Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Bahalaşma bazarlara da çatdı

Benzinin bahalaşmasından sonra, kənd təsərrüfatı məhsullarının da qiymətində kəskin artım müşahidə olunur

Yanacağın qiymətinin 33 faizə qədər artması bazar və yarmarkalara da öz təsirini göstərib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında və bazarlarda qiymətlər son iki həftədə hissolunacaq dərəcədə artıb. Dekabrın ilk həftəsində bazarlarda qiymət artımı barədə proqnozlar özünü çox gözlətmədi. Həftəsonu Xətai rayonundakı “Bakı” kinoteatrı yaxınlığında təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında hər şey daha aydın görünür.
“Həftə içi”nın əməkdaşı olaraq ötən şənbə həmin yarmarkada əli qabarlı torpaq sahiblərinin alın təri ilə əkib-becərdiyi məhsuları gətirib burada satanlardan çox bazar dəllalarına rast gəldik. Elə bu səbəbdən də yarmarkada qiymətlər od tutub yanırdı. Yarmarkaya gələn alıcılar gileylənərək, “Bu, yarmarka deyil, küçə bazarıdır”, - deyirdilər. İmkanı olmayanlar əliboş qayıdıb bazarlara üz tuturdular. Yarmarkada gündəlik ərzaq məhsulları - kartof, soğan, kələm, çuğundur, ət və digər məhsulların üzərində qiymət göstəriciləri qoyulmamışdı. Satıcılar məhsulları özlərinin istədiyi qiymətlərə satırdılar. Belə ki, kartofun hər kiloqramı 1 manat 20 qəpiyə, kələm 45-50 qəpiyə, soğan 60-70 qəpiyə, balıq 5-6 manata, mal əti 6 manat 50 qəpiyə, qoyun əti 7 manata, pendir 4-7 manata, qoz və fındıq 3 manata, “Qızıləhmədi” alması 2 manat 50 qəpiyə, çuğundur 1 manata, bal 20 manata, yumurtanın bir ədədi 13 qəpiyə satılırdı. Yarmarkada, hətta dondurulmuş toyuq və toyuq içalatının satışına da rast gəldik.
Qənirə adlı alıcı yarmarkadakı qiymətlərlə mağaza və bazarlardakı qiymət arasında heç bir fərqin olmamasından gileylənir. Onun sözlərinə görə, yarmarkaya məhsulları nisbətən ucuz qiymətə almaq ümidi ilə deyil, sadəcə, yaşadığı evin yaxınlıqda olduğuna görə gəlib: “Bazarda olduğu kimi, yarmarkada da qiymətlər çox bahalaşıb. Hələ qış indi başlayır, amma bütün məhsulların qiyməti indidən qalxıb. Heç 1 manat 20 qəpiyə də kartof olar?! Əvvəlcə dövlət bizim aldığımız məvacibə baxsın, sonra da onun dəyərində qiymətləri qaldırsın. Şəxsən mənim gündəlik məhsulları almağa pulum çatmır”.
Həmsöhbətimiz yarmarkadakı saxtakarlıqlardan da giləylənir. Onun sözlərinə görə, başqa ölkələrdən gətirilmiş kartofu guya Gədəbəydə becərilən məhsul adı ilə satırlar: “Ümumiyyətlə, yarmarkaya nəzarət edən yoxdur. Halbuki yarmarkada satılan məhsullar bazar qiymətindən, ən azı, 30 faiz aşağı qiymətə satılmalıdır”.
Bayraməli Salahov adlı digər bir satıcı dedi ki,”Səkkizinci kilometr” bazarında məhsullar buradakından ucuzdur. O şikayətlənir ki, həmin bazarda qoz və fındığın qiyməti 2 manat 50 qəpik olduğu halda, yarmarkada 3 manatdır. Onun sözlərinə görə, ötən həftə bu yarmakada ən keyfiyyətli “Qızıləhmədi” alması 1 manat 20 qəpiyə satıldığı halda, indi 2 manat olub.
Bu cür yarmarkaların alıcılara heç cür sərf etmədiyini deyən həmsöhbətimiz bildirir ki, aidiyyəti qurumlar istər yarmarkaların təşkili, istərsə də qiymət nməsələsinə ciddi nəzarət etməlidir.

