Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

Eldar Sabiroğlu: ''Səlahiyyət sizdə, yumruğu vurun kəlləmizə, məhv edin!'' (VİDEO)

Yanvarın 15-də prokurorluq orqanlarından istefa verən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və o, həbs edilib.

Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləmiş, YAP-ın tanınan simalarından olan Eldar Sabiroğlunun oğludur.

Meydan TV-yə oğlunun həbsindən danışan Eldar Sabiroğlu onun rüşvət aldığına inanmır və bu həbsi R.Səfərovun istefa bəyanatı ilə əlaqələndirir:

“Günortadan sonra idi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini zəng edib idarəyə dəvət etdi. Rüfət də sual verdi ki, bu dəvət rəsmidir, ya qeyri-rəsmidir. Cavab verdi ki, qeyri-rəsmidir, rəhbərlik sizinlə görüşəcək. Bir azdan xəbər tutduq ki, məsələ başqadır, həbs etmək istəyirlər. Vəkillə danışdıq, maraqlandıq, məlum oldu ki, rüşvət alma maddəsi ilə cinayət işi başlayıblar. Guya bu da 2014-2015-ci illərdə baş verib. Bildiyimə görə, dəyəri də 1500 manata yaxındı. Çox qəribədir, milyonlarla rüşvət alanlar bu gün öz kefindədi. Əgər olubsa, bəraət qazandıra bilmərəm, amma övladımın təmiz olduğu məndə bu gümanı yaradır ki, bəyanatından, istefasında sonra qurulmuş tələdir. Sual olunur: Əgər o, rüşvət alırdısa, niyə onun qeyri-qanuni fəaliyyəti, hüquqa qarşı kobud rəftarı indiyədək açılmırdı? Əksinə, nümunəvi işinə görə, müstəntiq kimi fəaliyyətinə görə baş prokuror ona fəxri-fərmanlar vermişdi? Bunların hamısı absurddur. İndiki reallıqda kimisə adamın üzünə durdurmaq çətin məsələ deyil. Sabah mənim də üzümə kimisə durdurarlar ki, adam öldürüb, rüşvət alıb. Bunlar qanunsuz işlərdir, amma nə edək ki, bugünkü cəmiyyətimizdə belədir”.

“Əsas günahkar kimi Ramiz Mehdiyevi görürəm”

Eldar Sabiroğlu baş verənləri həm də özünə qarşı olan haqsızlıqlarla bağlayır:

“Mənə olmazın təhqirlərini yağdırdılar. Yeni Azərbaycan Partiyası, parlamentin deputatı tərəfindən. Bunların hamısını Ramiz Mehdiyev təşkil etmişdi. Mən əsas günahkar kimi onu görürəm.

Rüfət bir gün kompyuterdə haqqımda yazılmış yazını mənə göstərdi. Sapsarı saralmışdı. Hiss edirdim ki, içəridən özünü yeyir, udur, amma əslində mənə olan təqiblər onu sakit buraxmırdı. Və özünə qarşı olan ədalətsizliklər də onu təngə gətirmişdi. Nəhayət, bunlar yığıldı, Rüfətdə ümumi narazılığa səbəb yaratdı. Mən istəməzdim o cür bəyanat versin. Atılmış insan kimi hiss edirdi özünü.

İmtahanında 100 ballıq şkala üzrə 70-80 bal toplamışdı. Amma təyinatla aparıb atdılar rayona. Rayon da bizimkidir, orda da işləmək lazımdır. Amma necə ola bilir ki, ən aşağı bal toplayan Bakı şəhərində qalır? Ona görə ki, onun arxasında pul var?”

Eldar Sabiroğlu “Siz də bu hakimiyyətə az xidmət etməmisiz. Bu xidmət əsas sayılmırmı?” sualına belə cavab verib:

“İndi vəziyyət dəyişib. Xidmət deyəndə adamın gözünü çıxarırlar. Əgər rüşvət almaq bacarığı səndə yoxdursa, deməli, sən işləyə bilmirsən. İnsafən etiraf etməliyik, son illər prezidentin gördüyü çox gözəl işlər var. Amma bu işləri Ramiz Mehdiyev kimiləri, rüşvətxorlar, korrupsionerlər kölgə altında qoyur. Fakt olmadan kürəyinə 1500 manatı yapışdırıb rüşvət adıyla oğlumu bu gün həbs etdilər. Ayıb bir işdi.

Səlahiyyət bu gün sizin əlinizdədir. Amma bu, o demək deyil ki, insanları əzib üstündən keçmək lazımdır”.

“Bunların qarşısını alın!”

