Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2016

Çörək çıxarmağa daş qalmayıbsa….

Biz zəhmətkeş millətik. Ağır durumlarda da özümüzü oda-közə vurub ruzimizi qazanırıq. Başqasına möhtac olmamaq üçün çətinliyə də, əziyyətə də qatlaşırıq. Ən çətin zamanlarda çörəyimizi daşdan çıxarmağı da bacarırıq. Bunu on illərdir min cür zəhmətlə ailəsinə ruzi aparanlar yaxşı bilir. Amma daha o daşlar belə əlinizdən çıxıbsa, necə? Daha gündəlik yeyəcək pulunu çıxardığımız daşları belə əridib aparıblarsa, necə? Quru yurdda buraxılan bu məmləkətin daşını daş üstdə buraxmayıblarsa, necə? Daşyonanlıq, daşdaşıyanlıq üçün bir iş qalmayıbsa, necə? Onda biz biçarələr başımıza haranın daşını tökməliyik axı? Yolunu bilən varmı? Yol göstərən çoxdur, məlum. Ölkə çənəsi boşlarla dolub-daşır. Onların göstərdiyi yol nə olacaq ki? Hələ bir də ona yol demək mümkünsə… On beş-iyirmi ildir parlament kürsüsünə yayxanıb, aldığı böyük məbləğ əməkhaqqı qarşılığında bir çöplük iş görməyən adamların işarət etdiyi yolla hara gedib çıxmaq olar? Elə onların sayəsində indi uçurumdan qurbanlıq kimi sallana-sallana asılıb qalmışıq…

Ölkədə iqtisadi böhran yaşanır. Bunu görməyənin iki gözü də kor olmalı. Çıxış yolu gəzən insanlar gözünü hökumət tərəfə dikib, möcüzə olacağını gözləyir. Bu gözləntinin adına, “möcüzə”dən başqa bir şey deyilməz, təbii. Ölkəni bu günə salan hökumətdən yenə nicat gözləməyə dəyərmi? Dəyməz, qardaşım, dəyməz. O hökumətin vəkilləri ağır durumunuzdan çıxış yolu olaraq sizə nə məsləhət verir, görmürsünüz? Görmürsünüz, o parlament binasında yaşlanıb, saçı-başı ağarmış adamlar yoxsul həyatınızın məsuliyyətini yenə də sizin öz üstünüzə atır? Görmürsünüz, ölkədə böyük biznes şəbəkəsi quran deputat Hadı Rəcəbli maaşının azlığından şikayətlənən müəllimləri fəhləliyə, “Şöhrət” ordenli deputat Aqil Abbas işsizlikdən haray çəkən insanları soğan əkməyə səsləyir. Bax, bir hökumət səviyyəsində bu ölkənin vətəndaşına qoyulan qiymət belədir. Qiymət o yana, bu, eləcə, bir parlament səviyyəsində “sizi saya salan yoxdur” mesajı səsləndirməkdir. Yəni boşuna çığır-bağır salmayın, nə olur-olsun, siz haqsız çıxarsınız. Orda oturub illərdir qərar qəbul edən adamlar belə məsləhət görürsə, siz nə karəsiniz, qarşı çıxırsınız axı? Sizin əməyiniz, çalışmanız, dəyəriniz elə o verilən qərara uyğundur ki, durub. Bəli, onlar bahalı, siz ucuz adamlarsınız bu ölkədə. Nə qədər alçaldıcı və təhqiramiz səslənsə də, acı reallıq belədir ki, var…

Biz, əlbəttə ki, “acı reallıq” dediyimiz o həqarəti yaşamağa heç layiq deyildik. Bu ölkənin gözəllik, rahatlıq, zənginlik payında bizim də haqqımız vardı. Həm də o müftəxorlardan fərqli olaraq, halal haqqımız. Amma biz o haqqımızı əldən qaçırdıq. Niyəsini özünüz bilirsiniz. Öz səssizliyimizdən, dinməzliyimizdən, gözüqıpıqlığımızdan, üzüyolalığımızdan qapdırdıq halal haqqımızı onlara. Ölkənin daşına, torpağına, ağacına, yarpağına qarışan alın tərimizin haqqını o vecsizlərə yedirdik. Özümüz öz əlimizlə ər meydanını şər meydanına verib, doğma torpağımızda sürgün yaşadıq illərcə. O vecsizlər də bu ölkənin varını-sərvətini talan edib, külünü göyə sovurdular. Biz hər halımızla daş daşıyıb, soğan əkməyə razılaşdıqca, onlar ağalanıb başımızda turp əkdilər. Bizə yuxarıdan aşağı baxıb, istədikləri kimi aşağılamağa cəsarət tapdılar. Ayaqları o qədər yer aldı ki, özlərini bu ölkənin insanından 100 qat üstdə görməyə başladılar. Buna izin verməməliydik. Bu ölkəni belə adamlara əmanət etməməliydik. “Haqq” qapısını bu adamların şəxsimizi alçaltmasına qədər açıq qoymamalıydıq. Biz bu etdiklərimizin cəzasını yaşayırıq, bilirmisiniz? Həm də necə ağır yaşayırıq, özünüz bilirsiniz…

Səadət Cahangir/azadlıq
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı