Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

"Bizi Ramiz Mehdiyevin repressiyasından xilas edin"

Eldar Sabiroğlu Əiyevə elə müraciət etdi ki…

“Oğlumla bağlı açılan cinayət işi qondarmadır. Xahiş edirəm, bizi Ramiz Mehdiyevin repressiyasından xilas edin”

Sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu ölkə başçısına müraciət ünvanlayıb. Müraciətində övladı Rüfət Səfərov haqqında açılan cinayət işinin sifarişli olduğuna diqqət çəkən E.Sabiroğlu ailəsinin ciddi təzyiqlərə məruz qaldığını vurğulayıb:

“Cənab Prezident, oğlum Rüfətin barəsində cinayət işi qaldırılıb. Səhər-səhər bu haqda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında bəyanatla çıxış edib. Oğlumu ən ağır maddə ilə ittiham edirlər. Guya Rüfət Zərdabda müstəntiq vəzifəsində çalışarkən qeyri-qanuni işlərlə məşğul olub. Mən bir ata kimi deyirəm, bu, mümkün deyil. Ancaq ona təəssüf edirəm ki, əgər belə bir cinayətə yol vermişdisə, nə üçün müstəntiq vəzifəsində çalışdığı zaman bu məsələnin üstünə getməyiblər?

Oğlumun siyasi bəyanat verərək vəzifəsindən istefa verməsinin peşmançılığı haqqında mən fikrimi demişdim. Ancaq o, qanunsuzluğa, hüquqsuzluğa etiraz əlaməti olaraq istefa verib. O, həm də atasını aşağıladıqları, təhqir etdikləri üçün dözməmiş, belə bir addım atmışdır. Sözə, fikrə, özünüifadə tərzinə məgər bu cür yanaşırlar?

Bir daha təkrar edirəm. Əgər oğlum həqiqətən də hər hansı cinayətə yol vermişdisə, 5 il ərzində onun üstünü açardılar, cinayətə yol verdiyini sübut edərdilər. O, necə cinayətkar olub ki, ötən il baş prokuror Zakir Qaralovun əmri ilə ona yazılı şəkildə fəxri təşəkkür elan edilib?

Mən bunu qondarma cinayət işi kimi qiymətləndirirəm. Oğlumun atdığı addım siyasi addım olduğuna görə bu maddəni onun üzərinə yükləməklə övladıma ağır cəza vermək istəyirlər. Etsinlər, istəyirlərsə gəlib məni də qandallasınlar. Yəqin ki, bu, vaxtiylə Heydər Əliyevə xidmətimin, sizin təbliğatınızla məşğul olmağımın “qarşılığıdır”.

Çox güman ki, son olaylarla bağl sizə də informasiya verilib. Sizdən xahiş edirəm ki, Ramiz Mehdiyevin bu hərəkətlərinin qarşısı alınsın. Bu vəziyyəti yaradan o, oldu. Məni də, başqalarını da o, sizin gözünüzdə düşmən kimi qələmə verib, çıxdaş edib. İndi özü kənarda qalıb, hər şeyi sizin ayağınıza bağlayırlar. Hər şeyi sizinlə əlaqələndirirlər. Halbuki, sizin gördüyünüz işlər, Azərbaycanın inkişafı naminə həyata keçirdiyiniz tədbirlər Ramiz Mehdiyev kimilərinin aparmış olduğu repressiya fonunda kölgədə qalır.

Oğlum Rüfət şahidi olduqlarına münasibətini bildirib. Dövlətə qarşı çağırış səsləndirməyib. Silahlı üsyan qaldırmayıb. Prezidentin ünvanına bir kəlmə də olsun fikir bildirməyib. Bu, ailəmə qarşı repressiyadır. Cənab Prezident, xahiş edirəm, bizi R.Mehdiyevin repressiyasından xilas edin.

Hüquq orqanlarından isə xahiş edirəm ki, öz işlərini qanun çərçivəsində aparsınlar. Qoy obyektiv, inkaredilməz dəlillərlə məni əmin etsinlər ki, həqiqətən də oğlum cinayətkardır. Yoxsa öyrədilmiş insanları gətirib oğlumun üzünə durquzmaq, bununla da olaya “hüquqi don geyindirmək” hələ fakt deyil. Bu, indiki reallıqda çox asan bir məsələdir.

Cənab prezident. Ümid edirəm ki, müraciətimə, bu müraciətdə qeyd etdiyim məsələlərə həssaslıqla yanaşacaq və ailəmizə qarşı əsassız basqılara son qoyulmasına yardımçı olacaqsınız. Bütün ümidimiz sizədir”./azadllıq/
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber