Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

“Üsyankar müstəntiq” həbs edildi

Ölkədəki haqsızlıqlara etiraz edən Rüfət Səfərova rüşvət alma ittihamı verildi

«İrəli sürülən ittihamı absurd sayıram; həbsdən, hətta işgəncələrdən belə çəkinmirəm…»


Ölkədə baş verən qanunsuzluqlara, insan haqlarının kobud şəkildə pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib, haqq-ədalət uğrunda mübarizəyə qoşulduğunu bəyan edən Rüfət Səfərov yanvarın 15-də həbs olunub.

Dünən səhər saatlarında Baş Prokurorluq Rüfət Səfərov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə cinayət işi başlandığını açıqlayıb.

Bundan bir qədər sonra Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə çağırılıb.

Prokurorluğa getməmişdən əvvəl Rüfət Səfərov barəsində başlanmış cinayət işinə münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında ona qarşı irəli sürülən ittihamın absurd olduğunu vurğulayıb: “Zərdab əhlinə son müraciətim bunların səbrini daşırdı. Irəli sürülən ittihamı qəbul etmir, absurd sayıram. Həbsdən, hətta işgəncələrdən belə çəkinmirəm. Ümidvaram ki, xalqım, azad media, vətəndaş cəmiyyətinin sıradan çıxarılmamış nümayəndələri, siyasi partiyalar, bir sözlə, vicdan və ədalət hissini gözardı etməyən insanlar məni mübarizədə tək qoymayacaqlar. Cənab Zakir Qaralova isə dəmək istəyirəm ki, həm Siz, həm də mən tarix üçün çalışırıq. Məhz bu nüansı unutmayaq”.

Axşam saatlarında prokurorluğa gedən Rüfət Səfərova orada təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı elan olunub. Axşam saat 20.00 radələrində o, Binəqədi rayon məhkəməsinə aparılıb. Orada hakim Abbas Rzayev keçmiş müstəntiqin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar verib.

Məlumata görə, Rüfət Səfərov məhkəmədə də bir daha ittihamın yalan olduğunu bildirib və həbs qərarını gülüşlə qarşılayıb.

“Mənim qisasımı oğlumdan aldı…”

Qeyd edək ki, Rüfət Səfərov YAP-ın qurucularından biri olan keçmiş deputat Eldar Sabiroğlunun oğludur. Məşhur YAP-çı məhkəmədən sonra “Azadlıq”a açıqlamasında oğlunun həbsini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ondan qisas alması kimi dəyərləndirib: “Rüfət mənim qurbanım oldu. Mənim Ramiz Mehdiyevə qarşı çıxışlarım bu vəziyyətə gətirib çıxardı. Ramiz Mehdiyev mənim qisasımı oğlumdan aldı. Nə edə bilərik, qoy belə olsun. Mən sadəcə, bir daha ölkə başçısına müraciət edirəm, çox istərdim ki, dövlət rəhbərliyi bu prosesi nəzarətə götürsün”.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 21-də prokurorluqdan istefa verməsi və hökuməti tənqid edən açıqlamalarından dərhal sonra Baş Prokurorluqdan onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərildi. Eyni zamanda, Zərdab rayonunda Rüfət Səfərovun yaşadığı evdə axtarış aparıldı, mənzildəki texniki avadanlıqlar, o cümlədən kompüter və telefon götürüldü. Yanvarın 11-də isə Zərdab rayonunun prokuroru Süleyman Süleymanov vəzifəsindən azad edildi. Həmin vaxt Rüfət Səfərov bildirdi ki, Süleyman Süleymanovu ona görə cəzalandırıblar: “Könüllü surətdə işindən ayrılan müstəntiqə görə onun rəhbərlərini cəzalandırmağın adı hüququn qətli deyilsə, bəs nədir?! Şəxsimə görə barələrində qəbul edilən ən kəskin qərarı şiddətlə qınayıram! Zərdab rayon prokurorluğu ilə əlaqədar Baş Prokurorluğun məlum qərarı, ümumiyyətlə, ölkədə hökm sürən acınacaqlı vəziyyətin hansı səviyyədə olduğuna aşkar sübutdur!”/azadlıq/
1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber