Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

''Etiraz etməyin özü bir hüquqdursa, istifadə oluna bilər''

Ələsgər Məmmədli: ''Küçəyə dinc şəkildə çıxan xalqla silah gücünə danışanlar heç vaxt nəticə əldə etməyib''

Hüquqşünas Ələsgər Məmmədli DİN və Baş Prokurorluğunun son iki gündə regionlarda baş verən aksiyalarla bağlı açıqlamasını kifayət qədər tələskən və nostalji yanaşma adlandırıb.

Bu barədə Meydan TV-yə danışan Ələsgər Məmmədli bildirib ki, son hadisələrə ağıllı yanaşma tələb olunur, bu olaylar maliyyə sıxıntıları, neftin qiymətinin enməsi, milli valyutanın dəyərinin aşağı düşməsi ilə bağlıdır: "Belə bir vəziyyətdə cəmiyyətin müxtəlif təbəqələrində müxtəlif yanaşmalar olacaq. Çünki cəmiyyət vahid qruplardan formalaşmır, zəngini, orta təbəqəsi və kasıbı var. Aztəminatlılar isə gündəlik təlabatını güclə çatdıra bilir. Son 2 günün hadisələri təbii proses kimi ortaya çıxıb, yəni təbii etirazdır".

Hüquqşünas hesab edir ki, hər bir insanın etiraz etmək hüququ var, etiraz etməyin özü bir hüquqdursa, istifadə oluna bilər: "Bəli, silahlı etiraz və qarşıdurmalar yolverilməzdir. Bəzən Azərbaycanda silahlı etiraz anlayışını etiraz anlayışı ilə eyniləşdirirlər. Deyirlər ki, etiraz edibsə, ekstremistdir, təhlükəli qrupdur, terrorçudur və sair. Demokratik cəmiyyətdə insanların bir arada yaşamasının və öz rəyini bildirməsinin ən yeganə doğru yolu özünü ifadə etməsidir. Bunun küçəyə çıxması, bir araya gələrək ifadə etməsi var".

Hüquqşünas 1990-cı ilin 20 yanvar faciəsindən sonra yaşadığı rayonda təşkil edilən yas mərasimini xatırladaraq bildirib ki, bununla bağlı yerli icra hakimiyyətinə müraciət edildi və şəhidlərə abidə qoyulması istənilirdi: "Amma yerli icra hakimiyyəti o zaman cavab məktubunda bizi ekstremist, qaragüruh və sovet hökuməti əleyhinə qurulan qrupun üzvü elan edib yas mərasimi üçün yer vermədi. Sonradan həmin məktubu yazan adam icra başçısının müavini təyin edildi. Zaman-zaman rəsmi post tutan şəxslər insanları qaralamamalı, hüquqdan kənara çıxmamalıdılar. Bəli, son hadisələr araşdırılmalıdır. Amma Konstitusiyanın 63-cü maddəsi - təqsirsizlik prezumpiyası kənara qoyula bilməz. Təəssüf ki, DİN və Respublika Prokurorluğunun birgə bəyanatının konstitusion əsası yoxdur və 63-cü maddənin əvvəlcədən pozulmasıdır. Yəni heç bir dəlil-sübut və məhkəmə istintaqı, qərarı olmadan hadisələrə möhür vurmaq rəsmi qurumların düşünülməmiş mövqeyidir".

Ələsgər Məmmədli hesab edir ki, yoxsulluğa etiraz edən əhaliyə qarşı Daxili Qoşunların gücündən istifadə etmək doğru addım deyil: "İstənilən halda Daxili Qoşunların gücündən istifadə olunması rəsmi strukturların məsələni fərdi qiymətləndirərək, verəcəyi qərardır. Ancaq sırf küçəyə çıxıb yoxsulluğa və bahalığa qarşı etiraz edənləri bu metodla qarşılamaq yolverilməzdir. Bu, istər-istəməz vətəndaşlarda dövlətə etibarsızlıq yaradır. Bunlar da ölkənin gələcəyi və bütünlüyü üçün təhlükəli məqamlardır. Küçəyə dinc şəkildə çıxan xalqla silah gücünə danışanlar heç vaxt nəticə əldə etməyib. Əgər hansısa rayonlarda və bölgələrdə etirazlar varsa, bunun səbəbi araşdırılmalıdır. Dərhal zirehli texnika və rezin güllə, bibər qazı ilə önləmək problem yaradacaq".
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı