərdəkan qəsəbəsində DİN-in Polis Akademiyasının yaxınlığında yerləşir, onların CPRS-dən çəkilən şəkillərini, həmçinin “Embawood”a icarəyə verdikləri obyektin fotolarını da əlavə edirik. Rafiq Səfərov bu gün qanunsuz əməllərinə görə ondan cavab istəyən iş adamlarını müxtəlif mötəbər şəxslərin adından istifadə edərək, onların adamı olduğunu deyərək yenə də təhdid edir. Bundan başqa, Rafiq Səfərov Eldar Mahmudovun əmisi oğlu Yaşar Mahmudovla da yaxın dostluq edir. Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxtlarda da dəfələrlə onun yanına gedib gəlirdi, əlaqələri Rafiq Səfərovun Binəqədi rayon bölməsinə rəis etdikdən sonra da davam edirdi. Bildirim ki, Yaşar Mahmudov bütün ölkə üzrə siqaret satışına nəzarət edir. Rafiq Səfərovla məlum olaylardan sonra Yaşar Mahmudovla görüşüb və 2015-ci ilin mart ayında “qaçaqmalçı qrup”dan “müsadirə olunaraq” ona təhvil verilən malların geri qaytarılmasını istəyib. Bildirib ki, malın Sahib adlı sahibi, əks təqdirdə, prokurorluğa şikayət edəcək. Lakin Yaşar Mahmudov da ona rədd cavabı verir"./musavat/
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...