Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Əvvəlcə ölkəni düzəldin…

Sonra İranla Səudiyyə Ərəbistanının dərdinə dərman taparsınız

Bəlkə də dünya tarixi bu qədər qeyri-ciddi hökumətə şahidlik etməyib. Hökumət israrla “qatıq qaradır” deyir. Hansıki, hamı qatığın ağ rəngdə olduğuna əmindir. Bəli, ölkədə səfalət, işsizlik, yoxsulluq meydan sulayır, insanlar öz həyatlarında böhranı hər gün dadırlar, hökumət isə “inkişaf edirik” şüarından imtina etmir. Uzun illərdi eyni təbliğat davam edir və artıq heç kim hökumət sözçülərinin açıqlamalarını ciddiyə almır. Ya ironiya ilə qarşılayırlar, ya da ikrah hissiylə.

Son dövrlər isə hökumətimiz daha da qabağa gedərək beynəlxalq səviyyəli məsələlərin həllinə töhfə verə biləcəyini təbliğ edir. Guya, bunlar o qədər nüfuzlu komandadır ki, hər yerdə sözləri eşidilir. Reallıq isə budur ki, Avropada, ABŞ-da bizim deputatlarla kofe içən senatorlara pis baxırlar, həmin adamlar öz ölkələrində tənqidlə qarşılanır. Beynəlxalq tribunalardan hökumətimiz balaca uşaq kimi danlanılır.

Amma bütün bunlara baxmayaraq “bizdən yoxdur” təbliğatı davam edir. Xatırlayırsızsa, bir müddət öncə Rusiya-Türkiyə münasibətləri gərginləşəndə YAP-çı deputat Aydın Mirzəzadə “şedevr” açıqlama vermişdi. O demişdi ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyi səngitmək üçün maksimum tədbirlər görəcək. Həmin vaxt deputatın bu açıqlaması lətifəyə çevrilmişdi. Hamı başa düşürdü ki, özünə umac ova bilməyənlərin, özgəsinə əriştə kəsmək iştahına düşməsi absurddur.

Indi isə bu ənənəni millət vəkili Səməd Seyidov davam etdirərək “Azərbaycanın tolerantlıq təcrübəsi Tehran və Əl-Riyada kömək edə bilər” – söyləyib.

Bəli, Türkiyə-Rusiya münasibətlərini yoluna qoyandan sonra, Tehran-Əl-Riyad probleminə də təcrübəmizlə kömək olacağıq.

Məsələ burasındadır ki, bu sözləri 23 ildir toprağının 20 faizi işğal olunmuş ölkənin deputatları səslənidirir. Üstəlik, ölkənin 80 faizi də məmur işğalına məruz qalıb. Ölkə sözün həqiqi mənasında batır, hər ötən gün daha ağır reallığı ortaya qoyur, iqtisadiyyat neftdən asılı vəziyyətdə olduğu üçün çökür. Bu miqyasda fəlakətin qarşısının alınması üçün isə heç bir adekvat addım atılmır. Əksinə, yaranmış maliyyə boşluğunu vətəndaşın cibinə girməklə doldurmaq istəyirlər. Indi belə bir hökumət böyük münaqişələrin həllinə töhfə verməkdən dəm vurur. Əgər belə təcrübəyə, qabiliyyətə maliksizinizsə ölkədəki fəlakətli tendensiyanı dayandırın, korrupsiyanın kökünü kəsin, monopoliyanı ləğv edin, hüququn aliliyini təmin edin, qiymət artımının qarşısını alın.

Amma reallıq budur ki, hakimiyyətin “təcrübə”si ölkəni zibilə salıb. Korrupsiya, repressiya təcrübəsiylə ölkəni Ermənistandan da geriyə saldılar. Indi Iran və Səudiyyə Ərəbistanına öz “təcrübə”lərini nümunə göstərirlər.

Bəlkə də Tehran- Əl-Riyad münasibətlərini düzəltmək olar, amma bizim hökumətin təcrübəsindən yararlansalar hər iki ölkə batmalıdır.

Tolerantlıq məsələsinə gəlincə, hakimiyyətin bu sahədə də “təcrübə”si böyükdür. Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale və digərləri şərlənərək həbs olunub. Nardaran Ağsaqqallar Şurasının sədri, yaşlı və xəstə Natiq Kərimovu da iki gün öncə “vətənə xəyanət” ittihamıyla həbs etdilər. Üstəlik, ölkədə hicab məhbusları mövcuddur. Artıq tolerantlıqdan əsər-əlamət görünmür və adamlar inancına görə həbsə atılır.

Bir sözlə, Səməd Seyidovun təmsil etdiyi hökumət özünə umac ova bilsin, özgəsinə əriştələri lazım deyil. Birdə ki, hökumət təcrübə yığıb, heç olmasa corab, kibrit, diş çöpü, aftafa istehsal etməyi öyrənsə yaxşı olar.

Dünya təcrübəsindən, bəşəri dəyərlərdən imtina edib, cəhalətin qucağına yıxılmaqla ölkəni məhv etdiniz. Dünya öz təcrübəsini ortaya qoyub, bu ölkəni xilas etmək istəyir, siz kimi xilas etmək istəyirsiniz?

İlham Hüseyn
1766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24