“Benzinin qiyməti qalxıb, biz də qiyməti qaldırmışıq”

Əvvəlki həftələrlə müqayisədə qiymətlərin artdığını satıcılar da təsdiqləyir. Məhəmməd adlı satıcı bildirir ki, son iki həftədə ən çox bahalaşma kartof, soğan və əsasən, bölgələrdə becərilən digər kənd təsərrüfatı məhsullarında qeydə alınıb. Onun sözlərinə görə, hazırda topdansatış məntəqələrində kartofun kiloqramı 1 manatdır: “Biz də üstünə cəmi 20 qəpik qoyub satırıq. Bahalaşmanın səbəbkarı nə məhsulu becərəndi, nə də satan. Benzinin qiyməti qalxıb, məhsulun rayonlardan, yaxud da xaricdən gətirilmə xərcləri artıb. Biz də məhsulu baha qiymətə alırıq, ona görə də məcburiyyət qarşısında qalıb hər kiloqramda 20 qəpik bahasına satırıq”.
Sabirabad rayonundan olan Rəşid adlı fermer öz təsərrüfatında əkib-becərdiyi kələmin hər kiloqramını 45 qəpiyə satır. Halbuki benzinin qiyməti artırılmamışdan əvvəl kələmin qiyməti 20-25 qəpik idi. Satıcı kələmin baha qiymətə satmasının səbəbini yanacağın qiymətinin artmasında görür: “Bu hələ şükürlüdür, gələn ilin yanvar ayında satılan məhsullar daha da bahalaşacaq”.
Şəmkir rayonundan gətirdiyi kənd təsərrüfatı məhsullarını yarmarkada satışa çıxaran Abidin adlı satıcı isə deyir ki, bütün sənədləri qaydasında olsa da, Nəqliyyat Nazirliyinin işçiləri yolda onu xeyli incidib. Onun sözlərinə görə, sənədlərdə yük maşınının nömrəsindən tutmuş, gəlib-gedəcəyi ünvanadək hər şey aydın göstərilib. Amma yolda bir neçə dəfə saxlayıb sorğu-suala çəkirlər: “Mən başqa yerdən kiminsə yükünü daşımıram. Əllərimin qabarı ilə öz təsərrüfatımda əkib-becərdiyim məhsulları gətirib yarmarkada satıram. Rayonlardan paytaxtın yarmarkalarına kənd təsərrüfatı məhsullarını gətirən yük maşınları yolda saxlanılmamalıdır. Amma belə deyil, Gəncə və Bakı şəhərlərinin girəcəyində Nəqliyyat Departamenti bizə ilişir. Yarmarkaya gətirdiyim məhsulların sənədlərini onlara göstərdim, heç bir xeyri olmadı, 3 manat 50 qəpik cərimə yazdılar. Halbuki məndən 50 manat pul almaq istəyirdilər. Üstəlik, yanacağın da qiyməti qalxıb. Belə olan yerdə bəs biz nə etməliyik, evimizə bir tikə çörək aparaq?!”.
Günortaya qədər yarmarkada satışa nəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin bir əməkdaşına belə rast gəlmədik. Yalnız günorta saatlarında açıq havada ət satılan yerdə baytar həkimlər görünməyə başladılar. Ümumilikdə isə yarmarkaya nəzarət polis əməkdaşlarına həvalə olunmuşdu. Günün ikinci yarısında nazirliyin əməkdaşları görünməyə başladılar. Nazirliyin İsmayıl adlı əməkdaşı yarmarkada qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq məqsədilə burada olduğunu dedi. O, məhsulların üzərində qiymətlərin olmamasına aydınlıq gətirə bilmədi: “Yarmarkanın rəhbəri var, onunla görüşün, sizin suallarınıza o, dəqiq cavab verəcək”.
Bununla belə, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı əlindəki dəftərçəni açaraq orada əksini tapmış qiymət cədvəlinə baxıb bəzi məhsulların satış qiymətlərini açıqladı. Onun sözlərinə görə, yarmarkada ən yüksək keyfiyyətli olan Gədəbəy kartofunun 1 kiloqramı 80 qəpiyə, çuğundur 80 qəpiyə, soğan 50 qəpiyə, ət 5 manat 50 qəpiyə satılır.

