Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Böhran qızıl bazarını da vurdu: 50 faiz bahalaşma

750 əyarlı qızılın qramı 80-100 manat olub. Amma əvvəl 35-40 manata satılırdı. 585 əyarlı qızılın, brilyantın qiymətində də 30-35 faiz bahalaşma var. Daha çox xaricdən gətirilən, zavod istehsallı zinət əşyalarının qiyməti artıb.

-Qiymət artımı alıcıların sayına təsir edibmi?

-Devalvasiyadan sonra bazar “ölüb”. Bəzən günlərlə heç 100-200 manatlıq alver edə bilmirik.

…Bu, “Moskva” univermağının birinci mərtəbəsində zinət əşyaları satan Arzu Əliyevanın dedikləridir. …“Moskva” univermağı paytaxtın qızıl bazarı kimi tanınır. Amma ikinci devalvasiyadan sonra burada da vitrinlər boşalır. Məsələn, univermağın birinci mərtəbəsində 10-dan çox vitrin boşdur. Bəziləri qızıl satmaqdan daha çox almağa üstünlük verməyə başlayıb.

Satıcı Həsən Məmmədov isə deyir ki, bahalaşma yaxın bir ayda daha çox hiss olunacaq: “Dollar bahalaşandan sonra qiymətlər nisbətən artıb. Hələ ki bəzilərinin köhnədən, satılmayan malı var, onları bir qədər baha qiymətlə təklif edir. Əsl bahalaşma yeni mal gətiriləndən sonra müşahidə ediləcək”.

H.Məmmədovun sözlərinə görə, indi yalnız məcburiyyət qarşısında qalanlar qızıl alır: “Toy edənlər qızıl alırlar. Amma əvvəlki kimi zinət əşyasının firmasına, görkəminə deyil, qramına və qiymətinə fikir verirlər. Daha çox 585 əyarlı qızıl alınır. Çünki 585 görkəminə görə 750 əyarlıq İtalyan qızılına bənzəsə də ucuzdur. Elə hədiyyə kimi də qızıl alanlar daha çox 585 əyarına üstünlük verirlər”.

Digər satıcı isə qiymətlərin artması ilə bağlı deyilənlərə etiraz edir: “Gedib, “qızıl bahalaşıb” yazacaqsınız. Onsuz da alıcı yoxdur, almaq istəyənlər də qorxuya düşəcək. Amma əslində dollar və ya manata etibar qalmayıb. Əmanətlərini qızıl kimi saxlamaq daha etibarlıdır”.

“Moskva” univermağında qızıl alıcılarından daha çox qızıl satanlara rast gəlinir. 750 əyarlı qızılın qramı 40 manata qəbul edilir.

Bakı şəhər sakini Nazlı Həsənova deyir ki, oğlunu əməliyyat etdirmək üçün qızıllarını satmaq məcburiyyətində qalıb: “Banklara borcum var, ona görə də təkrar kredit götürə bilmədim. İndi 69 qram qızıla 2175 manat verdilər. Qızılın qramını 2 dəfə aşağı qiymətlə qəbul edirlər. Brilyantın isə heç dəyəri yoxdur”.

750 əyarlı qızılın 1 qramı 38-40 manata alınır. Amma satıcılar deyirlər ki, qızılın satışı kimi, alıcılardan qəbulu da bahalaşıb: “Əvvəl lom kimi 1 qramını 30 manatdan alırdıq. İndi 40 manata götürürük. Həmişə alış ilə satış arasında böyük fərq olub”.

Univermağın qızıl şöbəsində əsasən Rusiya, Türkiyə və Dubaydan gətirilən zinət əşyaları satılır.

Univermağın girəcəyində tanınmış qızıl firmalarına məxsus bir neçə mağaza da fəaliyyət göstərir. Dubay, Türkiyə və digər ölkələrdən gətirilən zinət əşyalarının qiyməti 2 dəfə bahalaşıb.

Satıcı Aygün Quliyeva deyir ki, yerli zərgərlərin istehsal etdiyi zinət əşyalarından fərqli olaraq xaricdən gətirilən zinət əşyalarının qiyməti bahadır: “Bəziləri zərgərlərin mallarını zavod istehsalı kimi satır. Brend malların qiymətini isə biz deyil, firmalar müəyyənləşdirir. Dollar bahalaşandan sonra gətirilən zinət əşyalarının qiyməti də artıb. Ən azı 50 faiz bahalaşma var”.

Apardığımız müşahidələr qızıl bazarında qeyri-müəyyənlik olduğunu göstərir. Bəzi satıcılar dolların yenidən bahalaşacağını, bazarda tamamilə alverin dayanacağından narahat olduqlarını söyləyirlər, bəziləri isə yaxın 1-2 ayda bazarın canlanacağını gözləyir. Amma hələ ki qızıl bazarında alıcılar da narazıdır, satıcılar da…/virtualaz/
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37
Putindən keçm