Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Eldar Mahmudov Qarabağ qazisini necə şərləyib?

Yaşar Quliyev həbsxanadan ölkə başçısına müraciət etdi

Qaçaqmalçılıq, odlu silah saxlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən, hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Şükürov Yaşar Teyyub oğlu “Azadlıq”a müraciət edib.

Məhkum Qarabağ müharibəsində iştirak etdiyini, kəşfiyyat taborunun komandiri olduğu zaman “Şişqaya” uğrunda gedən döyüşlərdə düşmən mövqeyini darmadağın edərək müxtəlif çaplı 70 ədəddən çox silah sursatı qənim götürərək hərbi hissənin anbarına təhvil verdiyini deyir: “Livandan olan muzdlu döyüşçü, erməni əsilli Arsen Ivaşiyanı əlbəyəxa döyüş zamanı öldürmüşdüm. Onun üzərindəki ”Makarov” tipli tapançanı şəxsiyyət vəsiqəsi ilə birgə gətirib hərbi hissəyə təhvil verdim. Həmin silah hərbi hissə komandiri tərəfindən rəsmi sənədlə yenidən mənə hədiyyə edildi. Uğurlu döyüş əməliyyatlarına görə ulu öndər tərəfindən qiymətləndirilərək döyüş ordeni medalı ilə təltif edilmişəm”.

Y.Şükürovun sözlərinə görə, uzun illər sonra Lənkəran Rayon Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin rəisi öldürülən erməninin silahı barədə xəbər tutur və həmin silahı ona bağışlamağı tələb edir. Keçmiş döyüşçünün bundan imtina etməsi isə ona baha başa gəlir. O, silahın sənədini MTN əməkdaşına göstərib “bu silah mənə hərbi hissə komandiri tərəfindən hədiyyə verilib, onu ancaq dövlətə təhvil verə bilərəm” deyib. Çox keçmir ki, Y.Şükürovun yaşadığı Lerik rayonunun Kəlvəz kəndində axtarış aparılır, mənzildən 1 ədəd ov silahı, “Makarov” tipli tapança aşkar edilərək götürülür və Y.Şükürov həbs olunur. Istintaq zamanı onun qaçaqmalıçılıq yolu ilə 1 kiloqram həşiş qətranını gömrükdən gizli yolla keçirməsi ilə bağlı ittihamlar da yer alır: “15 fevral 2010-cu ildə mənimlə birgə hərbi xidmət keçmiş, Ağcabədi rayon sakini Yaşasın Süleymanov zəng vurub Lənkəranda olduğunu və görüşmək istədiyini dedi. Lənkərana gedib onunla görüşdüm, geri qayıdan zaman Lənkəran rayon Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilərək şöbəyə aparıldım. Evimdə axtarış aparan zamanı həyat yoldaşım əməliyyatçılar tərəfindən vəhşicəsinə döyülüb. 15 yaşlı oğlum Şəhriyar Şükürzadəni qarlı-şaxtalı qış günündə qandallayaraq 2-3 saat ağaca bağlayıblar. Heç zaman tanımadığım, istintaq zamanı adının ”Pəhləvan” olduğunu öyrəndiyim şəxsi üzümə qoydular ki, guya ona 1 kilo həşiş qətranı satmışam. Hal şahidlərinin iştirakı ilə tərtib olunan protokollara imza edilməsi üçün dəvət edilən şahidlərdən biri məni tanıdığına görə bu qurama protokola imza atmadığına görə onu da vəhşicəsinə döydülər. Sənədləşmə işləri başa çatdıqdan sonra məni MTN-in istintaq təcridxanasına təhvil verdilər. Istintaq təcridxanasında “rezin kamera”da müstəntiqin nəzarəti altında döyüldüm, işgəncələrə məruz qaldım. Məhkəmə zamanı şikayətim əsasında Məhkəmə Tibbi Ekspertizası təyin olundu. Yoxlama zamanı sol qolumun bazu sümüyünün və qabırğamın sınması diaqnozu qoyuldu. Bununla bağlı tibbi ekspertizanın rəyi də var”.

Məhkum müraciətində sözügüdən silahların ona məxsus olduğunu etdiraf etsə də, narkotik vasitədən xəbərsiz olduğunu, hətta cinayət təqibi zamanı keyfiyyətli hüquqi yardım almaq hüququndan belə məhrum edildiyini deyir: “Nə narkotik istifadəçisiyəm, nə də alverçisi. Bunlar hamısı şər və böhtandan başqa bir şey deyi. Milli Təhlükəsizlik Nazirliyinin struktur bölmələri də insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaqla məşğul olub”.

Y.Quliyev bildirib ki, bundan əvvəl ölkə başçısına və mediaya müraciət edib. Həmin müraciətdən sonra prokurorluqdan onun yanına gəliblər. “Ifadəmi aldılar. Baş verənləri olduğu kimi dedim. Ümid edirəm ki, ədalətli araşdırma aparılacaq və azadlığa qovuşacam. Qəzetiniz vasitəsilə bir daha prezident Ilham Əliyevə müraciət edərək ondan bu məsələyə diqqət yetirməsini xahiş edirəm”./azadlıq/
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber