Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

“8-ci km bazarı”nda satıcılar “qan ağlayır”

Hər iki tərəf narazıdı. Alan da, satan da. Alıcı bazarda qiymətlərin bahalığından, satıcı isə alıcılıq qabiliyyətinin zəifliyindən. Söhbət paytaxtdakı “8 km bazarı”ndan gedir.

Günorta çağı olsa da, bazarda satıcılar boşluqdan, necə deyərlər, milçək ovlayırdılar. Adda-budda bir alıcı ola, o da qiymətdən narazı qalıb gedə.

Əvvəl ət məhsullarından başladıq. Bazarın girişində balıq satan Cavanşirin sözlərinə görə, balığın qiymətində artım olmayıb. O, kütümün kilosunu bahalaşmadan əvvəl də 5 manata satırmış, indi də. Eləcə də toyuqların qiymətində də artım olmayıb. Bunu da Rəsul deyir.

Mal və qoyun ətinə gəlincə, bazarda köhnə qiymətlər qalır: dana əti 7.50 manata, qoyun əti isə 9-10 manat arasında dəyişir. Daimi müştəriləri var. Xahiş edincə, qiymətdə güzəştə gedirlər. Qəssab Hacı Nemət deyir, alıcılıq 2 dəfə azalıb.

– Qiyməti qaldırmaq olmur. Ət rayondan gəlmir ki?! Özümüz kəsib, özümüz alırıq. Baha eləsək, alıcılarımızı itirəcəyik. Onsuz da bahalaşmadan bəri alver xeyli azalıb. Əvvəl günortaya ət qalmazdı. Dükanı bağlayıb gedərdik. İndi axşama yeddi-səkkizə kimi gözləyirik ki, bəlkə alıcı olar.

Qiymətindən ən çox şikayətlər eşidilən kənd yumurtası son devalvasiyadan sonra 10 qəpik bahalaşıb, dənəsi 25 qəpik olub. Bunu da buğdanın bahalaşması ilə əlaqələndirirlər.

Süd və süd məhsulları olan tərəfə keçirik. Əsas yerli məhsullar satılır. Buna görə də qiymətlərdə artım yoxdu. Əslən İsmayıllıdan olan Çimnaz xalanın sözlərinə görə, pendirin kilosunu 3-4 manata satırlar.

Əhalinin gündəlik tələbatında əsas yeri tutan kartof-soğanın qiymətində artım var. Əksər kartoflar xaricdən gəldiyi üçün əvvəl 70-80 qəpiyə satılan kartof bu gün 1 manat, 1 manat 30-40 qəpikdən satırlar.

Kartof satan Aydın baba deyir ki, əvvəl gündəlik daha çox alver edirmiş.

– Əvvəl günə 30-40 kilo kartof satardım. Səhərdən indiyə kimi cəmisi 10 kilo kartof satmışam. 3-4 kilo kartof alan adam, indi gəlir ki, yarım kilo kartof ver, yarım kilo da soğan. Camaatda pul yoxdu. Onlar alver etməyincə, bizim də dolanışığımız çətinləşir. Əvvəl alıcı əlindən bazarda tərpənmək olmazdı. Bu gün bazara baxın! Alıcıdan çox satıcı var.

Göyərti satan Mətanət xala da qiymətlərdən narazıdır. Deyir, dükanlarda ərzaq məhsulları qalxıb:

– Yağ, un bahalanıb. Əvvəl göyün altısını-yeddisini 1 manata satırdımsa, indi beşini-altısını verirəm. Məcburam baha satmağa. Mən də yeməliyəm axı?! Banka kredit ödəyirəm. Xərclərim var. Alan yoxdu, ay qızım. Qiymətləri soruşub gedirlər.

Bazarda əsas qiymət artımı meyvə-tərəvəzdə görmək olur. Meyvə-tərəvəz alveri ilə məşğul olan Elşad bəy meyvələrdə bahalaşmanı topdan satış məntəqələrində qiymətlərin qalxması ilə izah edir.

– Qiymətlər artıb deyə alıcılar da azalıb.

Ovcunu irəli uzadır:

– Baxın, bu günə cəmi 70 qəpiklik alver etmişəm. Gündə 11 manat yerpulu verirəm.

Sonra əyilib piştaxtanın arxasından yeşik çıxarır:

– Alan yoxdu. Xarab olur, atırıq.

Özü əkib-becərib satana rast gəlmədik. Bazardakıların əksəriyyəti alverçidir. Alıb satırlar. Meyvə satılan digər “polka”nın qiymətləri ilə maraqlanırıq.

– Hər yerdə qiymət qalxıb. Tək bizdə yox. Deyirlər, süni qiymət artımı var. Tutaq ki, mən kəndliyəm. Yerkökü becərmişəm. Bu kökü mən neçəyə satım ki, evimə yağ alım? Dükanda yağı bahalaşdırıb, 15 manata qoyublar. Deyir, yerli məhsul qalxmasın. Yaxşı, qalxmasın. Bəs mən kökün qiymətini qaldırmasam, yağı, qəndi, “pesok”u, unu necə alım? Paltarsız birtəhər dolanarıq. Köhnədən nəyimiz var, geyinərik. Bəs bu kəndli yeməsə necə işləyəcək? Kəndli neyləsin, acından ölsün?

Elə bu zaman alıcı yaxınlaşır. Almaların qiyməti soruşub, narazılıq edir.

– Yağı anladıq, xaricdən gəlir. Bəs alma? Alma ki, yerli məhsuldu. Bu niyə bahalanıb?

Bu sözləri demişdi ki, satıcılarla alıcı aralarında mübahisə yarandı.

Alıcı xanım deyir ki, Gədəbəy kartofu Rusiyadan gələn kartofdan ucuzdu. Niyə o ucuz verə bilir, siz verə bilmirsiniz? Öz torpağımızdan çıxan malı baha verirlər.

Elşad bəy yarmarkalardan da gileyləndi.

– Yarmarkaları təşkil edirlər. Allah razı olsun. Amma qiymətlər bazarla eynidir. Yarmarkada ucuz olsaydı, ordan ucuz alıb, biz də ucuz satardıq. Yarmarkada yaşlı heyvan ətini 5 manata satırlar. Bizim bazarda da kilosu 5 manata mal əti var. Cavan dana ətini kim 5 manata satar? Sonra da deyirlər ki, guya yarmarkalarda ucuzluqdu.

Satıcılar topdan satış məntəqələrində əvvəl bütün meyvələrin qiyməti qalxsa da, artıq köhnə qiymətlə stabilləşib. Portağal bayram qabağı bahalaşsa da, bu gün kilosu 1. 60 qəpikdən satılır.

Xaricdən gətirilən meyvələrin də qiyməti ilə də maraqlandıq. Manat ucuzlaşandan əvvəl 2.10 manata alınıb. Sonra 2.20-yə qalxıb. 2-3 gün bundan əvvələ qədər 2.40 manat olub. Ananasın alıcısı çox olmadığından qiyməti dəyişməyib.

Mövsüm bitdiyi üçün naringinin qiymətində də artım olub. Bazarda əsasən yerli naringi satılır. Tələbat da yerli maladır. Topdan 1.70-ə alınıb, 2 manata satılır. İsmayıllı “Qızıl Əhməd” almasının da qiyməti qalxıb. Yerli məhsulun qiymətindəki artımı … yol xərcləri və gündəlik tələbat mallarının bahalaşması ilə əlaqələndirdilər.

Satıcılar mərci, düyü, lobyanın da qiymətində artım olmadığını deyir.

Bazarda alıcılıqdan razı olan bəlkə də yeganə satıcı Sahibdir. Göbələk satışından razıdır. Qiymətlər də, alıcılıq da əvvəl necə idisə, indi də o cür qalır. Marketlərdə od qiymətinə satılan şampinyon göbələyinin kilosu 2-2.50 manat arasındadı. Dil-ağız eləyib, hətta daha ucuz da almaq olar.

Qışın əsas sevimli qidası turşudur. Yeməyin yanında əla gedir. Yaxşı ki, turşuların qiymətində də artım olmayıb. Ehtiram deyir ki, kələmi, pomidoru, xiyarı özü becərib:

– Gördüyünüz bu turşuların heç birinə pul verib almamışam. Yerli istehsaldı. Qusarda əkib-becərmişik, duzlamışıq. Ona görə də, qiymətlərində artım etmədik. Həm cibə xeyirdi, həm cana. Taxta küpələrdə qoymuşuq. Dükanlarda satılanlar necə hazırlanır, bilmirik. Buna baxmayaraq, yenə də alan yoxdu. Əvvəl gün ərzində xeyli alver edərdik. İndi səhərdən bu yana çox az turşu satmışam.

Kələm, xiyar və kal pomidor turşusunun kilosu 1.50 manatdan satırlar. Əgər 3 kilodan artıq alsanız, kilosunu 1 manatdan verirlər.

“8-ci km bazarı”na getsəniz, sizə bir məsləhət verim. Mütləq Vahid müəllimlə görüşün. Məzəli söhbəti var. Tələbəlik illərindən danışacaq, üstündən də öz şeirlərindən deyəcək. Xarici Dillər Universitetini bitirib. Novruz Məmmədovun sevimli tələbəsi olub. Uzun müddət “İnturist”də tərcüməçi işləyib. Təqaüdə çıxandan gündüzlər bazarda alver edir, axşamlar abituriyent hazırlayır. İki xarici dil bilir: İngilis və fransız. Elə bizi də hər iki dildə salamladı. Göylərin qiymətindən başlayıb, tələbə illərinə qədər danışdı. Tələbəlik illəri bizə qalsın, göyün qiymətlərində dəyişiklik etməyib. Əvvəl necə idisə, bu gün də eyni qiymətə satır.

Marketlərdən fərqli olaraq, bazarda hər qiymətə məhsul var. Bahalısı da, ucuzu da. Əksəriyyəti də yerli. Üstəlik də bazarda qiymət endirimi var. Dədə – babadan olduğu kimi… /Lent.az/
794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber