Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Azərbaycandan milyardları offşor zonalara daşıyan sirli Bəşirov

Azərbaycan Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantlardan biri Xaqani Bəşirovun əsas fəaliyyəti Azərbaycandan pulların xarici offşor zonalara daşınıb yerləşdirilməsindən ibarət olub. Bu qənaət Xaqani Bəşirovun hazırda direktor kimi qaldığı iki şirkətin fəaliyyətinin analiz edilməsi nəticəsində ortaya çıxıb.

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin benefisiarı hesab edilən, adı hələ bir neçə il əvvəl bankdan yüz milyonlarla dollar kreditin götürülərək mənimsənilməsində keçən, hətta bu iş üzrə bir neçə ay həbsdə saxlanılan Xaqani Bəşirov hazırda Fransadadır.

Onun Azərbaycan və Fransa pasportu daşıdığı çoxdan məlumdur. Bu iş adamının adı Beynəlxalq Bankdan milyardlarla manatın mənimsənilməsi işində keçsə də onun barəsində cinayət işinin qaldırıldığı məlum deyil. Belə görünür ki, Xaqani Bəşirov hələ “kredit oliqarxları”nın həbsi başlamazdan çox əvvəldən Azərbaycanda deyildi.


Ötən ilin dekabr ayının son günlərində Xaqani Bəşirovun ortaqlarından olan keçmiş deputat Dünyamin Xəlilov nəhayət həbs olunub. Ona qarşı irəli sürülmüş ittihamda deyilir ki, Dünyamin Xəlilov Bynəlxalq Bankdan nəhəng məbləğlərdə krediti (bəzi mənbələrə görə hətta 2 milyard manata yaxın) “General Construction” adlı offşor şirkətin (o cümlədən başqa offşor şirkətlərin) adına kredit kimi rəsmiləşdirib və geri qaytarmayıb.

Dünyamin Xəlilovun həbsi bir müddət unudulan Xaqani Bəşirovun da yenidən gündəmə gəlməsinə səbəb oldu. İki il əvvələ qədər onun adı cəmi 14 şirkətdə direktor kimi keçib. Hazırda isə Bəşirov cəmi iki şirkətdə təsisçiliyini və direktorluğunu saxlayır. Bunlar “Java Investments Management PLC” və “ V.e.s Consultancy (Uk) LTD” offşor şirkətləridir.

Maraqlıdır, sirli Bəşirovun bu şirkətləri nə işlə məşğul olur? Onların profili nədir?

Belə məlum olur ki, “V.E.S. Consultancy LLC” əslində Azərbaycanın yenicə müstəqillik qazandığı 1991-ci ildə yaradılan “VneshExpertService” konsaltinq şirkətidir. 2006-cı ildə bu şirkət rebrendinq edərək “V.E.S. Consultancy LLC” -ə çevrilib.

Şirkətin saytında göstərilir ki, onun fəaliyyəti idarəetmə və biznes sahələrində peşəkar konsaltinq xidmətlərinin göstərilməsindən ibarətdir. “V.E.S. Consultancy LLC” –in müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və nəhayət həmin Dünyamin Xəlilovun “General Construction” şirkəti yer alır.

Saytında göstərilir ki, şirkətin hal-hazırda Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Şirkətin Bakı nümayəndəliyi İnşaatçılar prospekti, 3 ünvanında yerləşir. Saytın yuxarısında C.Kennedinin sitatını oxuyuruq: “Soruşma ki, Vətən sənin üçün nə edə bilər, soruş ki, sən Vətən üçün nə edə bilərsən?”

Xaqani Bəşirovun əlaqə nömrəsini əldə etmək, Beynəlxalq Bankla tərəfdaşlığı barədə ona suallar ünvanlamaq ümidi ilə şirkətin saytında qoyulmuş əlaqə nömrəsinə zəng vurduq. Telefon nömrəsinə cavab verən qadın operatordan cənab Bəşirov haqda soruşduq. Cavab belə oldu ki, Xaqani Bəşirov hazırda Azərbaycanda deyil. Bəs onun Fransada əlaqə nömrəsi necə?

Əməkdaş bu xahişə cavab olaraq telefon zəngini şirkətin “səlahiyyətli şəxsinə” yönəltsə də dəstəyi götürən olmadı. Yenidən zəng vuranda isə şirkətin əməkdaşı bunları bildirdi: “Bizim ofisin rəhbəri Fuad Tahirdir, Xaqani Bəşirov bizim şirkətə (Bakı nümayəndəliyinə) rəhbərlik etmir, ümumiyyətlə rəhbər şəxslərin telefon nömrələrini verə bilmərik”.

Beləliklə, X.Bəşirovun izini tapmaq səylərimiz nəticə vermədi. Ancaq şirkətin saytında yerləşdrilmiş məlumatlardan bəzi maraqlı nəticələr çıxarmaq olar. Orada göstərilir ki, “V.E.S. Consultancy LLC” –in strateji tərəfdaşı həmin “Java Investment Management PLC” şirkətidir. Sonuncu isə öz növbəsində Azərbaycan biznesmenlərinə pulları xarici offşor zonalara yatırmaq və Avropada geniş spektrdə investisiya layihələrinin təqdimatını həyata keçirməkdə xidmətlər təklif edir.

Bildrilir ki, “Java Investment Management PLC” şirkəti Böyük Britaniya, İsveçrə, Lüksemburq, Fransa və Kiprdə şirkətlərin qeydiyyatını və onların idarə edilməsini, müxtəlif profilli offşor şirkətlərin qeydiyyatını, müştərilərin xarici investisiyalarının idarə edilməsini, onların kapitallarının təhlükəsiz və rasional yerləşdirilməsini həyata keçirir.”V.E.S. Consultancy LLC” ilə “Java Investment Management PLC” arasında strateji tərəfdaşlıq neft gəlirləri bumunun təzə başladığı 2006-cı ildə qurulub.

Missiya aydındır, elə deyilmi? Bəşirovun fəaliyyətinin əsas istiqamətləri Azərbaycandan pulların xaricə daşınıb offşor zonalarda yerləşdrilməsi və daşınmaz əmlaka, digər sahələrə yatrılması olub. Və indi Beynəlxalq Bankın “əriyən” milyardlarının izini də görünür bunda axtarmaq lazım gəlir.

Bu günlərdə-ötən ilin dekabrında ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı. Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı.

Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.

Çıxarılan pullar illər üzrə belə bölünmüşdü: 2004-cü il-1 milyard 147 milyon, 2005-ci il-2 milyard 944 milyon,

2006.-ci il- 5 milyard 634 milyon, 2007-ci il- 20 milyard 816 milyon, 2008-ci il- 7 milyard 061 milyon, 2009-ci il- 8 milyard 410 milyon, 2010-cu il-7 milyard 860 milyon,

2011-ci il- 7 milyard 576 milyon, 2012-ci il-12 milyard 815 milyon, 2013-cü il-14 milyard 736 milyon..

Bu pulların hansı hissəsinin məhz Bəşirovun əli ilə çıxarıldığını dəqiqləşdirmək mümkün deyil. Ancaq rəqəmlərdən aydın olur ki, hacıyevlər, mahmudovlar, xəlilovlar, bəşirovlar və digərləri Vətən üçün doğrudan da nələr ediblər… /virtualaz/
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26