Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Regionlarda etiraz aksiyaları başladı; eyni vaxtda 4 rayonda əhali ayağa qalxdı VİDEO

Yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.

Lənkəranın Liman qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayıblar. Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər. Aksiya iştirakçılarından biri Azadlıq Radiosuna deyib ki, artıq yaşaya bilmirlər: «Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub».

Məlumatlara görə, aksiyanın qarşısını almaq üçün əraziyə polis qüvvələri cəlb olunub.



Aksiya saat 12.10-da başlayıb və saat 13.30-da İcra Hakimiyyəti nümayəndələrinin yaranmış problemlərin həllinə söz verməsindən sonra dayandırılıb. Polis bir neçə nəfərin həbs etmək istəsə də, sakinlər kütləvi müdaxilə ilə buna imkan verməyib.

***

Füzulidə isə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində qiymət artımına etiraz başlayıb. mia.az sayutını rayon sakinlərinə isitnadla xəbər verib ki, narazılar Horadiz-Bakı qatarının qarşısını kəsib. Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər. Hazırda 500 nəfərdən artıq sakin ərazidəki sərhəd zastavasının qarşısına yığılıblar.

***

Siyəzəndə də bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlər mövcud şərtlərlə yaşamağın mümkünsüz olduğunu bildiriblər. Ərazidən keçən vətəndaşların “Azadlıq”a verdiyi məlumata görə, bir qrup rayon sakini isə Bakı-Quba yoluna avtomobil təkərləri düzərək hərəkəti məhdudlaşdırmağa çalışır.

***

Daha bir etiraz aksiyası da Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya eturaz ediblər. Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.

Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli isə Azadlıq Radiosuna deyib ki, intihar etmək istəyən bir nəfər – Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış: «Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. «Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq» deyirdilər».

Rayon sakini Cahid Hacıbəyli Azadlıq Radiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburi köçkünlər olub.

Rəşid Nəcəflinin sözlərinə görə, aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.

«Dedilər ki, «nə probleminiz var, həll edəcəyik». O gənc də dedi ki, «həmişə söz verirsiniz, amma sonra da aldadırsınız». Bəziləri danışır ki, hökumətin onlara verdiyi evləri kirayə verib gedib ata-ana, qardaş-bacı yanında yaşayırlar ki, birtəhər aldıqları pulla dolansınlar. Bir müəllimə cibindən resepti çıxardı, dedi ki, bir aydır gəzdirir, ancaq dərman ala bilmir. İcra başçısı da onları dinləyəndən sonra cavab verdi ki, ölkənin 20 faizi işğal altındadır, müharibə bitməyib, bu cür etirazlara ehtiyac yoxdur və s…» – Rəşid Nəcəfli deyib.

Rəsmilər və sakinlər gənci intihar fikrindən daşındırıblar. İcra başçısı problemlərin həllini vəd edib.

***

AXCP sədri Əli Kərimli rayonlarda baş qaldıran etirazlarla bağlı feysbuk səhifəsindən hökumətə çağırış edib. Əli Kərimli tələb edib ki, hökumət heç bir təxribata yol vermədən etirazçıları dinləməli, xalqın tələblərini yerinə yetirməlidir.



1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56