Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

Sistemi içəridən dağıdan şəxsiyyət

Son günlər deputatxana üzvlərinin xalqın etiraz aksiyalarına dəstək verən çıxışlarını zövqlə izləyirik. Bunların önündə hələlik Bərdədən deputat Zahid Oruc gedir. Zahid müəllim çox cəsarətlə monopolist məmurların, yarıtmaz icra başçılarının üstünə gedir. Gəlin ona bir cəmiyyət olaraq dəstək verək.

Açığı, mən qorxurdum Zahid müəllimi keçmiş partiya yoldaşı və lideri Fəzail müəllim bu cür çıxışlarından sonra idarədə döysün. Çünki tarixi təcrübə var, Fəzail müəllim vaxtilə deputatxanada məmurları tənqid edən Hüseyn Abdullayevə də hücum çəkmişdi. Ancaq sonra Fəzail müəllimin də cəbhə xəttinin bir qırağından Zahid müəllimə dəstək verməsini, Siyəzəndə monopoliya yaradıb cücə ətini və unu xalqa baha satan deputat Tahir Süleymanovu haqlı atəşə tutmasını görəndə xeyli şad oldum. Belə olsun həmişə.

Özü də sizə deyim ki, Zahid müəllim kiçik deputat deyil, bir çoxlarından fərqli olaraq cəsurdur, hətta parlamentdə (artıq yavaş-yavaş bu idarə də öz haqlı adını qaytarmaq üzrədir, bu işdə də Zahid Orucun böyük xidmətləri vardır) təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvüdür. Dəfələrlə NATO ilə sülh naminə tərəfdaşlıq proqramının diplomlarını almışdır. Ali savadlıdır, Texniki Universiteti bitirmiş, deputat olana qədər Fizika İnstitutunda çalışaraq elmin yollarında zəhmətlə irəliləmişdir.

Keçən il MTN adlı o şər, böhtan, işgəncə, quldurluq yuvası cənab prezidentin fərmanı ilə dağıdılmağa başlayanda buna ilk dəstəyi də başqaları yox, məhz Zahid Oruc vermişdi. Xatırladıram, həmin vaxt sərəncamla Eldar Mahmudov işdən azad edilmişdi, ancaq heç kim bunun sonunu anlamırdı. Hərə bir söz deyirdi, hətta bəziləri yazırdılar ki, guya prezident Mahmudovu baş nazir qoymaq üçün işdən azad edib. Yalnız Zahid müəllim böyük cəsarətlə Eldar Mahmudovu ifşa etməyə başladı, onu tənqid etdi. Halbuki, qəfildən hər şey ola bilərdi, doğrudan da Mahmudov hansısa vəzifəyə qoyulub adamın canını alardı. Lakin insan qorxmadı! Çünki Zahid müəllim Atlant kimi xalqdan, ana torpaqdan güc alır! Onun kökləri qədim yurdumuzun əsrarəngiz dərinliklərində çulğalanmışdır! (Bayaq yanlış yazdım, əslində Zahid müəllim Antey kimi torpağa bağlıdır. İnsan elə fəaliyyət göstərir ki, bütün qəhrəmanlıqlara uyğun gəlir. Biz indi ona hətta Herakl deyə bilərik. Əgər Azərsun-la davadan sağ çıxsa, şübhəsiz, mifoloji qəhrəman olacaqdır!).

Un kisəsi üzərində əlavə dəyər vergisinin ləğvi, Qubaya suvuran əsgərlərin yeridilməsi, Bakıda Dövlət Bayraq Meydanı idarəsinin ləğvi, Rabitə Nazirliyinə təzə nazir qoyulması, Füzulidə icra hakimiyyətindən Şakir Hacıyevin həbsi də islahatların uğurla davam etməsindən xəbər verir. Yeri gəlmişkən, dünən bu Şakir müəllim haqda cürbəcür xəbərlər yayıldı. Gah yazdılar onun iki kürəkəni də tutulub. Bu kürəkənlər müxtəlif rayonlarda polisdə işləyirmiş. Gah yazdılar kürəkənlər tutulmayıb. Hər halda, icra nümayəndəsinin kürəkənləri ancaq polis sırasından seçməsi maraqlı faktdır, dövlətçiliyimizin xarakterini açır. Eyni zamanda, mən bu Şakir müəllimi yalan olmasın, it ilindən xatırlayıram. Vaxtilə Füzulidə qoyunçuluq birliyinin sədri idi. Sonra Surət Hüseynova qoşuldu, hakimiyyətə gəldi, uzun illər icra hakiminin müavini oldu. İcra hakimi dəyişəndə bunu çıxartdılar, ancaq üç ay keçməmiş təzə vəzifəyə qoydular. Çünki Şakir müəllim olmadan Füzulidə seçki qayırmaq, adam soymaq çətin idi. İndi isə özünü tutdular. Su səhəngi suda sındı.

Ancaq biz təkcə unun ucuzlaşması və yumurta satanların tutulması ilə barışan deyilik. Başqa tədbirlərə də əl atılmalıdır. Yaxşı olardı tort ucuzlaşsın, çörək olmayanda tort yeyə bilək. Zahid Orucun isə fil qulağında yatmış, bəlkə də artıq nirvanaya çatmış Artur Rasizadənin yerinə - baş nazir qoyulmasını tələb edirəm.
İndi söz əlaqədar təşkilatlarındır.

Zamin Hacı/musavat
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Ç