Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Belə hökumətlə böhrandan çıxmaq olarmı?

Milli Şuranın sədri Cəmil Həsənli ölkədə sosial-iqtisadi vəziyyətin günü-gündən pisləşməsi ilə bağlı özünün facebook səhifəsində fikirlərini bölüşüb. Həmin statusu təqdim edirik:

Dostlar! Son günlər qiymətlərin müdhiş artımı müşahidə edilir. Mağazaların rəfləri sürətlə boşalır. Rayonlarda vəziyyət xüsusilə fəlakətli xarakter alır. Unun qiymətinin kəskin şəkildə artması bölgələrdə əhalini aclıq təhlükəsi ilə üz-üzə qoymuşdur. 50 kq un kisəsinin 37-38 manata yüksəlib. Külfət evi üçün 50 kq çəkisi olan un kisəsi təxminən 5-6 dəfə çörək bişirmək deməkdir. Unun qiymətinin artması öz növbəsində çörək və un məhsullarının qiymətindən yan keçməyib. Vəziyyətin belə kəskin pisləşməsi çörək istehsalı üçün gərəkli olan taxıl və un məhsullarının bütövlükdə idxal üzərində qurulması ilə bağlıdır.

2007-ci ildə Ərzaq Təhlükəsizliyi haqqında 7 illik (2008-2015) dövlət proqramı qəbul edilsə də, o kağız üzərində qaldı. Un məhsullarının qiymətində müşahidə edilən qiymət artımı məhz çörək kimi strateji bir məhsulun yerli istehsala deyil, bilavasitə möhkəm valyuta ilə alınan idxala əsaslanmasıdır. Bir vaxtlar bütün Şərq ölkələrini tənbəki ilə təmin edən Azərbaycan indi tütünü idxal edir və nəticədə həmin məhsullarının qiymətində kəskin artım baş verir. İstehlak bazarında pomidor, xiyar, kartof, soğan, ət, süd məhsullarının qiymət artımı əhalinin dolanışıq zənbilinə ciddi problemlər gətirmişdir.

Bu gün artıq Lənkəran, Siyəzən, Füzuli, Ağcabədidə adamların bahalaşmaya qarşı etiraz çıxışları olub. Bazar günü keçirilmiş Nazirlər Kabinetinin müşavirəsi göstərdi ki, hökumətin böhrandan çıxış yolları barədə aydın bir proqramı yoxdur. Böhranın bütün ağırlığı əhalinin üzərinə qoyulub. Maliyə böhranının, qiymət artımının qarşısını prokurorluq orqanları vasitəsi ilə alınmasına göstəriş verilib. Bir tərəfdən azad bazar münasibətlərindən danışılır, digər tərəfdən qiymət artımının inzibatı yollarla dayandırılmasına uğursuz cəhdlər edilir. Bu iqtisadi böhrandır, maliyyə böhranıdır və onun qarşısını prokurorluq orqanları vasitəsi ilə deyil, iqtisadi mexanizmlərin işə salınması, təxirəsalınmaz tədbirlər görülməsi, təcili olaraq əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi yolu ilə almaq olar.

Hələ də başa düşmək istəmirlər ki, vəziyyətin belə böhranlı həddə gəlib çıxması yalnız neft qiymətlərinin düşməsi ilə deyil, uzun illər ərzində ölkənin iqtisadi həyatının inzibati amirlik metodlarla, hüquq müdafiə orqanlarının müdaxiləsi ilə idarə etməyə üstünlük veriblər. 9 milyonluq əhalisi (onun da 3-3,5 milyon nəfəri respublikadan kənardadır) olan bir ölkədə 12 istintaq idarəsi fəaliyyət göstərir ki, kiçik istisnalarla onların hamısının başlıca vəzifəsi işgüzar təşəbbüsləri boğmaq, bu təşəbbüslərlə yanaşı iş adamlarının axırına çıxmaqdır.

Gömrük Komitəsi, Vergi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, bu sıradan olan digər komitə və nazirliklərin öz istintaq orqanlarının olması müvafiq idarələrin nəzarət etdikləri sahələrdə mükəmməl rüşvət mexanizmi yaratmalarına əlavə imkanlar verdi. Prokurorluq orqanlarının ölkənin iqtisadi və maliyyə həyatına müdaxiləsi böhranı daha da dərinləşdirə bilər. Dekabr ayının 21-də keçirilmiş ikinci kəskin devalvasiyadan sonra manatın məzənnəsini mübadilə məntəqələrinin bağlanması hesabına saxlanması əhali arasında kəskin psixoloji şok yaratmışdır. İki gün əvvəl keçirilmiş hökumət böhranından sonra demək olar ki, mübadilə məntəqələrinin 95 faizi öz fəaliyyətini dayandırmışdır.

Qalan 5 faizi də yalnız xarici valyuta alır, dollar və avro satmaqdan imtina edirlər. Vaxtında etibarlı xarici banklar ölkəyə buraxılmadı, maliyyə inzibatçılığı xarici kapitalın məmləkətdən çıxması ilə nəticələndi, ölkənin Bank sektoru ayrı-ayrı monopolist qurupların əlinə keçdi. Müvafiq sahəyə ayrılan maliyyə vəsaitlərini məhdud bir dairədə fırlatmaq, natəmiz əməliyyatları qorxusuz həyata keçirmək üçün hər nazirlik, idarə və dövlət şirkəti özünə bağlı banklar yaratdı. Bank kapitalının monopoliyaya alınması neft pullarının dağıdılması üçün bir vasitəyə çevrildi. Global maliyyə axınına nəzarət edən nüfuzlu beynəlxalq təşkilatın məlumatına görə neft gəlirləri dövründə – 2004 – 2013-cü illərdə Azərbaycandan 99 milyard dollar vəsait çıxarılıb. Əgər son iki ildə oğurlanan vəsaitləri də bura əlavə etsək hazırda ölkənin bu vəziyyətə düşməsinin səbəbini kənarda axtarmağa ehtiyac yoxdur. Həmin mənbənin məlumatına görə yalnız 2007-ci ildə ölkədən 20,8 milyard, 2012-ci ildə 12,8 milyard. 2013-cü ildə 14,7 milyard dollar vəsait çıxarılıb.

Belə böyük pulları nə inteligent Həsən, nə qəzetçi Rza, nə hamamçı Məşədi Qəzənfər, nə də danagüdən Fəti ölkədən çıxara bilməzdi. Bir neçə ildir Avstriya məhkəməsi Azərbaycanın dövlət atributlarından biri olan manatın çapı ilə bağlı rüşvət qalmaqalını, yəni banknotların kəsilməsi əməliyyatı zamanı icraçı müəssisənin Azərbaycan Mərkəzi (o zaman Milli) Bankına verdiyi rüşvətin necə xarici hesablara oturdulmasının hekayəsini araşdırır. İndi Siz deyin belə bir hökumətlə böhrandan çıxmaq olarmı? Böhrandan çıxmaq üçün ilk növbədə ölkədə nə baş verdiyinin mənzərəsi aydın olmalıdır, məmləkətdə real vəziyyətin müzakirəsi getməlidir.
1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber