Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Azərbaycan otelləri boş qalıb - Turizmdə böhran

Son vaxtlar dünyanın turizm məkanlarında törədilən terror aktları, qlobal iqtisadi böhran, aviabiletlərin bahalaşması və digər neqativ amillər turizm biznesinə də ciddi ziyan vurub. Təhlükəsizlik risklərinin artması və iqtisadi çətinliklər səbəbindən insanlar istirahət planlarına yenidən baxmalı olurlar. Bu da turizm biznesində durğunluq yaradır və səyahət edənlərin sayının azalmasına səbəb olub.

Turizm biznesində hökm sürən bu neqativ tendensiya Azərbaycandan da yan keçməyib. Azərbaycan onsuz da bahalı otellərinə və xidmət haqlarının yüksək olmasına görə xarici turistlər arasında o qədər də populyar deyildi. İndi isə manatın ucuzlaşması, əhalinin gəlirlərinin dollar ekvivalentində kəskin azalması, xarici amillər bu sektorda vəziyyəti bir qədər də çətinləşdirib.

Virtualaz.org saytı turizm biznesində geriləmənin yaşandığı indiki dövrdə Azərbaycandakı otellərin müştəri sarıdan vəziyyətini araşdırdı.

Suallarımıza cavab almaq üçün əvvəlcə Bakının beşulduzlu və dördulduzlu otellərindən bir neçəsində sorğu aparıb onlarda yerlərin neçə faizinin tutulduğunu dəqiqləşdirməyə çalışdıq.

318 otağı olan “Fairmont Baku” otelinin əməkdaşı deyir ki, oteldə yerlərin 40%-i doludur ki, bu da təxminən 127 otaq deməkdir. Yənihazırda otelin yarıdan çoxu boşdur.

“Four seasons”otelinin əməkdaşları otaqlardan dəqiq neçəsində qonaq olduğunu deməkdən imtina etsələr də bildirdilər ki, kifayət qədər boş yer var. Oxşar cavabı “Qafqaz Baku City Hotel&Residence” otelinin əməkdaşları da verdi. Məlum oldu ki 4 ulduzlu və cəmi 103 otağı olan oteldə yerlərin əksəriyyət boşdur.

“JW Marriott Absheron” otelinin əməkdaşlarından əldə etdiyimiz qeyri-rəsmi məlumata görə isə hazırda oteldə nömrələrin cəmi 20 faizi doludur. Başqa sözlə, 243 otaqlıoteldə yerlərin təxminən 195-i boşdur.

Digər bir 5 ulduzlu otel, 309 nömrəlik “Hilton”da isə otaqların yalnız 30 faizində qonaq var. Otel əməkdaşlarının sözlərinə görə, bəzi mərtəbələr ümumiyyətlə boşdur.

Xatırladaq ki, adları çəkilən otellərdə qiymətlər bəzi qonşu ölkələrdə, məsələn, Türkiyə və Gürcüstandakı 5 ulduzlu otellərlə müqayisədə xeyli yüksəkdir. Məsələn, turistlərin ən çox üz tutduğu şəhərlərdən biri olan İstanbulda 5 ulduzlu otellərin qiymətləri 70-80 dollardan başlayır. İstanbulda hətta 67 dollara da 5 ulduzlu otel tapmaq mümkündür.

Bakının lüks otelləri ilə yanaşı “kasb” otellərində də vəziyyəti ürəkaçan deyil. Bu vəziyyətdən çıxmaq üçün bəzi otellər otaq qiymətinə səhər yeməyini də daxil etməkdən imtina ediblər.

Eləcə də rayonlarda fəaliyyət göstərən otellərdə də vəziyyət fərqli deyil. Qəbələdə yerləşən “Qafqaz Riverside Hotel”in əməkdaşı deyir ki, hər qiymətə otaq var,amma qonaqların sayı azdır:“İki nəfərlik standart otağın bir gecəlik qiyməti 80 manatdır, xidmətə səhər yeməyi və internet daxildir. Suite otaq 100 manat, kral otağı isə 1000 manatdır. Ümumilikdə isə boş otaq çoxdur, çünki qonaq azdır”.

“Sheki Palace Hotel”də isə özümüzü müştəri kimi təqdim edib boş otaqların sayı ilə maraqlananda öyrəndik ki, minimum qiyməti 90 manatdan başlayan otel otaqlarının əksəriyyəti boşdur. Otelin əməkdaşı deyir ki, qonaq olan və hazırda təmirdə olan otaqları çıxmaqla oteldə cəmi 45 boş otaq var. “Sheki Palace Hotel”in rəsmi saytında isə qonaqlama üçün iş adamları və turistlərə 46 otağın təqdim olunduğu yazılıb. Bu isə o deməkdir ki, oteldə cəmi 1 otaq doludur.

“Samaxi Palaca Sharadil” oteldə də oxşar vəziyyətdir. Otelin qeydiyyat şöbəsindən əldə etdiyimiz məlumata görə, hazırda otelin cəmi 20 faizi doludur:“Oteldə cəmi 102 otağımız var, minimum qiymət 110 manatdan başlayır. Bu qiymətə səhər yeməyi və SPA xidməti daxildir. Otaqların qiyməti həftənin günlərinə görə də dəyişə bilir. Məsələn, həftəsonları ucuz olur. Hazırda isə cəmi 102 otaqdan 80-i boşdur”.

Manatın devalvasiyasına baxmayaraq otellərin əksəriyyəti qiymətləri artırmayıblar. Buna baxmayaraq araşdırmamız göstərdi ki, Azərbaycan otellərində yerlərin əksəriyyəti boşdur, bu da turizm sektorundan gəlirlərin kəskin azalacağını deməyə əsas verir. Mədəniyyət və Turizm Nazirliyindən isə bu problemə münasibət öyrənmək cəhdimiz baş tutmadı.
1041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...