Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2016

Manatın güzgüsündə

REAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanadan məqalə yazıb. Meydan TV həmin yazını təqdim edir:

Hər kəs istərdi ki, manat asta templə ucuzlaşsın, vətəndaşa şok yaratmasın. Lakin belə rahat enişi mümkün edən iqtisadi və siyasi şərtləri Azərbaycan son 20 ildə qura bilmədi.

Rəhbərlikdə hamı anlayır ki, manatın tədricən düşəcəyinə əminlik bütün iqtisadi oyunçularda ancaq ödənişləri yubatmaq meyli yaradacaq. Yəni, ödəniləsi olan məbləği bir ay ərzində “fırladıb” əlavə gəlir əldə etmək mümkündürsə, bunu etməyən qalmayacaq. Tezliklə böyük həcmdə gecikən müəssisələrarası və maaş borcları yaranacaq, sonra isə post-kommunist dövrün ilk illərində olduğu kimi, qarşılıqlı borclar iqtisadiyyatı iflic edəcək.

Ona görə dövlət hələlik qəfil düşmələr yolunu seçib, amma pula etibarı tükətdiyi üçün bu yol da sonda eyni nəticəyə aparır.

Kommunizmdən qurtulmuş ölkələr 20-25 il əvvəl qarşılıqlı borclar və maaş gecikmələri böhranından fərqli tərzdə çıxdılar. Bəziləri dərin struktur dəyişiklikləri hesabına, digərləri isə əsasən neft-qaz sektorunun böyüməsi hesabına.

Birinci yolu getmiş dövlətlərdə müəssisələrarası borcların şişməsini və maaş gecikmələrini qeyri-mümkün edən struktur nailiyyətləri vardır: 1) müstəqil məhkəmələr; 2) güclü həmkarlar ittifaqları; 3) yenilikçi rəqabət üstünlüyünü mükafatlandıran biznes iqlimi; 4) nağdsız, kartla ödənişlərin geniş və dərin kök salması; 5) seçki və media kimi gerçək və sərbəst olması; 6) məhsuldar və çeşidli özəl istehsal; 7) güclü real sektor və s.

Belə bir ölkənin mərkəzi bankı pulu tədricən ucuzlaşdırırsa, bütün sistem yuxarıda qeyd olunan strukturlar sayəsində ucuzlaşmaya sağlam tərzdə öyrəşir və onu iqtisadi artım amilinə çevirə bilir. Maaş gecikmələri və müəssisələrarası ümidsiz borcların böyüməsi haqda söhbət belə yoxdur.

Azərbaycan 20 ildir neft-qaz sektoruna arxalanaraq bütün bu strukturları həqiqi mənada qurmaqdan imtina etdi. Onların hamısı ya oyuncaq, ya da teatr bəzəyi şəklində mövcuddur,səmərəsizdir.

Nəticə etibarı ilə, manatın kursunu ancaq şok törədən kəskin düşmə yolu ilə tənzimləmək mümkündür. Artıq yaxın gələcəkdə bu məcburi seçim fəlakətli iqtisadi tənəzzül vəd edir.

Real, həqiqi mənada işləyən strukturlar – bazar, qanun, seçki, həmkarlar və s. – yaradılanda manatı xeyirlə idarə edəcəyik. Hər şeyi idarə etmək istəyən dövləti isə əvvəlcə onun öz pul vahidinin rəhmsiz davranışı vuracaq, sonra müəssisələrarası borclar, gecikən maaşlar, artan xarici borc, bahaçılıq ya da mal qıtlığı...
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı