Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

“Qiyamçı səfir”dən həyəcan siqnalı: “Belə getsə, çox yaxında Azərbaycanı etirazlar bürüyəcək”

“Düşünürəm ki, çox yaxınlarda etirazlar bütün ölkəyə yayılacaq. Hökumətin atdığı bütün addımlar böhranı daha da gərginləşdirir”.

Cebhe.info-nun Ucar rayonunda ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına edilən etirazların başqa bölgələrdə də təzahür etməsi mümkünlüyü ilə bağlı sualına cavabında İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin keçmiş rəhbəri, hal-hazırda Belçikada mühacirət həyatı yaşayan diplomat Arif Məmmədov belə deyib.

A.Məmmədovun sözlərinə görə, bazar iqtisadiyyatında qiymətlərin administrativ yollarla təkmilləşdirmək sərəncamlarını saxlamaq qeyri-mümkündür: “Bu, əksinə qiymətləri daha da qaldırır. Biz bunu dərmanların, yumurtanın və digər malların qiymətlərinin bahalaşmasının qarşısını almaq məqsədi ilə atılan addımların nəticəsində nə olduğunun şahidi olduq. Millət artıq hökuməti məsxərəyə qoyur. Gömrüklə bağlı verilən son sərəncama baxmayaraq, vəziyyət daha da mürəkkəbləşib. Bu sahələri nəzarət edən oliqarxlar öz mövqelərindən geri çəkilməyəcəklər”.

Arif Məmmədov qeyd edib ki, hökumət ölkədə iqtisadi-sosial vəziyyətin ağır olduğu dövrdə Azərbaycan – Gürcüstan sərhədlərində şəffaf gömrük siyasəti həyata keçirməlidir. “Heç olmasa, sərhəd-keçid bölgələrdə insanlar dolana bilsinlər. Mən 20 ildir Avropada yaşayıram və bütün ölkələr arasında sərhədləri keçmişəm. Sərhədi keçərkən adam hiss etmir ki, nə vaxt keçmisən. Yalnız yol kənalarındakı lövhələrdəki fərqli dillərdə yazılmış yazılardan bunu anlayırsan. İki gün öncə Gürcüstanla sərhəddə insanlara nə zülm verildiyinin şahidi olduq. İnsanlar Gürcüstandan bibər, portağal kimi meyvə-tərəvəz gətirirlər, amma bunun üçün də onlardan sənəd tələb edirlər. Hansı sənəddən danışırlar? Bazardan alınan mallara nə sənəd istəyirlər? Adambaşına cəmi 50-70 kiloqram meyvə-tərəvəzə nə sənəd istəyirlər? Minik avtomobillərinə isə bundan artıq mal yükləmək belə olmur. Bu, əsl talan və hökumət tərəfindən təşkil olunan açıq quldurluqdur. Mən 6 il Fransanın Strasburq şəhərində yaşadım. Strasburqdan Almaniyanın Kehl şəhərinə 10 dəqiqəlik yol var. Almaniyada qiymətlər Fransadakından 15-20 faiz aşağı olduğuna görə hər həftəsonu Kehl şəhərinə gedərək ərzaq və meyvə-tərəvəzi oradan alırdım. Lakin sərhəddə məni bir dəfə də saxlamadılar. Heç buna polisin ixtiyarı yoxdur. Yalnız hansısa şübhə olanda dayandıra bilərlər. Artıq Strasburqdan Kehlə tramvay yolu açılıb. İnsanlar rahat şəkildə tramvayla gedib bazarlıq edib, gəzib evlərinə gəlirlər. Yəni insanları incitməsən, onlara imkan yaratsan hər şey öz həllini tapar. Bizim millət zəhmətkeşdir, ailəni dolanışığı bizdə çox həssas məsələdir. Bu mental şəkildə milliətimizdə var. Bizdə kişi xeylağı öz həyatının mənasını ailənin qulu olmaqda görür. Bu, elə-belə söz deyil, bu, elmi tədqiqatın nəticəsidir”.

Arif Məmmədov hökumətdən hansısa islahat gözləmədiyini diqqətə çatdırıb. “Qiyamçı səfir”in sözlərinə görə, Azərbaycanda siyasət elə qurulub ki, bunu islah etmək mümkün deyil: “Çin istehsalı ucuz, 1-2 dollarlıq saatlar var. Onların təmiri mümkün deyil, işləməyəndə tullamaq lazımdır”.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP