Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Kütləvi etirazlar adınızı da yadınızdan çıxaracaq

Hökumətin növbəti biabırçı təbliğatı

Bölgələrdəki etiraz asksiyalarını müxalifət təşkil edibsə…

Ölkədə vəziyyət heç vaxt yaxşı olmayıb. Hökumət də heç vaxt ölkəni idarə edə bilməyib. Amma son dövrlər həm vəziyyət kəskin pisləşib, həm də hökumət başını tamam itirib. Artıq əhali susmaq istəmir, bıçaq sümüyə dirənib, bölgələrdə etirazlara start verilir və hökumət heç bir real addım atmır.

Füzulidə, Ağcabədidə, Siyəzəndə, Ağsuda, Lənkəranda vətəndaşların etiraz aksiyası keçirməsi, hökumətdən izahat tələb etməsi də onu göstərir ki, vəziyyət qəlizləşir.

Amma bu yazının tamam başqa bir məqsədi var. Belə ki, hökumət yenə də insanların haqlı etirazına don geyindirməyə start verib. Bəzi hökumətyönlü mətbuat, deputatlar, icra başçıları belə bir təbliğat aparır ki, bölgələrdəki aksiyaları AXCP və Müsavatın üzvləri, ekstremistlər təşkil edib. Əslində, belə bir yanaşma hakimiyyətin özünüifşasına xidmət edir.

Əvvəla, etiraz edənlərin arasında cəbhəçilər olubsa, bu təbii haldır. Çünki, cəbhəçi də bu ölkənin vətəndaşıdır və ağır şərait cəbhəçini də təhdid edir. Amma fotolardan, görüntülərdən də aydın görünr ki, etirazlarda heç bir siyasi çalar yoxdur. Insanlar qiymət artımına, süründürməçiliyə, ağır şəraitə etiraz edirlər və hökumətdən yardım istəyirlər.

Ikincisi, dünənə qədər “müxalifətin heç bir sosial bazası yoxdur” deyən hökumət, indi necə olur ki, etirazçıların cəbhəçi, müsavatçı olduğunu tirajlayır. Deməli, hökumət etiraf edir ki, hətta əyalət rayonlarında da müxalifətin minlərlə tərəfdarı var. Füzulidə, Ağcabədidə, Siyəzəndə müxalifətin sözüylə minlərlə insan ayağa qalxırsa, deməli, bu hökumətin heç bir dayağı olmadığı təsdiqlənir. Hanı yarım milyonluq yapçılar, niyə bu etirazlara etiraz etmirlər? Əgər ciddi araşdırma aparılsa, məlum olar ki, etiraz edənlərin əksəriyyəti YAP üzvüdür. Demək istəyirik ki, hökumət etirazları müxalifətin üstünə atmaqla, əslində müxalifətin böyük sosial bazası olduğunu və xalqın müxalifəti dəstəklədiyini etiraf etmiş olur.

Amma hökumətin geydirmə təbliğatında başqa bir biabırçı məqam da var. Əgər bir ölkənin müxtəlif rayonlarında minlərlə ekstremist etiraz askiyası keçirirsə, bu hökumətin aidiyyəti qurumları hara baxır? Necə olur ki, ekstremist qüvvələr ölkədə məskən salır, təşkilatlanır və hüquq mühafizə orqanları bundan bixəbərdi? Əgər ekstremist qüvvələr ölkəni əhatə edibsə, daha bu hökumət nəyə lazımdır?

Göründüyü kimi, hakimiyyətin məsuliyyətdən qaçmaq üçün ortaya atdığı arqumentlər bumeranq effekti verir. Insanların haqlı etirazını müxalifətlə, ekstremist qüvvələrlə əlaqələndirmək, hökuməti daha aciz vəziyyətə salır.

Hansıki, zərrə qədər xalqa aidiyyəti olan hakimiyyət insanların dərdini dinləyər, insanlara təsəlli verər, qayğı göstərərdi. Amma hökumət minlərlə vətəndaşa damğa vurmağa, etiraz edənlərə ləkə yaxmağa üstünlük verir.

Amma bu etirazlar getdikcə geniş vüsət alacaq və bütün xalqı ekstremizmdə ittiham etmək mümkün olmayacaq. Haqlı etirazlara “ad” qoymaq yox, hər şeyi adıyla çağırmaq lazımdır.

Yoxsa, kütləvi etirazlar adınızı da yadınızdan çıxaracaq./azadlıq/
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09