Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

"Ölmüş manat"ın kasıblara vurduğu zərbə rəqəmlərdə

Hazırda minimum əməkhaqqı 105 manat və ya təqribən 67 dollardır

Manat dekabrın 21-dən sonra davamlı ucuzlaşır. Həmin tarixdə valyutadəyişmə məntəqələrində dollar 1.58 manat idisə, hazırda 1.75-1.85-a arasında satılır. Ötən qısa müddət ərzində manat 12-13 faizdən çox ucuzlaşıb. 2015-ci ilin fevralın 21-dən bəri isə ucuzlaşma 2 dəfədən çoxdur. Təbii ki, məzənnə dəyişikliyi malların qiymətində bahalaşmaya gətirib çıxarır. Bu o deməkdir ki, gəlirlərimiz dollar ekvivalentində hər gün azalır. Digər tərəfdən bahalaşma xərclərimizi artırır və yoxsullaşırıq (“BizimYol”).


Manatın məzənnəsinin enməsi sosial müavinətlərin dayanıqlığına da təsir edib. Artıq sosial baxımdan zəif müdafiə olunan kəsimin aldığı müavinətlər artan qiymətlərin fonunda getdikcə dəyərsizləşir. Hökumətin müəyyənləşdirdiyi yaşayış minimumuna dair göstəricilərə nəzər yetirən zaman mənzərə bir daha açıq görünür.
Gündəlik minimum gəlir təqribən 2.2 dollar təşkil edir
Hazırda minimum əməkhaqqı 105 manat və ya təqribən 67 dollardır. Manatın devalvasiyası, bahalaşma pensiyaçıların da, müavinət alan digər qrupların da gəlirlərini ciddi şəkildə azaldıb, xərclərini isə artırıb. Hökumətin təsdiq etdiyi ehtiyac meyarı və yaşayış minimumunu isə yalnız yoxsulluq içində olan Afrika və Cənubi Amerika dövlətləri ilə müqayisə edə bilərik. Belə ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (Mərkəzi Bankın məzənnəsinə görə 87 dollar), əmək qabiliyyətli əhali üçün 146 manat (93 dollar), pensiyaçılar üçün 115 manat (73 dollar), uşaqlar üçün 117 manat (75 dollar) məbləğində müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat (67 dollar) məbləğində təsdiq edilib.
Pensiyalara gəlincə, baza hissəsi 100 manatdır. Təqribən 64 dollar.
O ki qaldı sosial müavinətlərə, 2013-cü il avqustun 29-da qəbul olunmuş bəzi rəqəmlərə diqqət yetirək.ÿ
– Yaşa görə müavinət – 60 manat və ya 38 dollar
– Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I qrup əlillərə – 67 manat və ya 42 dollar
II qrup əlillərə – 50 manat və ya 32 dollar
III qrup əlillərə – 43 manat və ya 27 dollar

Qarabağ əlillərinə;
I qrup əlillərə – 83 manat və ya 53 dollar
II qrup əlillərə – 66 manat və ya 42 dollar

– sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – 67 manat və ya 42 dollar
– ailə başçısını itirməyə görə müavinət – 55 manat və ya 35 dollar
– uşağın anadan olmasına görə müavinət – 90 manat və ya 57 dollar;

– Bundan əlavə 1,5 yaşadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat və ya 20 dollar, 1.5-3 ÿyaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat və ya 9.5 dollar miqdarında müəyyən edilib.
Bu siyahını artırmaq da olar. Qeyd edək ki, hesablamaları real bazar məzənnəsi ilə apardıqda hökumətin əhaliyə təqdim etdiyi sosial müdafiə proqramı sadəcə bir kağız parçasına çevrilir.

“Artan qiymətlər və dəyərsizləşən sosial müavinətlər”
Indiki vəziyyətdə sosial müavinətlər, pensiyalar, əməkhaqları minimum istehlak səbətinin neçəÿfaizini ödəyə bilir?


Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Rövşən Ağayevin fikrincə, kiçik ölkə üçün kifayət qədər iriməbləğə çatdırılmış büdcə vasitəsilə xərcləmələr, neft pulları hesabına həddən artıq böyük qazanc əldə etmək imkanı qazanmış oliqarxiyanın bir çox hallarda yalnız sosial sabitlik məqsədilə həyata keçirdiyi rentabelsiz iqtisadi layihələr hərəni birtərəfdə ovundurmağa yetirdi: “Xüsusilə, tikinti və xidmət sektoru işsizlər ordusu ilə bərabər sosial problemləri də öziçərisinə çəkmişdi.

Belə şəraitdə “yaşayış minimumu”, “ərzaq səbəti”, “yoxsulluq” həddi, minimum əməkhaqqı kimi vacib sosial normativlərin nə dərəcədə beynəlxalq praktikaya uyğun hesablanıb-hesablanmadığı hamının yadından çıxmışdı. ÿAmma indii vəziyyət dəyişib: sosial müdafiənin təşkili məsələləri yaxın illərdə ən aktual mövzu olaraq qalacaq”.

R.Ağayevin sözlərinə görə, hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir: “Təxminən 1 ay öncə kiçik bir hesablama aparmışdım – ”Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” hökumətin 2005-ci il 23 iyun tarixli qərarında nəzərdə tutulan istehlak normativləri əsasında. Məlum olduki, 1 nəfərin o zamankı qiymətlərlə ərzağa olan minimum tələbatını ödəmək üçün 100 manat tələb olunur. Yerdəqalan 36 manatın isə insanların yerdə qalan tələbatını nədərəcədə ödəyə biləcəyi bir ayrı mövzudu. Sadəcə mən Türkiyə təcrübəsinə diqqət edəndə bizdə insanların sosial müdafiəsinin effektiv təşkili üçün sosial normativlərin tətbiqində çox mühüm bir boşluq gördüm.
Türkiyədə “aclıq sınırı” və “yoxsul luqsınırı” ayrıca hesablanır. “Aclıq sınırı” insanların yalnız ərzağa olan tələbatını ödəyər. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün “aclıq sınırı”nın dəyəri 480 dollardır – yəni 1 nəfər üçün 120 dollar. Amma “yoxsulluq sınırı” göstəricisi ərzaqla yanaşı ən zəruri xidmətlər dəstinin minimum dəyərini ifadə edir. 4 nəfərlik ailə üçün “yoxsulluq sınırı”nın dəyəri 1570 dollardır – yəni 1 nəfər üçün 392.5 dollar. Türkiyədə hazırda minimum əməkhaqqı 340 dollar ətrafındadı. Bu o deməkdirki, 4 nəfərlik bir ailədə minimum əməkhaqqı alacağı tədqirdə ən azından ailənin ərzaq minimumunun 70-75 faizini ödəyəbilər. Amma bizdə minimum əməkhaqqı ilə ailədəki 4 nəfərin, yalnız bir nəfərin minimum ərzaq tələbatını ödəyə bilir.ÿ

Türkiyədə 1 nəfərin yoxsulluğunu qarşılamaq üçün müəyyən edilən dəyərdə ərzağın payı cəmi 30 faizdir. Bizdə isə ÿhökumətin “yoxsulluq həddi” kimi müəyyən etdiyi 136 manatın 74 faizi ərzaq tələbatı ilə bağlıdı. Eyni zamanda bizdə “yoxsulluq sınırı” göstəricisinin dəyəri Türkiyədəki “aclıq sınırı” göstəricisinin dəyərinə uyğundur. Bu o deməkdir ki, bizdə hökumətin elan elədiyi “5.5 faiz yoxsulluq” əslində “aclıq həddi göstəricisidi”.

R.Ağayev qeyd edir ki, ərzaq səbəti ailə üçün hesablanmalı, minimum əmək haqqının həcmi ailənin ərzaq səbətinə uyğunlaşdırılmalı, inflyasiyaya uyğun müntəzəm indeksasiya olunmalıdı: “Tipik ailə üçün ata, ana və iki uşağın istehlak səbətinin dəyərini aşağıdakı kimi təqribi müəyyənləşdirmək olar:

40 kq çörək və un məmulatları (vermişel, makaron və s.) istehlak etməlidir – indiki qiymətlərlə təxminən 35 manat
30 kq kartof istehlak etməlidir – indiki qiymətlərlə təxminən 40 manat
35 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 30 manat
55 kq meyvə və giləmeyvə istehlak etməlidir – indiki qiymətlərlə təxminən 75 manat
12 kq ət və ət məmulatları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 75 manat
80 kq süd və süd məmulatları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 50 manat
3 kq balıq istehlak etməlidir – indiki qiymətlərlə təxminən 20 manat
60 ədəd yumurta istehlak etməlidir – indiki qiymətlərlə təxminən 15 manat
6 kq şəkər və qənnadı məmulatlar istehlak etməlidir – indiki qiymətlərlə təxminən 8-9 manat
3 kq bitki yağları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 12 manat
2.5 kq kərə yağı istehlak etməlidir – indiki qiymətlərlə təxminən 20 manat
Çay və duz kimi digər ərzaq məhsulları – indiki qiymətlərlə təxminən ayda 5-6 manat
40 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) – 12 manat
200 kVt/s elektrik enerjisi istehlak etməlidir – 12 manat 15. 185 nəqliyyat gedişindən istifadə etməlidir – 37 manat
84 kub qaz istehlak etməlidir – 8.4 manat

Rabitə və internet xidmətləri ödəməlidir – ən ucuz variantda 13.2 manat ödəməlidir
Mənzilin qızdırılması üçün vəsait ödəməlidir. Qanunvericilik bunun üçün minimum yolverilən məbləğ nəzərdə tutmur. Amma təcrübə göstərir ki, ailədə 1 nəfər üçün aylıq xərc 7-8 manatdan az deyil. Bu isə təxminən ayda bir ailə üçün 28-30 manatdır
Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) – qanunvericiliyə görə yuxarıda göstərilən xidmətlərə aylıq xərcin 15 faizidə bu xidmətlər üçün nəzərdə tutulmalıdı – bu isə təxminən 17 manat edir.
Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 400 manat, xidmətlər üzrə xərcləri 130 manat təşkil edir – yəni təkcə ərzaq və xidmətlər üzrə minimum xərclər 530 manata bərabərdir. Halbuki yanvarın 1-dən qüvvəyə minən yaşayış minimumu haqqında qanunu əsas götürsək, 2 məktəb yaşlı uşağı olan ailə üçün yaşayış minimumunun dəyəri 526 manat təşkil edir. Indi təsəvvür edək ki, bu tipik ailədə hər 2 ailə başçısı işləyir və minimum əməkhaqqı səviyyəsində maaş alırlar – yəni ailə büdcəsinin aylıq gəliri 210 manat. Indi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan 320 manatı bu ailə haradan almalıdır?

Amma unutmayaq ki, qüvvədə olan yaşayış minimumu təkcə 2 səbətdən – ərzaq və xidmətlər səbətindən ibarət deyil. 3-cü səbət də var – qeyri-ərzaq səbəti. Qeyri-ərzaq səbətini də nəzərə alsaq, həmin ailənin büdcəsinin aylıq kəsiri 400-450 manat təşkil edəcək.

Bura geyim və ayaqqabı, yataq ləvazimatları, məktəbəşyaları, məişətdə istifadə edilən ən zəruri əşyalar da daxildir. Bu səbətində minimum dəyərini hökumət müəyyən etmir. Amma yaşayış minimumu heç ən zəruri ərzaq və xidmətlərin minimum normativlərlə istehlakı üçün yetərli deyil – o ki, qala geyim və məişət əşyalarının alınması üçün”, deyə Rövşən Ağayev vurğuladı.

“Qiymət artımının qarşısını iqtisadi üsullarla almaq lazımdır”


Iqtisadçı Samir Əliyevin isə fikrincə, devalvasiya əhalinin sosial durumunun ağırlaşmasına səbəb oldu. Bu isə o anlama gəlir ki, hökumət əhalinin vəziyyətinin ağırlaşması hesabına öz ehtiyatlarını qorumuş oldu, eyni zamanda büdcənin icrasını həyata keçirdi: “Devalvasiya təkcə Azərbaycanda baş vermir. Bir çox ölkələrdə bu olur. Amma devalvasiyadan sonra qiymət artımı labüddür. Xüsusilə Azərbaycan kimi idxaldan asılı olan ölkələrdə bu qaçılmazdır. Ona görə devalvasiyadan sonra hökumətin vəzifəsi qiymət artımının qarşısını almaqdır. Amma bu dükanlara qiymət artımını qadağan etmək kimi başa düşülməməlidir. Burada iqtisadi metodlardan istifadə olunmalıdır. Gömrükdə müxtəlif güzəştlər tətbiq olunmalıdır. Eyni zamanda əhalinin sosial baxımdan həssas təbəqəsinin vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır”.

Devalvasyiaya qədər əhalinin xərclərinin 75 faizini istehlak xərcləri təşkil etdiyini deyən S.Əliyev bildirdi ki, bundan sonra əhalinin xərclərindəki istehlak xərcləri artacaq: “Pensiyaların səviyyəsi aşağıdır. Bu baxımdan düşünürəm ki, hökumət bu məsələyə diqqət yetirməlidir. 2016-cı ildə büdcədə pensiya və təqaüdlərin artımı nəzərdə tutulmur. Devalvasiya nəticəsində manat kütləsində müəyyən üstünlük əldə olunub. Ona görə pensiyaların artımına getmək olar”./azadliq.info/
913 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...