Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Şamaxıda məmur şəhid anasını təhqir edib

İcra başçısının müavini «oğlunu döyüşə mən göndərmişəm?!...getməyəydi» deyib
«Azəsıoğrta» şəhid ailəsinin kompensasiyasını ödəməkdən imtina edir

«İcra başçısının müavini şəhid ailəsini təhqir edib. “Azərsığorta” Dövlət Şirkəti isə ailəni süründürür, dövlət icbari sığorta ödənişini ala bilmirlər». Bu barədə şəhid anası, Şamaxı rayon sakini Abduallayeva Fənarə Gülməmməd qızının dövlət başçısı İlham Əliyevə və millət vəkili Mehriban Əliyevaya müraciətdə bildirir.
Bir sürəti «Bizim Yol» qəzetinə göndərilən müraciətdə yazılır: “Oğlum, Abdullayev Nadir Mənsim oğlu 10 iyun 1991-ci il hərbi xidmətə çağrılıb. 1994-cüil aprelin 19-da Ağdamın Güllücə kəndi istiqamətində gedən döyüş zamanı itkin düşüb. Şamaxı rayon məhkəməsinin 03 iyul 1997-ci il tarixli 2-50 saylı qərarı ilə N.Abdullayev itkin düşmüş sayılıb. Həmin məhkəmənin 28 iyul 2008-ci il tarixli qətnaməsi ilə ölmüş elan olunub. Oğluma şəhid statusu verilib. Amma mən məmur özbaşınalığının nəticəsində qanunla şəhid ailəsinə olan güzəşt və imtiyazlardan istifadə edə bilmirəm”.
Şikayətçi yazır ki, Şamaxı rayon icra hakimiyyəti başçısının 25.12.2008-ci il tarixli 252 saylı sərəncamı ilə şəhid Abdullayevin ailəsi güzəştli mənzil növbəsinə götürülüblər: “Mən oğlumla yaşayıram. Biz aztəminatlı ailəyik, mənzilə ehtiyacımız var!. Sərəncamdan 5 il vaxt keçsə də, heç bir nəticə yoxdur. Bina tikildi paylanıldı, amma bizə ev verilmədi. Bu barədə Prezident Administrasiyasına şikayət etdik. Şikayətimiz Şamaxı Rayon İcra Hakimiyyətinə göndərildi. Bizi icra hakimiyyətinə çağırdılar. Getdim. Görüş zamanı icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağamustafa Vahidov məni təhqir etdi. Şəhid oğlumun adına olan sənədi üzərimə tullayaraq dedi: “Oğlunu mən döyüşə göndərməmişdim ki... Getməyəydi”. Cənab Prezident, yerlərə təyin etdiyiniz məmurlar vətəndaşları aşağılayır, şəhidləri təhqir edir. Mən artıq heç nə istəmirəm, qanunun işləməsini tələb edirəm. Dövlətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıram. Mənzil verilməsini tələb edirəm”.
Şəhid anası Fənarə Abduallayevanın bir şikayəti də «Azərsığorta» Dövlət Şirkəti ilə bağlıdır. Onun yazdığına görə, 2010-cu ildən bu vaxta qədər oğlunun şəhid olmasına görə dövlətin təyin etdiyi icbari sığorta ödənilmir: “Qanunla oğlum hərbi qulluqçu olduğuna görə ona dövlət icbari sığorta verilməlidir. «Azərsığorta» Dövlət Şirkəti heç bir əsas olmadan şəhid ailəsi olaraq mənə kompensasiya vermir. Şirkət rəhbərliyi hər dəfə bir bəhanə ilə bu kompensasiyaları ödəməkdən boyun qaçırır, şəhid ailəsini süründürür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət edərək pozulmuş hüquqlarımızın bərpasını tələb etsək də, bu vaxta qədər heç bir müsbət nəticə əldə edilməyib. Kompensasiyanı ala bilmirik”./bizimyol/
1347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber