Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

"Hacıbalaya divar qaşıtdırır, Ziyaya yol saldırır, Cahangirə təyyarə hədiyyə edirdik..."

Partiya sədri hökuməti sərt tənqid etdi: "Hacıbalaya divar qaşıtdırır, Ziyaya yol saldırır, Cahangirə təyyarə hədiyyə edirdik..."

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin toplantısını sərt tənqid edən yazıyla çıxış edib. Kifayət qədər maraqlı məqamların yer aldığı həmin yazını strateq oxucularına da təqdim edirik:

Dünən səbrsizliklə gözlənilən 2015-ci ilin yekunları ilə bağlı müşavirə keçirildi. Hamı gözəl anlayır ki, vəziyyətimizin bütün sferalarda necəliyi o salona yığışan insanların qəbul edəcəyi qərarlardan asılıdır. Əlbəttə ki, bu, hələlik belədir. Çünki əhali tədricən neft anesteziyasından oyanır. İnsanlar neft pullarının izafi istehlakından sonra görməyə başlayıblar ki, onları bihuş etmiş neft narkozu ölkənin talan edilməsi üçün istifadə edilib.

Misal üçün, dünən mətbuatda AZAL şirkətinin rəhbəri Cahangir Əsgərovun bir əməliyyatı ilə bağlı imzalı məqalə işıq üzü görüb. Eyni zamanda, məqalədə dövlət büdcəsindən, adı çəkilən şəxsin rəhbərlik etdiyi qurumun borclarının bağlanmasına 1.5 milyarda yaxın vəsait transfer edilib. Başqa bir Cahangirin - bu dəfə Hacıyevin, Beynəlxalq Bankda törətdikləri uzun müddət ictimai müzakirədədir. Lakin birinci Cahangirdən fərqli olaraq, o, içəridə izahat verir. Əlbəttə ki, xalq əmlakına, dövlət saxlanclarına müdaxilə imkanları və oğurluq faktları təkcə Cahangirlərə aid deyil. Bu komandanın digər isimli ünlüləri də oğurluqda "tutulub", lakin onların bayırda olmasının səbəbi hakim ideyaya müvəqqəti sədaqətləridir. Müvəqqəti ona görə ki, gözlənilən adlı sanksiyalar zamanı bu sədaqətin qeybə çəkiləcəyinə əminəm.

Qayıdaq əsas məsələyə - müşavirəyə. Təəssüf ki, dünən heç bir telekanal adət etdiyimiz tərzdə müşavirəni translyasiya etmədi. Bu vaxta qədər müşavirələr operativ redaktə edilir, senzuradan keçir və dərhal ictimai fikrə ötürülürdü. Lakin dünən bunun şahidi olmadıq. Deməli, senzura qayçısının çox işləməsinə və redaktənin miqyaslı müdaxiləsinə ehtiyac olub. Əks halda iqtidar ideoloqları belə ləngiməzdilər. Bu faktın özü sübut edir ki, müzakirə bizə təqdim olunan xülasədəki qədər hamar və rəvan olmayıb. Gözləyək görək, siyasi süzgəcdən sonra qalan məlumat reagenti nədən ibarətdir.

Lakin dünən hakimiyyət PR-çıları qısa xülasə təqdim etdilər. Müşavirə rezümesindən aydın olur ki, Azərbaycanda hər iş əla gedir. Hətta ötən il 20 milyardlıq investisiya yatırılıb. Demək olar ki, bütün iqtisadi göstəricilərdə artım müşahidə olunub. Əlbəttə ki, bunu bizə hakimiyyətimiz deyir. Hətta cəmiyyəti depressiyaya salmış iqtisadi və maliyyə reallıqlarında hökümətin deyil, dünyanın suçlu olduğu başa düşülür. Belə ki, hamının üzləşdiyi və artıq daddığı böhran kənardakıların törətdiyidir. Sən demə, "neftin qiymətinin enişi obyektiv iqtisadi qanunauyğunluğa deyil, siyasi konyukturaya görədir". Maaşı və ya təqaüdü alıcılıq qabiliyyətini 2 dəfə itirmiş orta statistik azərbaycanlıya necə başa salaq bu mürəkkəb terminologiyanı? Hələ bu yanaşma düzgün olsa idi, nəsə danışmaq olardı. Bəs maya dəyəri bizdə 8-9 $, ərəb ölkələrində 1-2 $ olan neftin bazarda satışı 140 $ olduqda niyə iqtisadi qanunauyqunluqlardan danışmırdıq? Həmin o səhra bədəviləri neft pullarını təhsilə, kosmonavtikaya, dünya birjalarındakı qiymətli kağızlara yatıranda, biz nə edirdik? Deyim. Hacıbalaya divar qaşıtdırır, Ziyaya 1 km-i 16-18 milyona (bütün dünyada bu rəqəm 1 milyon $-dan çox deyil) yollar saldırır, Azada stadionlar və idman qurğuları tikdirir, Əbülfəzə muzey və konsert salonları sifariş verir, Cahangirə təyyarə alıb, dotasiya hədiyyə edirdik və s. Adı çəkilməyən digər nazir və komitə rəhbərləri də belə izafi məsrəf sahibi olublar. Diqqət yetirin, xərclərin siyahısında bir dənə də olsun sfera yoxdur ki, oradan yatırılan vəsait qayıtsın, yatırılan kapital daimi iş yeri formalaşdırsın, dünyaya çıxarılan rəqabət qabiliyyətli məhsul istehsal edilsin, ölkəyə kapital axını təmin edilsin. Bax budur fərsiz və antimilli iqtisadi siyasət.

Bizi inandırmaq istəyirlər ki, düşdüyümüz vəziyyət bu hakimiyyətin deyil, xarici qüvvələrin işidir. Yəni neft 30 $-a düşməsə idi, vəziyyətimiz yaxşı olardı. Bu nə yanaşmadır? Nəyə görə Allahın bu millətə bəxş etdiyi neft gəlirlərindən faydalı istifadə etməmisiniz? Nəyə görə bu 20 ildə rəqabət qabiliyyətli iqtisadiyyat qura bilməmisiniz, qarşılığında xalqın ilahi sərmayəsini dağıtmısınız? Məgər xaricilər bu suala cavab verməlidirlər? Düşmən Ermənistanın ki, nefti yoxdur. Bəs necə olur ki, onlar neftsiz yaşayırlar? Nəinki yaşayır, hətta əhalisinə bizdən çox maaş verirlər. Belə qənaətə gəlirəm ki, onların hakimiyyəti öz xalqının qayğısına bizim hakimiyyətdən çox qalır. Əks halda, bu quru statistika hayların xeyrinə olmazdı.

Bir qənaət də odur ki, orada hakimiyyətdə torpaqlarımızı işğal edən millətçi kəsim, bizdə isə Baş nazirimiz 20 yanvar faciəsi zamanı, Bakıya işğalçı rus ordusunu dəvət etmiş şəxs, hakimiyyətdəki əksəriyyət isə, 1991-ci ildə SSRİ-nin qalmasına səs vermiş şəxslər və ya onların törəmələri, ideya xələfləridir...
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44