Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

Cəbrayılın icra başçısı ilə bağlı qalmaqal böyüyür

Mahmud Quliyev istefaya çağırıldı; icra başçısı: “Əgər günahım olsaydı, Prezident Administrasiyasında dərimi boğazımdan çıxarardılar...”
Son günlər mətbuatın əsas müzakirə mövzularından biri də Cəbrayılın icra başçısı Mahmud Quliyevlə bağlı yayılan məlum videodur. İcra başçısının vətəndaşı təhqir etdiyi iddia olunan videoda işlədilən “köpəkoğlu” sözü ətrafında qalmaqal böyüməkdədir.

2000-ci ildən Cəbrayılın icra başçısı olan M.Quliyev mətbuata açıqlamasında videodakı şəxsin özü olduğunu açıqlayıb. O, videonun yayılmasının təxribat olduğunu, bu işdə tanınmış yazar Günel Mövludunun əlinin olduğunu iddia edib: “Bütün bunları Günel Mövlud təşkil etdirib. Çünki onun atası işdən çıxıb, 2 qardaşı da narkotik maddə istifadə etdiyinə görə həbs olunub. Mən heç onları tanımıram. Ancaq o vaxt Günel Mövludun atası yanıma gəlmişdi, pul istədi, mən də ona pul verdim. Videonu da Günel Mövlud yaydırıb. Heç nədən şər-böhtan yaradırlar”.

G.Mövlud da öz növbəsində mətbuatda icra başçısına geniş köşə yazısı həsr edib. Yazıdan bəzi hissələri təqdim edirik: “Mahmud Quliyev cəbrayıllıların yaşadığı yerdə qorxu mühiti yaradıb. Şəxsən mənim valideynlərim dəfələrlə yalvarıblar ki, ondan heç nə yazmayım. Anam yazıq qorxa-qorxa mənə deyirdi ki, Mahmud Quliyev bizim ailəni sürgün edər. Təsəvvür edirsiniz? M.Quliyevin qoluzorlu qohumlarından, özünün gücündən, nüfuzundan, imkanlarından qorxurlar. Yazıq cəbrayıllılar, imkansızlıq, köçkünlük, qəribçiliklə yanaşı, heç kimdən çəkinməyən, özünü orda hakimi-mütləq hesab edən, bütün qanunlara tüpürən bir icra başçısının qorxusuna, təhqirinə, söyüşlərinə də dözməlidirlər. Videoda hamı bu adamın mədəni səviyyəsini, danışıq tərzini, insanlarla davranışını gördü”.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev də icra başçısını tənqid edib: “Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq, heç kimi təhqir etmək olmaz. İnsanlarla davranışda heç olmazsa, cənab prezidentə baxıb nümunə götürülməlidir”.

İqtidaryönlü-deputat Zahid Oruc da icra başçısını işlətdiyi ifadələrə görə sərt tənqid edib: “Baş verən aksiyalarda istər hansısa partiyanın nümayəndələri, istərsə də bir zamanlar icra başçısı tərəfindən vəzifədən çıxarılan şəxslər yaranan şəraitdən, sosial durumdan faydalanıb revanş götürmək istəyirsə, sənə qarşı qisasçılıq belə varsa, yenə də, ünsiyyət ”köpəkoğlu" şəklində ola bilməz. Orta əsrin feodal yanaşması deyil ki, sən qarşındakı şəxsi təhqir edirsən.

Baş verənlərdən sonra insanlarımızın səsi məmurlara çatdı, hökumət bu məsələni dəyərləndirdi, qarşıdakı dönəmdə də bundan nəticə çıxaracaq. Baş verən aksiyalarda siyasi məsələlər yox, sosial-iqtisadi məsələlər qaldırılmışdı. Ona görə də, məmurlar oraya yığışan insanları iclas zallarına yığıb onlarla görüşməli, danışmalı idilər. Qohumumdur deyib, təhqir edib, hələ bununla da ölkə ictimaiyyətinə demək ki, “burada hansı qəbahət var?”... Bilirsiniz, adam fərqində deyil ki, öz qohumuna “köpəkoğlu” deyirsə, bəs özü nə olur?

Əslən Cəbrayıldan olan keçmiş döyüşçü Vaqif Əlisoy “Yeni Müsavat”a açıqlamasında M.Quliyevin fikirləri ilə bağlı bunları dedi: “Tam səmimi deyim ki, Cəbrayılda ən yaxın adama belə "köpəkoğlu" sözünü demək adi hal alıb. Amma Mahmud müəllimin dilindən bu sözlər çıxıbsa, bunu qətiyyətlə pisləyirəm. O, vətəndaşı qəbul edirsə, vətəndaşa qarşı bu cür ifadələr işlədirsə, bunu qəbul edə bilmirəm. Cəbrayıl camaatı, xüsusilə onun yaşadığı kəndin sakinləri bunu birmənalı qəbul etmirlər. Düşünürəm ki, etdiyi hərəkətə görə cəbrayıllılardan üzr istəyəcək. İstənilən halda, bu, xoşagələn hal deyil. Cəbrayıllı olaraq, icra başçımızın adının belə olayda hallanmasından dərin təəssüf hissi keçirirəm".

Cəbrayıllı fəal Azər Telmanoğlu icra başçısını istefa verməyə çağırdı: “Cəbrayıl qəsəbələrinin sosial durumun bərbad olması onun necə fəaliyyətsiz başçı olduğuna sübutdur. Yol infrastrukturu dağılmış, işsizliyin tüğyan etdiyi qəsəbə Mahmud Quliyevin ”şah əsəridir". Son hadisə onun necə insan olduğun göstərdi. Bu hərəkəti edən başçı vəzifəsindən azad edilməlidir".

Yanvarın 15-də günorta saatlarında M.Quliyevin Prezident Aparatına çağırıldığı və vəzifəsindən azad olunacağı barədə xəbərlər yayıldı. Doğrudur, təsdiqini tapmasa da, məsələnin bu tərzdə günü-gündən böyüməsi, Cəbrayılın icra başçısının postunu itirəcəyini gündəmə gətirir.

Məsələyə obyektiv aydınlıq gətirmək üçün barəsində yayılan xəbərlər, ittihamlar, iddialarla bağlı icra başçısının özü ilə əlaqə saxlamağa nail olduq. Əvvəlcə danışmaq istəməsə də, sonradan razılaşdı. M.Quliyev Prezident Aparatına çağırılması ilə bağlı xəbər yayanlara sərt cavab verdi: “Bu xəbəri yayanlar qələt edirlər. Məni çağırsalar çağıracaqlar, çıxarsalar çıxaracaqlar, töhmət versələr də verəcəklər. Onların nə işlərinə qalıb? Amma hələ ki çağırmayıblar. Yalan məlumatdır. Qızara-qızara ağıllarına gələni yazırlar. Bilirlər ki, heç bir günahım yoxdur. Əgər günahım olsaydı, dərimi boğazımdan çıxarardılar. Amma onu dəqiq bilirlər ki, səhvə yol verən insan deyiləm, daim prezidenti dəstəkləmişəm, ölkə başçısı üçün canımla-qanımla çalışan şəxsəm. Belə söhbətlərə əhəmiyyət vermək lazım deyil. Öz yaxın adamlarımla söhbətim olub. Hamısını yığıb başa salmışam. Səhər saat 9-dan baş verən hadisə ilə məşğul olmuşam. İçdilər, sərxoş oldular. ”Mən filan partiyanın üzvüyəm" deyən şəxs daxil olmaqla, hər kəs öz cəzasını aldı. Amma qoymadım ki, kimsə tutulsun".

İcra başçısı Günel Mövlud məsələsinə yenidən toxundu: “Onunla bağlı artıq fikir bildirmək istəmirəm. Onun kimliyi bəllidir. Bir ailəni bədbəxt edib. Özü də bədbəxt olub. Mətbuat çox yalan xəbərlər dərc edir. Amma vicdanlı, qərəzsiz jurnalistlər də az deyil. Əvvəlcə intervü vermək istəmirdim. Amma jurnalist olaraq, xətrinə dəymək istəmədim. Jurnalistlərə daim dəyər verirəm. Barəmdə bu cür yazı yazanların çoxunun məqsədləri var”.

M.Quliyev deputat A.Şahverdiyevin barəsində dediklərinə sərt cavab verdi: “Onun açıqlaması mənim üçün maraqlı deyil. Heç oxumamışam da. Maraqlanmaq niyyətim də yoxdur. Əhəmiyyət belə vermək istəmirəm ki, o nə deyib. Mənasız sözlərdir”./musavat/
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP