Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

“Soruşurdu ki, video çox səs-küy yaratdı?”

Sevinc Babayevanın ölümündən öncə mesajlaşdığı qadın “Yeni Müsavat”a danışdı
Tavat Şirinova: “Soruşurdu ki, video çox səs-küy yaratdı?”

“Gecə 11-də zəng edirdi ki, yata bilmirəm, danışmasam ürəyim partlayar”

“Mandat qalmaqalı”nın mərhum fiquru Sevinc Babayeva ilə bağlı daha bir ilginc detal üzə çıxdı. Mətbuat onun ölkəni tərk edən gecə 5 mesaj göndərdiyi, Türkiyədə olduğu zaman iki dəfə zəng etdiyi rəfiqələrindən biri - ABU-nun sabiq əməkdaşı Tavat Şirinova barədə xəbər tutdu. Sabiq deputat Gülər Əhmədovanın məhkəməsində ifadə verən T.Şirinova “Yeni Müsavat”a müsahibəsində ilginc məqamlara toxundu. Müsahibimiz öncə sabiq rektoru olan Elşad Abdullayev barədə danışdı. 

- O, orqan alveri ilə məşğul olan adamdır. Əslində canidir. Başqalarını onun ucbatından atıblar türməyə. O, özü ortalarda gəzib dolaşır. ABU-da təhsil alan minlərlə insanı aldadan fırıldaqçıdır. Testdən kənar qəbul keçirməklə, insanlardan rüşvət almaqla dolanır. Qanunsuz köçürmələr aparan dələduzun biri idi. Hər semestrin sonunda pul yığır, dekanlara tapşırıq verirdi ki, filan qədərdən pul yığıb mənə verin, qiymətləri yazım. Bu yolla var-dövlətin yiyəsi olub. Bu adamın 1997-ci ildə işə necə gəlib-getdiyini görmüşəm mən. Ora o köhnə “Niva” markalı maşında, pencəyinin qolu süzülmüş, saçaqlı formada gəlib-gedirdi. Necə oldu birdən-birə o qədər  var-dövlətin sahibi oldu? Atası çoban idi, birdən-birə, halal yolla o cür var-dövlətə sahib olması mümkün deyildi.   Elşad Abdullayev dələduz deyildisə, birdən-birə təmtəraqlı həyata, cangüdənlərə, mal-mülkə necə sahib oldu? Mənə deyir ki, guya mən dələduzam. Dələduzamsa niyə onun kimi yaşamamışam, var-dövlətim olmayıb, onun kimi şeylərə nail olmamışam? Əksinə, əlimdə nəyim var idisə gedib. Valideynlərimə məxsus olan evimi və özümə məxsus zinyət əşyalarımı satıb vermişəm. Bir dəfə Elşadın özünə vermişəm bir başqa işə görə. Bir dəfə də Elşad qaçıb gedəndən sonra tələbələrin valideynləri məndən pul tələb edəndə vermişəm. Onlar qəpiyinəcən o pulları məndən tələb etdilər. Əks halda, məni polisə verəcəkdilər. 

- Dediniz birinci dəfə Elşad Abdullayevə başqa bir işə görə pul verdiniz. Bu, hansı iş idi ki? 

- Tələbələri universitetə qəbul edəndə bir dəfə pul aldı. Onda dedi ki, daha bu məsələ bitdi, pul alınmayacaq. Sonra onlara saxta arayışlar təqdim etməyə başladı. “Voenkomat” o sənədi qəbul eləmədi. Valideynlər gəldilər ki, istəmirik, uşaqlarımızın sənədini qaytarın. Onda Elşad dedi ki, hər uşağın adından 500 manatdan pul yığ. Valideynlər vermədi, əksinə, daha əvvəl verdikləri pulları tələb etməyə başladılar. O zaman mən xalamın evini banka qoydum, kredit götürüb bu pulları ödədim. Dediyim kimi, yoxsa məni polisə verəcəkdilər, həbs ediləcəkdim. İnanırsız, mən səbirsizliklə gözləyirəm ki, bu adam Azərbaycana gəlsin. Allah haqqı, əlimlə boğaram onu. O dərəcədə nifrət edirəm. 

- Elşad Abdullayev bizə müsahibəsində bildirdi ki, sizi məxsusi olaraq nazirin təqdimatı ilə, dələduzluğunuza görə işdən çıxarıblar. 

- Məni Misir Mərdanov nə tanıyır ki, məxsusi əmrlə işdən çıxarsın? Özü də mən o universitetdə hansı vəzifədə olmuşam ki? Metodist olmuşam, laborant olmuşam, əmək kitabçamda bunların hamısı yazılıb. O deyir ki, guya məni 2005-də işdən çıxarıb. Amma mənim əmək kitabçamda da yazılıb ki, 2005-ci ildən 2007-ci ilə qədər beynəlxalq münasibətlər fakültəsində dekan müavini vəzifəsində çalışmışam. Özü də əmək kitabçasını bacısının əri Sədrəddin verib. 

- Bəs siz ordan necə çıxmısınız? 

- Əmrə Elşad qol şəkib. 2010-cu ildə bildirildi ki, universitet bağlanır. Özləri yazıblar ki, guya işçilərin əmək müqavilələri bitib. 15.09.2005-ci ildə beynəlxalq münasibətlər fakültəsində dekan müavini vəzifəsinə təyin edilmişəm. Bu vəzifəyə getmək üçün məndən 2500 manat şirinlik alıb. Dedi, guya camaatı 5000 manata düzəldir, mənə isə hörmət edir. Bu vəzifədə də 15.09.2007-ci ilə qədər qalmışam. Hər il də müəllimlərdən, digər işçilərdən pul yığmaq üçün ixtisar söhbətini atırdılar ortaya. Camaat qorxuya düşürdü, bunlara pul yığıb verirdi ki, işdən çıxarmasınlar. 3-5 manat maaş alırdılar, o Sədrəddin pul yığırdı, dekanların pulu ayrı, dekan müavinlərinin pulu ayrı. 2007-ci ildə mənim vəziyyətim pisləşdi, buna pul verə bilmədim. Bu da məni tarix fakültəsində metodist vəzifəsinə qoydu. 2010-cu ilə qədər orda işlədim. 2010-da da operator vəzifəsinə qoydu. 

- Biz sizi daha çox Sevinc Babayevanın iştirakı ilə, Novella Cəfəroğlunun ofisində çəkilən “500 min olsaydı...” adlı videodan tanımışıq. O videoda çəkilmək üçün sizə Sevinc xanım özü müraciət etdi? 

- Sevinc zəng elədi ki, belə bir söhbət var. Açığı, bilmirdik kimin yanına gedirik. Sevinci də Elşadın yanına gəlib-gedən görmüşəm. Hansısa uşağın qiymətini yazdırmaq üçün dekanlığa gəlib, danışıb və sair. Özü də şirindil idi, hamı ilə ünsiyyət qururdu. O cür tanımışam. Son vaxtlar gördü ki, Elşad onun kimi çoxunu pis vəziyyətə qoyub. Mənə dedi ki, gedib Elşaddan şikayət edəcəm, müsahibə vermək lazımdır. Dedim, mən də getmək istəyirəm. Sevinc dedi ki, orda Lyudmila adlı başqa bir qadın da olacaq və danışacaq. Həmin video zamanı Sevincin ürəyi tutdu, dərman içdi, ordan çıxandan sonra heç maşın sürə bilmirdi. 

- Belə başa düşdüm, siz orda 13 il işləmisiniz. Dediyiniz kimi, orda bu qədər qanunsuzluq var idisə, niyə 13 il işləmisiniz? 

- Ordan çıxmaq mümkün deyil. Ora ilan yuvasıdır, bataqlıqdır. Sən çıxdın, səni vuracaqlar. Dəfələrlə onun yanına gedib deyirdim ki, Elşad müəllim, tələbələr məni sıxır, pullarını istəyir. Deyirdi ki, bilmirəm, canın çıxsın, get pullarını ver. Deyirdim, pulu sizə vermişəm axı, hardan qaytarım? Onda da məni qardaşımla qorxudurdu, deyirdi, elə eləmə sənin qardaşını aradan götürüm. İndi ailəliyəm, yoldaşım var. Amma onda yaşlı ata-anam vardı, qorxurdum. Mən də evi gedib banka qoydum. 

- Məhkəmədə aydın oldu ki, Sevinc Babayevanın son mesajlaşdığı şəxslərdən biri də siz olmusuz. 

- Bəli, ölkədən gedənə qədər mənə tez-tez zəng edirdi, ağlayırdı, Elşadın əlindən dad döyürdü. 

- Bəs ölkədən gedəndən sonra zəng etməyib? 

- Bir dəfə zəng edib. Amma Türkiyədə ola-ola mənə deyirdi ki, İrandayam, müalicəyə gəlmişəm. Rəhmətə gedəndə bildim ki, İstanbulda olub. 

- Zəng edəndə sizə nə deyirdi? 

- Həmişə Elşadın qarasına danışırdı. O da camaatın pulunu qaytarmaq üçün evini banka qoymuşdu, maşınını satmışdı. İstəmirdi türməyə düşsün. Bizim hüquq fakültəsində Svetlana xanım vardı, namuslu, başıaşağı. Elşad bu insanı elə bir vəziyyətə saldı ki, o, borca girdi, axırda da özünü öldürdü. Dekanlar var ki, infarkt keçirib. İndi deyirlər ki, guya Elşad Abdullayev Gülər Əhmədovaya pul verib. Mən buna əsla inanmıram. Çünki Elşad pulu özündən, uşağından da çox sevirdi. O, heç kimə kağızda qol çəkdirmədən pul verməzdi. 

- Gülər Əhmədova məhkəməsində dedi ki, Elşad Abdullayev Sevinc Babayevanı bəzi özəl videolarla şantaj edib. Sizin bundan xəbəriniz var idi? 

- Sevinc deyirdi ki, Elşad gecə vaxtı evinə gedib, tapança çəkib başına. Çünki Sevincin ondan şikayətçi olacağını öyrənmişdi. Sevinci də oğlu ilə hədələyirdi. Tək yaşayan qadın olub, qorxurdu. Amma əvvəl münasibətləri çox yaxşı olub. Bir yerdə Moskvaya gedib-gəliblər. Elşad bilirsiz necə adam olub? İnsanla yaxşı münasibət qurur, onun içinə girir, sonra nəyi varsa əlindən alır və atır qırağa. Sevinc birinci adamdır? Onun kimi elə adamlar olub. 

- Elşad Abdullayev isə deyir ki, onun Sevinc Babayeva ilə şəxsi qərəzliyi olmayıb. 

- Necə olmayıb? Tapşırırdı, heç onu qapıdan da buraxmırdılar içəri. Halbuki Sevinc can-ciyəri idi, məclislərinin başında idi. Elşad bunun əlindən 99 attestat almışdı, ondan sonra münasibətləri pisləşdi. 2007-ci ildə də bundan sənəd və pul götürüb, amma əvəzində attestat verməyib. 

- Sevinc Babayeva Türkiyədən sizə zəng edəndə nədən danışırdı bəs?
 
- Deyirdi “İrandayam, müalicə alıram. Bundan sonra özümə yaxşı baxacam. Bir onu soruşurdu ki, orda vəziyyət necədir? Video ilə maraqlanırdı, soruşurdu, çox səs-küy çıxdı? Deyirdi, hər şey yaxşı olacaq, narahat olma. Videonun yayılmasına görə pis olmuşdu. Deyirdi, istəməzdim, bu video belə yayılsın. Düşünürdü ki,  buna çox az adam baxacaq, ölkədə yayılmayacaq. Onunla ölümündən 2 ay qabaq danışmışıq. Gedəndən sonra 2 dəfə zəng olub, 5 mesaj yazıb. 

- Mesajda nə deyirdi? 

- Birincidə belə yazıb:"Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq, gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər-böhtan atır. Mən onu mütləq tapacam". “Ya o yaşamalıydı, ya da mən. Evim yox, borcun içində batıram. O soyub bizi. Ölüb-eləsəm pullarımı ondan al. Oğlum yazıqdı, yetimdi. Heç kimdən qorxma. Qorxma. Yazıq Gülər də bizə görə... düşüb. Allah bizə kömək olsun".

“Sən mənə deyəndə Elşad ilan bicbaladı, mən inanmırdım. Allahdan qorxmur. Qardaşı Eldəniz, Mahir bu alçağa dərs olmadı”. Ürəyim çox pis tutub. Sabah borclulara nə deyəcəyəm bilmirəm. Bu əclafdan pullarımı ala bilsəm rahat olardım".

- Bəs getməzdən əvvəl zəngdə nə deyirdi? 

- Onun gedişi qəfil oldu. Bir gecə zəng elədi ki, mən aeroportdayam, İrana gedirəm, müalicəyə. Elə bildim, zarafat edir. Sonra naməlum zənglər gələndə bildim ki, ölkədə deyil. Axşamlar mənə zəng edirdi. Deyirdi, yata bilmirəm, ürəyimi boşaldım sənlə. Gecə 11-də yatırdı, saat 1-də oyanırdı, yata bilmirdi. Zəng edirdi ki, gəl dərdləşək. Telefonu götürməyəndə də inciyirdi. Deyirdi, oğluma görə yaşayıram. Amma oğlu o Türkiyədə olanda gedib evləndi. Sevinc bilsəydi, dünyanı dağıdardı. Çünki o, Ayxana görə yaşayırdı. 
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber