Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

"Taleh Bağırovu məhkəməyə “sürüyə-sürüyə” gətirmişdilər" - Vəkil

Müsəlman Birliyi Hərəkatının həbs olunan sədri Taleh Bağırovun ailəsi və vəkili onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində mütəmadi işgəncələrə məruz qaldığını iddia edir.

Bu barədə Elşən Bağırov BBC Azərbaycancaya qardaşının hər gün sorğu sual olunaraq "işgəncələrə məruz qaldığını" deyir.
Vəkil Cavid Cavadov isə bildirir ki, müttəhimlə sonuncu dəfə görüşündə o, bu işgəncələrin səbəbi kimi “ondan etirafedici və bəzi şəxslərin əleyhinə ifadələr almaq” məqsədi daşıdığını açıqlayıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə BBC Azərbaycancaya şərhlərində, hüquq müdafiəçisinin səsləndirdiyi fikirləri “onun öz təxəyyülünün məhsulu” adlandırıb.

"Görünən xəsarətlər"
Elşən Bağırov qardaşını sonuncu dəfə noyabr ayında, Nardaranda saxlanılanda gördüyünü deyir.
“Ona sövqat bir də pal-paltar aparmışdım. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə qoydular ki gətirdiklərimi verim, nə də görüşüm”, deyən Elşən qardaşının saxlanılarkən əynində olan paltarların bu günə qədər bir dəfə də olsun dəyişilmədiyini bildirir.
Vəkil Cavad Cavadov isə Taleh Bağırovla ilk dəfə dekabrın 3-ü appleyasiya məhkəməsində görüşəndə üzərində aşkar görünən xəsarətlərin olduğunu deyir.
“Gözlərin altı, alnı qızartılı idi, əllərinin bilək hissəsində ciddi xəsarətlər var idi. Hiss olunmuşdu ki, qollarını bağlayıblar. O qandal izlərinə bənzəmirdi, çünki çox qabarıq idi. Konkret olaraq xəsarətlər işgəncə izlərinə oxşayırdı” – deyə vəkil müttəhimin sərbəst hərəkət etməsində problem olduğuna görə onun məhkəməyə “sürüyə-sürüyə” gətirildiyini vurğulayır.
Həmin vaxt müttəhimlə ünsiyyət saxlamasına şərait yaradılmadığından hüquq müdafiəçisi onun bu vəziyyətinin səbəbini 29 dekabrda, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiqin iştirakı ilə keçirilən görüşdə öyrənib. Görüşdə Taleh Bağırov bildirib ki, o, ağır işgəncələrə məruz qalır və burnu "sındırılıb".
DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə qətiyyətlə Taleh Bağırovun saxlanılmasının bütün mövcud qanunvericiliyə müvafiq aparıldığını, istintaq müddətində hər hansı qanunsuzluğa yol verilmədiyini iddia edir.

"Başdan-ayağa yalan"
Hüquq müdafiəçisi Taleh Bağırovun barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq bu günə qədər onun istintaq təcridxanasına köçürülmədiyini, bunun isə həm "Cinayət-Prosessual Məcəlləsi"nə, həm də "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na zidd olduğunu deyir.
“24 saatdan sonra barəsində həbs qətimkan tədbiri seçilən kimi onu istintaq təcridxanasına köçürülməli idilər. Bu günə onun orda saxlanılmasının məqsədi qeyri-insani rəftar, psixoloji təzyiq məqsədi daşıyır” –deyə vəkil bununla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etdiyini bilridib.
Şikayət ərizəsində həm də Taleh Bağırovun ailəsi ilə görüşməsinə, onlardan sovqat qəbul etməsinə şərait yaradılamaması, zəng hüququnun - yəni, qanunda nəzərdə tutulan hüququların təmin olunmaması da öz əksini tapıb.
Nəsimi Rayon Məhkəməsinə təqdim olunan ərizəyə baxış yanvarın 14-nə təxirə salınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə sadalanan ittihamların “başdan ayağa yalan” olduğunu deyir.
“Tamamilə boş və əsassız söhbətlərdir. Belə 100 faiz əminəm ki, vəkil öz çıxışı ilə həm mətbuatı aldadır, həm də ictimaiyyəti aldatmağa çox uğursuz cəhd göstərir”, deyərək qurum rəsmisi səsləndirilən fikirlərin “vəkil adına layiq olmayan yalan” adlandırır.
Müttəhimin hazırda harada saxlanılması məsələsinə isə cənab Zahidov aydınlıq gətirməyib.
BBC Azərbaycanca istintaqın aparıldığı Baş Prokurorluğun mətbuat xidməti ilə gün ərzində dəfələrlə əlaqə saxlasa da, qurum məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov digər 14 nəfərlə birlikdə noyabrın 26-da Nardaran qəsəbəsində keçirlən polis əməliyyatı zamanı saxlanılıb. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub./Islamazeri.az/
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber