Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

İqtidarçı deputat hökumətin dəyişəcəyi anonsunu verdi

“Yararsız məmurlardan xilas olmaq üçün etiraz səsini qaldıranların gücündən istifadə etmək lazımdır”

Zahid Oruc: “Ən önəmli məsələ ölkədə müzakirə mühitini bərqərar etmək və siyasi müstəvini yenidən formalşdırmaqdır”

Deputat Zahid Oruc Meydan TV-yə müsahibəsində ölkədəki böhran və hökumətin məsuliyyəti məsələlərilə bağlı bir sıra maraqlı fikirlər sdəsləndirib, inamlı anonslar verib. Müsahibədən həmin hisələri təqdim edirik.

–  Zahid bəy, ilk sual elə etirazlarla bağlıdır. Böhrana görə nə qədər intihar edənlər var və məsələ hər gün daha da pisləşir. Necə olacaq bunun sonu?

–  Yeni iqtisadi dövrə keçmək bütün xalqların həyatında ağrılı olub. Neftlə birgə yaşayışımızın 169 ildən artıq tarixi var. Norveçdən fərqli olaraq, bu sindrom bizim gündəlik həyatımıza və dünyagörüşümüzə elə hopub ki, onunla vidalaşmaq çox ağrılıdır. Ona görə adamlar milyonlarla manat krediti həmin dövrün şərtlərinə uyub götürüblər və indi qaydalar dəyişən kimi onlar bunu böyük müqavimətlə qarşılayırlar. Prosesin idarə olunması elə iqtisadi-maliyyə tədbirlərdən keçə bilərdi ki, sizin dediyiniz intiharlar, yaxud lokal etirazlar baş verməzdi.

–  Çətin durumlarda qəti addımlar atılmalıdır. Bəs bu konkret addımlar hansılardır?

–  İlk növbədə, hökuməti xalqın qarşısına çıxarmaq, insanlarla daimi işi təşkil etmək, iqtisadi mühitin süstləşməsinə və qeyri-müəyyinlik zolağına daxil olmasına yol verməmək lazımdır. Sonra devalvasiyanın ən çox zərbə vurduğu əhali qruplarını müəyyyənləşdirib, təcili qaydada dövlət resurslarını o istiqamətə yönəltmək lazımdır. Banklara uzunmüddətli dollar kreditləri verilməlidir ki, onlar əhalinin kredit borclarını yeni məzənnə ilə hesablanmasının on ilə dayandırılması barədə öhdəlik götürsünlər. Bunun nəticəsində xalqla bankların müharibəsi sülhlə bitəcək və yenidən canlanma və aktivlik meydana gələcək. İkinci tədbir gömrük rüsumlarını bazarlardakı tələbat faizindən asılı olaraq dəyişdirmək və sərhədlərdə növbə gözləyən yüklərin ölkənin daxili dövriyyəsinə buraxılmasına imkan verməkdir.  Üçüncüsü, daxildə iri holdinq və şirkətləri, həmçinin müxtəlif dövlət qurumları ilə bağlı monopol qurumları yeni dövrün rəqabət şəraitinə uyğunlaşdırmaq üçün onları bir neçə adamın kurasiyasından çıxarmaq lazımdır. Bunun üçün monopolist nazirləri vəzifəsindən azad etmək olar ki, gedib açıq şəkildə bizneslə məşğul olsunlar.

–   Bəs belə olmasa, bizi nə gözləyir?

–  Belə olmadığı halda isə bürokratik mexanizmlər insanlar üzərində sümürgənliyə çevrilir. Üstəlik, yüksək dövlət vəsaitləri o şişmiş aparatları saxlamağa yönəlir, onların maşın və mexanizmlərinin xərcləri isə bir neçə rayonu saxlamağa çatacaq vəsait edir. Ona görə bir neçə nazirliyi ləğv etmək və məmurların sayını azaltmaq avtomatik olaraq iş yerlərinin sayını artıracaqdır. Çünki adamlar deyir, biznes planlarının üstünə yazmaq istəyirlər ki, kömək etməsəniz də, heç olmasa bizə mane olmayın. Ona görə indi panika mühitində, şayiələrin tüğyan elədiyi şəraitdə ən düzgün addım dürüst bir şəkildə xalqa hər şeyi izah etmək və onun yanında olmaqdır. Prezident hər zamankı kimi çox sərt mesajlar verdi. Xalqa ədalətli bir siyasət yürütdüyünü, iri inhisarçı qüvvələrə və möhtəkirlərə qarşı mübarizə aparacağını söylədi. Ona görə hazırki şəraitdə yararsız məmurlardan xilas olmaq üçün etiraz səsini qaldıranların gücündən istifadə etmək, idarəetməyə və yeni dövrün çağırışlarına yük olanlardan xilas olmaq lazımdır.

–    İstər bölgələrdə, istərsə də paytaxtda insanların əksəriyyəti narazıdır.  Bir neçə bölgədə etirazlar və intihar edənlər var. Bu məsələnin qansız həlli varmı? Əgər varsa, o hansı üsuldur?

–    Bəli, əhalinin müxtəlif təbəqələri haqlı olaraq narazıdır. Onların gözləntiləri başqa idi və ötən dövr ərzində fərqli bir həyat tələbatı formalaşıb. Lakin indi çevik bir siyasətə əl atılmalıdır. Yəni, neft hökumətini xeyli ixtisar edərək, aparıcı texnoloqları, menecerləri və istedadlı maliyyəçiləri idarəetməyə daşıyaraq, məsələni qismən də olsa həll etmək olar. Lakin bununla bərabər, böyük pul kütləsi sahiblərini ölkədən buraxmamaq lazımdır. Ancaq belə olan halda hazırki çətin durumu qansız-qadasız keçə bilərik.

–   Cəbrayılın icra başçısı xalqı açıq təhqir edib, yəqin videoya baxmısınız. Bu barədə nə deyə bilərsiniz?

–  Adam orta əsr feodalı kimi qarşısındakını təbəə hesab edir. Halbuki peyğəmbərimiz bir çox hədisdə buyurub ki, xalqın önündə gedənlər özünü təmsil etdiyi xalqdan bir qarış aşağı tutmalıdır. Ona görə həmin təhqir leksikonu ilə danışan adam hələ məsuliyyətini dərk etməyib mediaya açıqlama verirsə, onu elə həmin ifadə ilə qovub cəzalandırmaq lazımdır. İcra başçıları idarəetməyə alkapon vurmaq və sahibkarı soymaq vasitəsi kimi baxırsa, onları göndərmək lazımdır gedib fermer təsərrüfatları ilə məşğul olsunlar. Onların yerinə gəlməli olan minlərlə Azərbaycan gəncləri öz zamanlarını gözləməkdən yorulublar.

– Nazarbayev Qazaxıstan parlamentini buraxdı, çünki yeni şəraitə cavab vermir, işlək deyil, Azəırbaycanda da buna ehtiyac görürsünüzmü?

–  Parlamenti mənim qədər içəridən tənqid edənlər çox deyil. Lakin ən önəmli məsələ ölkədə müzakirə mühitini bərqərar etmək və siyasi müstəvini yenidən formalşdırmaqdır. Əlbəttə, hazırda siyasi qüvvələrin zəifliyinin müxtəlif səbəbləri var. Lakin indiki dövrün bir nömrəli vəzifəsi kadrların rotasiyasına nail olmaq və böyük iqtisadi imkanla hakimiyyətdə yer tutanları ölkənin mənafeyi naminə hüquqi fəaliyyətə gətirməyi bacarmaqdır. Bəli, bu hərbi müxalifəti idarə etməkdən daha çətindir. Çünki maliyyə səngərlərində təxribat törədənlər atəşi bir nöqtədən açsalar da, onun səsi bütün ölkədə eşidilir. Çörəyin qiyməti həmişə baha olur. Yəni adamları sınağa çəkmək istəyənlər onları mədəsindən vuranda insanlar evlərində oturmaq istəmirlər. Ona görə də hazırda yeni dövrün ağrıları yaşanır.

–  İndiki Nazirlər Kabineti ilə ölkəni böhrandan çıxarmaq olarmı? Axı bu insanların əksəriyyətinin yaşı 60-dan çoxdur, sovet təfəkkürü İlə kapitalist ölkəni necə idarə etmək olar?

–  Bir neçə aydan sonra Nazirlər Kabineti həm tərkibcə, həm də iş prinsiplərinə görə dəyişəcək. Dövlət başçısı struktur islahatlarını sadəcə ixtisar kimi bəyan etmədi. Biz hazır pullara arxalanaraq qərar verənlərlə, çətin dövrün yüksək səriştəli və çevik qərarlar verə bilən kadrları arasındakı fərqi müxtəlif ölkələrdə görmüşük. Ona görə əsas məsələ prinsipləri dəyişməkdir. O məmur ki, ətrafında çoxlu qohumu hesabına nazirliyi indiyədək şəxsi təsərrüfatı kimi işlədib, onların hamısı ilə vidalaşmaq vaxtıdir.

1392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41