Yarmarkanın rəhbərinin izahatı

Yarmarkanın rəhbəri Oqtay Hüseynovla da görüşdük. O, burada qiymətlərin baha olmasına belə münasibət bildirdi: “Bəziləri soruşur ki, yarmarkada ət niyə bahadır? Yaxud başqa məhsullar niyə qiymətə satılır? Bu suallar yarmarkanın rəhbəri kimi mənə verilməməlidir. Çünki mən nə ət satanlarla şərikli heyvan saxlamıram, nə də digər məhsulları onlarla birgə becərib bazara çıxarmıram. Biz fermerlərə qiymətlərlə bağlı ancaq tövsiyə edirik. Biz yarmarkada məhsulların qiymətini müəyyən edərkən “Səkkizinci kilometr” bazarına istinad edirik. Yəni hər həftənin cümə axşamı və cümə günləri həmin bazarda qiymətlərin monitorinqini aparırıq. Şənbə və bazar günləri burada təşkil olunan yarmarkada məhsulların qiyməti bazardakından 20-30 faiz aşağı təyin edilir. Öz məhsullarını yarmarkaya gətirən fermerlər, ticarətçilər bizim təyin etdiyimiz bu qiymətlə məhsullarını satırlar. Amma malların çeşidinə, keyfiyyətinə görə eyni mala fərqli qiymətlər qoyulur”.
Yarmarkada kartofun qiymətinin 1 manat 20 qəpiyə olmasına gəlincə, Oqtay Hüseynov bunu belə əsaslandırır: “Bu saat Gədəbəy kartofu “Səkkizinci kilometr” bazarında 2-3 manata satılır”.

“Nəqliyyat Departamentinə heç kəsin gücü çatmır”

Bölgələrdən Bakıdakı yarmarkaya məhsul gətirən fermerlərin yolda polislər tərəfindən incidilməsindən danışan Oqtay Hüseynov belə halların tez-tez baş verdiyini deyir. Onun sözlərinə görə, bu barədə aidiyyəti qurumlar qarşısında da məsələ qaldırılıb: “Amma Nəqliyyat Departamentinə respublikada heç kəsin gücü çatmır. Bölgələrdən yarmarkaya kənd təsərrüfatı məhsulları gətirən yük avtomobillərinin nömrələri və sürücülərin adları Nəqliyyat Departamentinə yazılıb verilib. Lakin departamentin əməkdaşları buna da məhəl qoymurlar, sürücülərdən gətirdikləri malların lisenziyasını tələb edirlər. Halbuki yarmarkaya gətirilən mallar fermerlərin öz həyətlərində əkib-becərdikləri məhsullardır ki, gətirib burada satırlar. Nəqliyat Departamenti onlardan lisenziya tələb etməməlidir. Çünki onlar başqa adamların və yaxud da kiminsə yüklərini daşımırlar. Əgər daşısaydılar, onda departamentin əməkdaşları haqlıdırlar ki, həmin sürücülərdən lisenziya tələb etsinlər. Yarmarkaya öz avtomobilləri ilə məhsullarını gətirib satan şəxslərdən lisenziya alınmamalıdır. Əksinə, şərait yaradılmalıdır ki, onlar sərbəst şəkildə paytaxt yarmarkalarına gələ bilsinlər. Məhsullarda bahalıq isə yanacaqğın qiymətinin artması ilə bağlıdır”.
Oqtay Hüseynovla söhbətdən sonra ətrafdakı meyvə-tərəvəz mağazalarına da baş çəkdik. Amma mağazalarda Gədəbəy kartofu yarmarka sahibinin dediyi kimi, 2-3 manata deyil, 0.90-1.00 manata satılırdı.


/Həftə-içi/
1936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber