Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Gəncədə minlərlə adam işsiz qaldı

“Azəralüminium” və “DET-AL”da ümumilkdə 5 min 200 nəfər işləyirdi

“İstehsalımız yaxşı gedirdi. Minlərlə işçi var idi. Hamısını heç bir yerdə işlə təmin etmədən çıxarıb atdılar. Gör nə qədər adam ailəsinə çörək aparırdı. Bir rəsmi adam açıqlama vermədi ki, bizim aqibətimiz nə olacaq”.

Bu sözləri Samux sakini Arzu Əliyeva deyir. O, 18 il Gəncədəki “Azəralüminium” ASC-də şöbə rəisi kimi fəaliyyət göstərib. Sahəsinə uyğun olaraq 2 il əvvəl “Azəralüminium”un yanında yenidən inşa edilmiş “Det-AL” müəssisinə yeni işə təyin edilib. Lakin ötən il bir çox əməkdaş kimi onu da işdən azad ediblər:

“Ailə 9 nəfərdən ibarətdir. Uşaqlarım işsizdi, fəhlədirlər, nəvələrim var, hamısını az-çox mən dolandırıram. 58 yaşım var, məni necə çölə ata bilərlər? Bu yaşda hardan iş tapım? Ərizə yazdıranda dedilər ki, müvəqqətidir. Dedilər, vəziyyət düzəlsin, geri çağıracağıq. 1 ildən çoxdur xəbər yoxdu”.

“Bir ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər?”

“Azəralüminium” müəssisəsi dünya bazarlarına xam alüminium satışı həyata keçirirdi. Dünya bazarlarında sözügedən müəssisənin istehsal etdiyi alüminium məhsulunun 1 tonu əvvəllər 3300 dollara, daha sonra 2800 dollara qədər azalmışdı.

“Det-Al” Aluminium Kompleksi isə 2014-cü ildə prezidentin iştirakı ilə istifadəyə verilib. Həmin vaxt məlumat verilmişdi ki, müəssisədə gücü 50 min ton olan 2 zavod- “Metaltökmə, fasiləsiz metal yayma” və “Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərirdi.

Rəsmi məlumatlara görə, 2014-cü ildə fəaliyyətə başlamış “DET-AL Alüminium” Kompleksində ümumilikdə 1400 nəfər işlə təmin edilmişdi. Sözügedən müəssisədə elektroliz vannalarının işə salınmasında çalışan Sabir Abbasov da işsiz qalmasından gileylənir.

“Fəhlə idim, aylıq gəlirim 240 manat idi. Birtəhər dolanırdıq. Zavod işləmir, qalmışıq işsiz. Bir ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər? Təntənəli açılışı buna görə edirdilər? Müəssisədə ağır təhlükəli sexlərdə çalışanlar var. Canları xəstə düşüb, başqa ağır iş də görə bilmirlər”.

Azəralüminium və “Det-Al” Alüminium Kompleksinin Gəncə şəhərinin iqtisadi potensialında təxminən 50 faizdən çox çəkisi var idi.

“Azəralüminium” ASC-nin direktoru Akif İbişov işçilərin azad olunması barədə heç bir suala cavab verməsə də, yalnız onu bildirdi ki, artıq müəssisə tamamilə fəaliyyətini dayandırıb.

“Minlərlə iş yerinin bağlanacağı qaçılmazdı”

Vergilər Nazirliyi ötən ilin oktyabr ayında 30 min iş yerinin bağlanması ilə bağlı rəsmi statistika açıqlamışdı. Vergilər naziri Fazil Məmmədov bildirilmişdi ki, iş yerlərinin bağlanmasının səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalıdır.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, iri müəssisələrin, xüsusən də metal emalı ilə məşğul olan zavodların bağlanması dünya bazarı tələblərinə cavab verən istehsalın olmaması ilə bağlıdır.

“Metalın qiyməti dünya bazarında aşağı düşüb. Elə bu səbəbdən də bu sahədə rəqabət var. Azərbaycanda isə metal emalı ilə məşğul olan müəssisələr dövlət investisiyaları hesabına tikilir və dünya bazarındakı trendlərə uyğunlaşmağa, keyfiyyətli istehsalda maraqlı olmurlar. Eləcə də standartlara cavab verməyən məhsul satıla bilmir. Belə müəssisələr açılanda mütləq emal ediləcək məhsulun satışı nəzərə alınmalıdır”.
Natiq Cəfərli deyir ki, dövlət investisiyası hesabına açılmış minlərlə iş yerinin bağlanacağı qaçılmazdı./meydan.tv/
1033 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP