Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

Harın məmurlar kimə güvənir?

Yaxud Əliyevin hədələri ünvanına çatmır

Son günlər ölkədə baş verənlər bir məsələni yenidən aktuallaşdırdı. Bildiyiniz kimi ölkə başçısı bütün müşavirələrində həcmli vədlər verir, şəffaflıqdan danışır, xalqa xidmətin vacibliyini vurğulayır. Dəfələrlə şahidlik etmişik ki, ölkə başçısı müşavirələrdə “Məmurlar xalqla adam kimi davranmalıdır”, “vəzifəli şəxslər xalqın ayağına getməlidir”, “harın məmur balaları cəzalandırılacaq”, “Mən harınların arxasında duranları cəzalandıracam”, “xalqla kobud rəftar edən məmurlar ciddi cəzalanacaq” kimi fikirlər səsləndirib.

Amma hər dəfə belə alovlu çıxışlardan sonra nəticə görünmür. Əksinə, harınlıqlar, kobudluqlar çiçəklənir. Son günlər isə bu mənzərə daha aydın şəkildə göründü. Məsələn, Cəbrayılın icra başçısı Mahmud Quliyev vətəndaşı təhqir etdi və sübut etməyə çalışdı ki, “köpəyoğlu” sözü söyüş deyil. Yaxud Siyəzənin icra başçısı haqlı etirazını bildirən vətəndaşları ekstremist adlandırdı, bu adamların dərdlərini dinləmək əvəzinə, onları təxribat törətməkdə ittiham etdi. Lənkəranın icra başçısı isə əhalinin etirazını “bir qrup içkili adamın səs-küy salması” kimi təqdim etdi. Həm də içki satışının karta keçirildiyi, bütün mağazalardan spirtli içkilərin yığışdırıldığı vaxtda…

Bəli, vətəndaş problemlərini dilə gətirir, hökumətdən yardım istəyir. Ilham Əliyevin şəxsən təyin etdiyi icra başçıları isə vətəndaşı “alkaş”, “ekstremist”, “köpəyoğlu” adlandırır.

Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər?

Görünən budur ki, məmurlar da müşavirələrdə səslənən fikirlərin söz xatrinə deyildiyini, heç bir cəza olmayacağını bilirlər. Həm də arxayındılar ki, arxalarında prezident dayanıb. Normal ölkədə hansı məmur cəsarət edib vətəndaşı təhqir edə bilər? Əgər belə bir hal baş versə, vətəndaş vəzifəli şəxsi məhkəməyə verər, təzminat tələb edər.

Azərbaycan reallığı budur. Məmur yaxşı bilir ki, hansı hökumətin kadrıdır. Yuxarıda oturan xalqı aldadırsa, xalqın sərvətini oğurlayırsa, saxta seçkini şəffaf kimi təqdim edirsə, aşağıdakılar da bu “ənənə”ni davam etdirəcək.

Bəli, ölkədəki cəzasızlıq mühiti bütün məmurları məsuliyyətdən azad edir. Bu azadlığı isə hökumət təmin edib. Hökumət etiraz edən vətəndaşın üstünə ordu göndərirsə, icra başçısı da vətəndaşa “get öl” deyəcək.

Xülasə, son baş verənlər də göstərdi ki, ölkə başçısının “cəzalandıracam” vədi vətəndaşa ünvanlanıb. Əks halda ortada nümunələr olardı. Binəqədidədki yanğına, “Günəşli” yatağındakı partlayışa, süni qiymət artımlarına görə necə cəza olubsa, bundan sonra da elə cəza olacaq.

Deməli, xalq öz haqqına sahib çıxmalı, təhqir olunmağa dözümlü yanaşmamalı və günahkarların məsuliyyətə cəlb olunmasını tələb etməlidir. Yoxsa, günahkarlar yalnız müşavirələrdə “cəzalanacaq”.

Samir
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP