Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Əyalətlərdə xaotik etirazlar başladı

Ucar və Bakının ardından proses Sabirabad, Masallı, Füzuli və Astaraya da yayılmağa başlayıb

Manatın dəyərdən düşməsi və bahalaşma prosesi nəticəsində yaranmış narazılıq artıq etirazlara çevrilməyə başlayıb. Bir neçə gün əvvə Ucar rayonunda, dünən isə Bakının mərkəzində qəfil keçirilmiş etiraz aksiyalarının bununla bitəcəyi proqnozlaşdırılmır.

Çünki Saatlıda da artıq mitinq təyin olunub və narazılar yanvarın 15-də İcra Hakimiyyətinin binası önündə aksiya keçirməyi qərarlaşdırıblar.

Qeyd edək ki, onsuz da sosial-iqtisadi vəziyyəti ağır olan insanların kəskin devalivasiyadan sonra yoxsulluq həddinə düşəcəkləri gözlənilən idi. Eləcə bir çox mütəxəssislər də bəyan edirdilər ki, hadisələrin faktiki gedişatı xaotik etirazların baş qaldırmasına gətirib çıxaracaq.

Durumun ağırlığı daha çox əyalətlərdə hiss olunur. Belə ki, bir sıra rayonlarda artıq bahalaşma əleyhinə etirazlar baş qaldırmaqdadır. Gələn xəbərlərə görə, dünən Füzuli rayonunda, daha dəqiq ifadə etsək Horadiz qəsəbəsində bahalaşma əleyhinə etiraz aksiyası keçirilib. Hətta icra başçısı Alı Alıyevin istefası belə tələb olunub. Lakin polisin müdaxiləsindən sonra aksiya dağıdılıb. Bəzi bilgilərə görə, vəziyyəti ağırlaşmış rayon sakinləri yenidən etiraz aksiyası keçirmək fikrindədir.

Hazırda Sabirabadda da durumun ağır olduğu deyilir. Verilən məlumatlarda qeyd olunur ki, unun bahalaşmasına qədər səbr edən rayon sakinləri, artıq dillənməyə başlayıblar. Məlumatlarda vurğulanır ki, kənd sakinləri artıq dolanışıq üçün pul tapa bilmədiklərini və bahalıq səbəbindən də zəruri ərzaq məhsullarını ala bilmədiklərindən şikayətçi düşməklə yanaşı, buna etiraz etməkdədirlər.

Masallıda isə camaatla yanaşı, sahibkarlar da etirazlarını bildirməyə başlayıblar. Onlar vurğulayırlar ki, əgər müxalifət mitinq keçirərsə, bir nəfər kimi hamısı aksiyaya qatılacaqlar. Onlar faktiki olaraq dolanışın təmin olunmasının mümkünsüzlüyünü qeyd edirlər.
Astaradan gələn xəbərdə isə vurğulanır ki, camaat hələlik İrandan gətirilən ərzaq məhsullarının ucuzluğu hesabına dolanışığını qismən təmin edə bilsə də, narazılıq durmadan artır. Verilən məlumata görə, ötən gün ona yaxın insan rayonun mərkəzində bahalaşmaya etiraz ediblər. Kənardan isə xeyli insan onları dəstəkləyib.

Qeyd edək ki, son baş verənlər ölkədə sosial partlayışın əlamətlərindən sayılır. Ekspertlərin qənaətinə görə, proses bütün ölkəni bürüyə bilər. Onlar hökumətin zəruri tədbirlər görməsinin vacibliyini vurğulayırlar./jam.az/
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi