Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Gürcüstanla ticarətdə yarım milyardlıq maxinasiya

Azərbaycan hökumətinin daha bir korrupsiya əməli faş oldu

Azərbaycanda korrupsiyanın artıq dövlətin təhlükəsizliyinə təhdidə çevrildiyi barədə çeşidli məlumatlar yayılıb. Korrusiyanın geniş yayıldığı sahələrdən biri də gömrükdür. Azərbaycanın idxal və ixrac əməliyyatları barədə açıqladığı rəsmi məlumatlarla ölkəmizin əlaqə yaratdığı dövlətlərin hər il elan etdiyi rəsmi statistika arasında ciddi fərqlərin olduğu birinci dəfə deyil ki, aşkarlanır. Belə ciddi fərqlərdən biri də iqtisadçı ekspert Rövşən Ağayevin apardığı araşdırma nəticəsində medana çıxıb.
R.Ağayev aşkarlayıb ki (media forum), Azərbaycan hökuməti 2012-ci ildə təkcə Gürcüstandan idxal olunan məhsulun dəyərini əslindən təxminən 5 dəfə az rəsmiləşdirib: “2012-ci ilin nəticələrinə görə, Azərbaycan gömrüyü Gürcüstandan idxal olunan malların hər 5 dollarından 1-ni qeydiyyata alıb. Gürcüstan milli statistika orqanının rəqəmlərinə əsasən, 2012-ci ildə qonşu ölkədən Azərbaycana 626.8 milyon dollar həcmində məhsul ixrac olunub. Azərbaycanın statistika qurumu isə həmin məbləği təxminən 5 dəfə az, yəni 129.9 milyon dollar göstərir.
Ölkələrarası xarici ticarət dövriyyəsinə dair məlumatların fərqlənməsinin obyektiv səbəbləri var. Məsələn, malın bir ölkədən göndərilməsi dekabrın 25-nə, o biri ölkəyə çatma dövrü növbəti ilin yanvarına təsadüf edir. Bu halda ixracatçı ölkənin gömrük statistikasında köhnə ildə qeydə alınan mal idxalçı ölkənin gömrüyündə təzə ildə qeydə alınacaq. Daha bir səbəb valyuta məzənnələrindəki fərqlə bağlı olur. Başqa səbəblər də var. Amma hər nə olursa olsun, şəffaf gömrük sistemi olduğu şəraitdə obyektiv səbəblər üzündən kənarlaşmalar 5 dəfə deyil, maksimum 15-20% intervalında ola bilər”.
R.Ağayevin sözlərinə görə, Azərbaycan statistika qurumunun məlumatına görə, 2012-ci ildə bizdən qonşu ölkəyə 570.7 milyon dollarlıq ixrac olub. Gürcüstan milli statistika orqanının məlumatında isə həmin rəqəm 633.5 milyon dollar göstərilib. Fərq cəmi 62.8 milyon dollar və ya 11 faizdir.
Ekspert deyib ki, idxaldan fərqli olaraq Azərbaycanın gömrük sistemi ixracın həcminin gizlənməsində maraqlı deyil: “Çünki ixrac nə qədər çox, idxal nə qədər az olarsa, xarici ticarət balansının müsbət saldosu da bir o qədər çox olar. Bu isə hakimiyyətin iqtisadi təbliğatında istifadə olunan əsas göstəricilərdən biri kimi istifadə olunur”.

Ekspertin sözlərinə görə, digər tərəfdən xarici ticarət balansının müsbət saldosunun kifayət qədər çox olması statistikada tədiyyə balansının da göstəricilərini yaxşılaşdırır.
Son illər Azərbaycanda həm kapitalın hərəkəti, həm də xidmətlər balansı mənfi saldoya malik olur. Belə vəziyyətdə tədiyyə balansının 3 elementindən biri - xarici ticarət balansı üzrə müsbət saldonun nisbətən böyük olması digər 2 bölmə üzrə mənfi yükü azaldır.

16 ölkə ilə idxalda 10 milyardlıq fərq

Ekspertə görə, ikinci mühüm məqam idxalın yüksək dərəcə ilə vergiyə cəlb olunmsıdır: «ƏDV, aksiz, gömrük rüsumları nəzərə alınsa, elə məhsullar var ki, gömrük dəyərinin 70-75%-i qədər vergi yükü daşımalı olur. İdxal qeyri-leqal olduqda isə sadəcə qeyri-rəsmi ödənişlər hesabına yüksək vergidən qaçmaq olur. İdxaldan fərqli olaraq Azərbaycandan ixrac tamamilə vergidən azaddır. Ona görə də heç bir ixracatçı öz ixracının həcmini gizlətməyə maraq göstərmir».
R.Ağayevin fikrincə, əgər hökumət Gürcüstandan idxala tətbiq etdiyi “gizlətmə əmsalını” başqa ölkələrin də idxalına tətbiq edirsə, deməli, Azərbaycanın real idxalının həcmi rəsmi idxaldan azı 3-4 dəfə çoxdur.
Onu da qeyd edək ki, Azərbaycanın digər ölkələrdən idxalı gizlətdiyi əvvəlki araşdırmalar zamanı da ortaya çıxıb. İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar göstərir ki, 2003-2009-cu illərdə Azərbaycanın 16 ölkə üzrə 10,6 mlrd dollarlıq idxal dövriyyəsi qeydiyyata alınmayıb.
Əslində, büdcəyə daxilolmalar əsasən idxal əməliyyatlarından nəzərdə tutulur. Çünki idxala həm rüsumlar, həm ƏDV tətbiq olunur. Bu o deməkdir ki, həmin dövr ərzində təxminən 5 mlrd dollar vəsait dövlət büdcəsindən kənarlaşdırılıb. Çünki 10,6 mlrd-ın təxminən 38%-i dövlət büdcəsinə gedəcək məbləğ olub.

“Baş verənlərlə bağlı dərhal cinayət işi açılmalıdır”

Bəs aşkarlanan bu məlumatlarla bağlı cinayət işi açılmalı və müvafiq şəxslər məsuliyyətə cəlb olunmalıdırmı?
Hüquqşünas Müzəffər Baxışovun fikrincə, Azərbaycan gömrüyündəki acınacaqlı durum özünü təkcə Gürcüstanla idxalda göstərmir. Əslində Azərbaycanda gömrüyün “toxunulmaz sfera” olduğunu deyən M.Baxışov bildirdi ki, Azərbaycanın hətta dünyanın ən demokratik ölkələri ilə idxal, ixrac əməliyyatlarındakı rəsmi sənədlərdə ciddi fərqlər var: «Məsələn, Almaniya gömrüyündən Azərbaycana 1 milyardlıq mal idxal edilibsə, ölkəmizin rəsmi statistikasında bu özünü 10 dəfə aşağı rəqəmlə göstərəcək. Bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurulur. Bu, dövlət əmlakının mənimsənilməsidir. Əslində bu məlumatlar dərhal araşdırma predmeti olmalı, məsuliyyət daşıyanlar barəsində cinayət işi başladılmalıdır. Mövcud qanunvericiliyə görə bunu Baş Prokurorluq etməlidir. Amma Baş Prokurorluq gömrükdə baş verənlərə göz yummur. Burada siyasi məqsədlər olduğuna görə düşünmürəm ki, kimsə məsuliyyətə cəlb olunacaq».
Baş verənlərlə bağlı Azərbaycan Gömrük Komitəsinin rəsmi mövqeyini öyrənməyə də çalışdıq. Amma gün ərzində bu istiqamətdəki cəhdlərimiz bir nəticə vermədi./azadlıq/
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP