Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

"Bir kəndin ucdantutma cəzalanırılması sonuncu dəfə 1937-ci ildə baş verib"

“Bir kəndin bütün əhalisi bu cəfəng ittihamın əzabını çəkir”

Milli Şuranın sədri, professor Cəmil Həsənli Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsindən və son zamanlar Nardaranda baş verənlərdən yazıb. Cəmil Həsənli Facebook səhifəsində yazır:

“Dostlar! Gözümüzün qarşısında bir kəndin dramı, bir kəndin faciəsi baş verir. Söhbət 6 həftəyə yaxındır ki, səmasında qara buludlar dolanan Nardaran kəndindən gedir. Noyabrın 26-da Daxili İşlər Nazirliyinə məxsus qüvvələr kənddə xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirdi. Bir kənd hüdudlarında keçirilən əməliyyat zamanı bu qədər adamın həyatını itirməsi yolverilməzdir. Uzun müddət Nardaran mühasirədə saxlanıldı, kəndə giriş-çıxış qadağan edildi, borc bəhanəsi ilə yaşayış məntəqəsinin qazı, suyu, işığı kəsildi.

Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Hacı Tale Bağırzadə başda olmaqla onlarla adam ibadət zamanı həbs edildi. Halbuki, hüquq mühafizə orqanlarının, hətta ifşa olunmuş keçmiş MTN-nin çağırışlarına belə o, vaxtında reaksiya vermişdi. Onu və tərəfdarlarının həbsi üçün insan ölümü ilə nəticələnən əməliyyat keçirməyə heç bir ehtiyac yox idi. Ay yarıma yaxındır Nardaranda həbslər səngimək bilmir. Bu gün kənd ağsaqqalı Kərbəlayi Natiqə vətənə xəyanət ittihamı ilə cinayət işi açıldı və bu vətənsevər ağsaqqal haqqında dörd aylıq həbs qəti imkan tədbiri seçildi. Kərbəlayi Natiq Kərimov Milli Şuranın üzvüdür, bütün varlığı ilə bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqaldır.


O, kamil iman sahibi, radikallıqdan uzaq şüurlu bir dindardır, mövqeyi olan bir vətəndaşdır, Azərbaycan bayrağı həmişə başının üzərində, vətən sevgisini ürəyində daşıyıb. Ona qarşı irəli sürülən ittiham çox ağırdır. Son vaxtlar belə ittihamların sayı çoxalıb. Leyla və Arif Yunuslar da bu maddə ilə cəzalandırılmışdı, onlardan əvvəl Hilal Məmmədov da vətənə xəyanət adı altında həbsdə saxlanılır, lap bu yaxınlarda tanınmış jurnalist Rauf Mirqədirov da “vətən xaini” çıxarıldı. İndi vətənin bir parçası olan Nardaranda da hər kəsin başı üzərində bu ittiham dolaşmaqdadır. Bir kəndin ucdantutma cəzalanırılması sonuncu dəfə 1937-ci ildə baş verib. Azərbaycan Daxili İşlər Xalq Komissarının müavini Sumbatovun qurduğu əməliyyat nəticəsində İsmayıllı rayonunun Kürtmaşı kəndində 16 yaşından 76 yaşına qədər bütün kişi əhalisi həbs edilmişdi.

Guya bir kəndin əhalisinin məqsədi Azərbaycanda Sovet hökumətini devirib köhnə quruluşu bərpa etmək imiş. Amma bu ittihamı, xüsusilə kənddə anti-sovet üsyançı dəstənin olduğunu əsaslandırmaq üçün silah olmalı idi. Ucdantutma həbs edilən ailə başçılarının həyat yoldaşlarını istintaqa cəlb etdilər, onlardan üsyançıların silahlarını tələb etdilər. İşgəncələr çox ağır idi, əksəriyyəti erməni olan müstəntiqlər işgəncələr hesabına kənd qadınlarından həyat yoldaşları, qardaşları əleyhinə guya onların silahları olması barədə təsdiqləyici ifadələr almalı idilər. İşgəncələr o qədər dözülməz idi ki, 8 aylıq hamiləliyini yaşayan gənc qadın Zərnişan Əzizova bu vəhşiliyə dözməyib uşaq saldı və uşaqla bərabər özü də həyatını itirdi. Yalnız bu metodlarla müstəntiqlər Kürtmaşı üsyançı dəstəsinin silah-sursatı haqqında ifadələr ala bildilər.

İndi təxminən 80 il sonra müstəqil Azərbaycanda Nardaran təxmin belə bir tale yaşayır. Kənddə guya Azərbaycanın konstitusiya quruluşunu dəyişməyə cəhdlər olub, radikal islam qruplaşması fəaliyyət göstərib. Bir kəndin bütün əhalisi bu cəfəng ittihamın əzabını çəkir. Əldə olunan məlumatlara görə silah axtarışı adı ilə maska geyinmiş silahlı DİN əməkdaşları qəflətən evlərə daxil olur, qadınlar və uşaqlar bu dəhşətli mənzərəni yaşayır. Qadınların keçirdiyi iztirabların, Nardaran uşaqlarının keçirdiyi psixoloji şokun bədəlin kim ödəyəcək. Axı, bu zavallılar Azərbaycan analarıdır, Azərbaycan körpələridir.

Həbs olunmuş insanlara işgəncə verilməsi barədə məlumatlar var idi. Uzun müddət onların vəkillərlə əlaqəsinə imkan verilməməsi bu ehtimalları daha da artırırdı. Bu günlərdə aydın oldu ki, Hacı Tale Bağırzadənin burnunu sındırıblar. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb. Vəkilin sözlərinə görə Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, bu yolla ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin alınmasına cəhdlər edilib”. Sual olunur Nardaran məhbuslarına qarşı törədilən işgəncələrin vaxtilə Kürtmaşı sakinlərinə qarşı törədilən işgəncələrdən fərqi nədir?

Kim müstəqil Azərbaycanda 1937-ci ilin istintaq metodlarını bərpa etməyə icazə verib, hansı əsasla insanlarla belə rəftar edirlər? Azərbaycan vətəndaşlarlarının can və mal güvənliyinə təminat verən dövlət rəsmiləri bəs hara baxırlar. Biz bu yaxınlarda Azərbaycanın MTN adlı dövlət qurumunun ifşa olunmuş buna bənzər əməllərinin şahidi olduq. Törətdikləri cinayətin şiddətindən bəzi keçmiş yüksək vəzifəli MTN zabitlərinin özlərini intihar etmələri barədə yayılan məlumatlar görünür bəzilərinə dərs olmayıb”.
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43