Eldar Sabiroğlu ölkə başçısına da müraciət edib:

“Necə ola bilir ki, Azərbaycan üçün heç bir xidməti olmayan Ramiz Mehdiyevin oğlu general adı ala bilir, nazir müavini ola bilir, özü savadı olmaya-olmaya akademik adı ala bilir, – mən bunu dəqiqliklə deyirəm – arvadı kafedra müdiri ola bilir, qızı kafedra müdiri ola bilir, mənimsə oğluma yer olmur? Bu ədalətsizliyi Allah götürməz. Ona görə də mən hörmətli prezidentimizə müraciət edirəm. Bunların qarşısını alın! Ədalət təkcə Zakir Qaralovun Cinayət Prosessual Məcəlləsində özünü ehtiva etmir, haqq Allahın ədalətidir. Bir gün daşı adamın kəlləsinə salar. İndi nədi, mənim tək bir oğlum var, onu da həyatdan məhrum edirsiz? 7 ildən 15 ilədək iş düşür. Hansı xəyanətim oldu? Halbuki Heydər Əliyevə, İlham Əliyevə ən ağır təhqirlər yağdıranların bir qismi parlamentdə, bir qismi də vəzifədədir. Ona ən iyrənc münasibət göstərən adamların döşünə medal taxıldı. Hörmətli prezident, bunları nəzərə alın. Ola bilər bunları eşidib çox acıqlanasız, haqqınızdı, döyə də, vura da bilərsiz. Amma haqqı qorumaq padşahın, rəhbərin birincə vəzifəsidir. Mən sizdən bu haqqı qorumağı xahiş edirəm”.

“Haqqı nahaqqa verməsin”

Rüfət Səfərovun anası isə ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib:

Rüfətin istefası mənə əvvəlcə pis təsir etdi. Sonra düşündüm ki, düzgün hərəkət etdi. Ona görə ki, ona qarşı haqsızlıq ediblər. Yəqin xatırlayırsız, ötən il Zərdabda ağır ölüm hadisəsi olmuşdu. Rüfət 12 saata o hadisənin üstünü açdı. Buna görə onu mükafatlandırdılar. Sonuncu dəfə 1 ay əvvəl attestasiyadan keçdi, imtahanı 100 balla başa vurdu. Və bunun nəticəsində oğluma qarşı edilən ədalətsizliyi çox pis qarşılayıram.

Mənim müraciətim Azərbaycanın birinci xanımı Mehriban Əliyevayadır. O da anadır və şahid olmuşam ki, çox gənclərin inkişafında rolu böyükdür. Mən də bir ana kimi ondan xahiş edirəm, haqqı nahaqqa verməsin”

“Əgər cənab prezident buna imkan yaradırsa, oğlumun türmədə puç olmasına razı olursa, buna çox təəssüf edirəm. Getsin, Allah onun yolunu açıq eləsin” – deyir, Eldar sabiroğlu.

“Böylə arkadaşlıq olmaz, əfəndilər”

YAP üzvü deyir ki, baş verən hadisədən sonra yaxın münasibətdə olduğu hökumət üzvlərindən heç biri ona zəng etməyib:

“Salam-sabah etdiyimiz adamlar vardı, zəng etmədilər, olsun. Nə olacaq? Oğlumun həbsindən bir az əvvəl çox yüksək səviyyədə bunu müzakirə etdik. Ad çəkmirəm. Mən ona müraciət etmişdim. O, məni inandırmağa çalışdı ki, narahat olma, Rüfətə də çatdır sakit dayansın, heç nə etməsin. Üstündən 2 saat keçməmiş oğlumu həbs etdilər. Türklər demiş: “Böylə arkadaşlıq olmaz, əfəndilər”. Nədir, səlahiyyət sizdə, bütün imkanlar sizdə, yumruğunuzu vurun kəlləmizə, məhv edin! Vəzifən var adamsan, yoxsa adam deyilsən. Nə qədər bu əhval-ruhiyyə altında adamlara əzab veriləcək, Ramiz Mehdiyev də qəhqəhə ilə güləcək? Onun dayandırılması üçün heç bir iş görülməyəcək? Mən təəssüf edirəm.

“Məndən qisas alırlar”

Eldar Sabiroğlu: “Yazmışam, bu gün ölkədə elə bir inam kök salıb ki, ölkəni idarə edən Ramiz Mehdiyevdir. Mən də onun əleyhinə çıxış edirəm, deyirəm ki, bu yalandır. Boş söhbətdir, onun ətrafının yaydığı boş, əfsanəyəbənzər məsələlərdir. Bunun əvəzində də bu gün cəzalandırılıram. Gəlib ailəmin bütün üzvlərini həbs etsinlər, bəlkə sakitləşərlər. Mən emosional olmaq istəmirəm. Mətn olmalıyam, ölçü-biçini itirməməliyəm, nə qədər ağır olsa da, dözməliyəm. Emosiyasız-filansız bir sözlə fikrimi bitirirəm: Prezident İlham Əliyevdən çox inciyirəm!Göstərdiyi münasibəti üçün çox sağ olsun”.


876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26