Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

Akif Çovdarovun villasına 5 min manatlıq şüşə göndərdi, pulunu ala bilmədi

Fəaliyyətinə xitam verilmiş MTN-in idarə rəisi, general Akif Çovdarovun Şamaxıdakı villasına şüşə göndərən sahibkar pulunu ala bilməyib.

Bunu virtualaz-a Sumqayıt şəhər sakini, kiçik sahibkarlıqla məşğul olan Şərif Ağalarov özü deyib.

Onun sözlərinə görə, 18 ildən çoxdur ki, şüşə biznesi ilə məşğul olur. Ötən ilin avqust ayında Elnur adlı bir nəfər onun yanına gələrək, MTN generallarından birinə şüşə lazım olduğunu deyib: “Dedi ki, şüşə həmin generalın Şamaxının Nağaraxana kəndindəki yenicə tikilən villası üşün lazımdır. Malın qiyməti 5 min manat edirdi. Bundan əvvəl Elnur məndən şüşə almışdı, 750 manat borcu qalmışdı. Ona görə dedim ki, bu dəfə ödəniş olmadan mal verməyəcəm. Elnursa cavabında “Siz malı maşına yükləyin, pulunu verəcəyik, general üçün 5 min manat nədir ki?”. Malı maşına yüklədik, amma özü gəlmədi”.

Sahibkarın sözlərinə görə, həmin gün Mirzə adlı bir nəfər ona zəng vurub və generalın işlərini gördüyünü deyib. Bildirib ki, hazırda general burda deyil, malın pulunu sonra gətirib çatdıracaqlar: “Etiraz edəndə Mirzə dedi ki, 5 min manata görə generalı narahat etməyək, söz verirəm mal Şamaxıya çatan kimi pulun ödəniləcək. Yenə də razılaşmadım. Nəhayət, notariusda müqavilə bağlamağı qərara aldıq. Mirzə Şamaxıya generalın yanına gedəcəyini dedi və müqaviləni Elnurla bağlamağı məsləhət gördü. Müqaviləni niyə öz adına bağlamadığını soruşanda təcili getməli olduğunu, onsuz da malın pulunun üç günə ödəniləcəyini bildirdi. Elnurla 3 aylıq müqavilə imzaladıq, malı onlara təhvil verdim. Müavilə bağlananda öyrəndim ki, Elnurun əsl adı əslində Əjdər imiş”.

Ş.Ağalarov deyir ki, generalın adamlarından o vaxtdan bəri malın pulunu ala bilmir. Bu azmış kimi üstəlik həmin şəxslər ona hədə-qorxu gələrək təhdid etməyə başlayıblar: “Müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina edirlər. Məcbur olub polisə şikayət etdim. Dəfələrlə Elnurla görüşdüm. Mənim yanımda Mirzəyə zəng vurub telefonu diktofona qoydu, dedi ki, Şərif pulunu istəyir, əgər verməsək bizi məhkəməyə verəcək. Mirzə isə cavabında “narahat olma, generala deyərik, Şərifin kökünü kəsər. O gündən sonra təhdidlər başlandı. Məhkəməyə və polisə şikayət etməyim deyə mənə hədə-qorxu gəlirdilər”.

Sahibkar sonda polisə müraciət edib. Amma polisdən aldığı cavab “telefonla hədələnmək təhdid hesab olunmur, cinayət sayılmır, nə vaxt baltayla dalınca düşsələr o zaman gəlib bizə deyərsən” olub.

“Polis faktiki olaraq bu məsələni araşdırmadı. Hiss etdim ki, polis bu işə maraqlı deyil. Bir dəfə yenə Elnura, Mirzəyə zəng vuranda dedilər ki, villada iş yarımçıq qalıb, işi bitirin pulunuzu verək. Mənimlə birlikdə işləyən Famili göndərdim Şamaxıya, villadakı sınan şüşləri dəyişdi, 2 gün qarlı havada maşında yatdı. Yenə də pulu vermədilər. Sonradan generalın yeznəsi Rövşən adlı şəxs pulu Bakıda verəcəklərini dedi. Amma nə Nərimanovda, nə də ki, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı ofisə getsək də pulu ala bilmədik. Bu şəxslər generala arxayın olub dələduzluqla məşğul olurlar”-sahibkar danışır.

“Mənə dedilər ki, həmin generalın adı Akifdir. Sonradan öyrəndim ki, bu, həbs olunan Akif Çovdarovdur. Dönə-dönə də tapşırdılar ki, generalın adını heç yanda hallandırma. Belə görünür ki, Akif Çovdarov və MTN-in digər cinayət törətmiş generalları həbs olunsa da, onların dəstə üzvləri hələ də iş başındadır”- deyə sahibkar bildirib.

Ş.Ağalarov deyir ki, əlacsız qalıb Nağaraxanadakı villanın mühafizəçisinə zəng vurub və ondan xahiş edib ki, ev sahibinin oğlu nə vaxt gələcəksə ona desin, bəlkə pulunu ondan alar. Məlum oldu ki, artıq evin məsuliyyəti başqa adamdadır.

Sahibkar president İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və daxili təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət edib: “Artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın. Bizim banklara borcumuz var, həmin məbdəğ bizim üçün böyük puldur. Digər tərəfdən bu şəxslər məni təhdid edir. Təhlükəsizliyimə zəmanət istəyirəm”.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11