Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

İstefa islahatı həyata keçirin

Ölkəmiz rəngarəng günlər yaşayır. Amma bu rəngarəngliyin içində ağ rəng görünməz olub. Çünki, tünd rənglərin həmrəyliyi yaranıb və bu həmrəylik şər dirijorunun çubuğu ilə performans göstərir.

Təbii ki, bütün bu baş verənlərdə bizim də günahımız var və bu günahın bədəlini ödəyirik. Uzun illər ərzində ağ rəngin ifası üçün dirijorluq etmədik. Çubuğumuzu dərdin, kədərin, biganəliyin, cəsarətsizliyin təntənəsi üçün fırlatdıq.


Bu da nəticə, bu da acı sonluq, bu da səfalət mükafatı.

Indi ölkə insanının siması müharibə düşərgəsini xatırladır. Insanların üzündəki cizgilər zillət portreti yaradıb. Işsizlik, pulsuzluq, bahalıq, ümidsizlik cəmiyyətin yol yoldaşına çevrilib. Cəhənnəmə gedən yoldaşını çox istədiyi kimi, bu ölkədəki bütün neqativlər vətəndaşı da özüylə aparır. Məhz bunun göstəricisidir ki, ölkədə intihar ənənəsi yaranıb. Illərlə ədalətsizliyə səsini qaldıra bilməyən adamlar özünə əl qaldırır. Insanların düşüncəsi qarışıq mallar mağazasına çevrilib. Hamı problemləri fikirlə həll etməyə çalışdığı üçün, çarəsizlik labirintinə düşür.

Təbii ki, ölkənin bu vəziyyətə düşməsi, dövlətin immunitetinin zəifləməsi, vətəndaşın ölüm arzulaması birbaşa möcud idarəetməylə bağlıdır. Uzun illərdən sonra məlum oldu ki, hökumət heç bir sahədə inkişafa nail olmayıb. Əksinə, bütün sahələr iflic vəziyyətə salınıb, ölkənin sərvətləri oğurlanıb, dövlətin imici məhv edilib.

Indi də sosial-iqtisadi böhran ölkəni mühasirəyə alıb. Belə bir vaxtda hakimiyyətin heç bir anti-böhran proqramı yoxdur. Müşavirələrin keçirilməsi, sərəncamların verilməsi, günahkarların hədələnməsi, nəticəsiz qaldı. Yəni nə qiymətlər endirildi, nə ixtisarların qarşısı alındı, nə devalvasiyanın vurduğu zərər kompensasiya edildi, nə də monopoliyalar ləğv olundu. Bəli, ölkənin ən ağır durumunda da hakimiyyət öz “ənənə”sinə sadiq qaldı, xarakterini dəyişmədi. Hətta bölgələrdəki etiraz aksiyaları, iş adamlarının ölkədən qaçması, insanların kütləvi intiharı da hakimiyyəti ciddi islahata məcbur edə bilmədi. Daha dəqiq desək, hakimiyyət “ölsəniz də islahat aparan deyiləm” mesajı verdi. Qiymətlərin 30-40 faiz bahalaşmasının, manatın 130 faiz dəyər itirməsindən sonra pensiyaların 10 manat artırılması “yalnız bunu edə bilərik” demək idi. Çörəyin qiymətinin ucuzlaşdırlması isə “çörəyin qiymətini endirdik, Allahaınıza şükr edin” mənasını verirdi. Beləliklə, ən çətin vəziyətdə hökumətin gördüyü iş göz qabağındadır. Bundan sonra hökumətdən hansısa sürprizlər gözləmək sadəlövhlüyün, ruhi xəsətliyin göstəricisi ola bilər.

Bunu anlayışla qarşılamaq lazımdır. Bu sistem yalnız belə idarə edə bilir. “Islahat” sözü bu rejimin ən nifrət etdiyi ifadədir. Bunlar korrupsiyadan, monopoliyadan, hüquqsuzluqdan əl çəksələr yetim qalarlar, məyus olarlar. Bəli, bu hakimiyyət bizim gözlədiyimiz kimi islahat aparmağa qadir deyil və bu yükü daşıya bilməz.

Ona görə də şanlı hökumətimizə yaxşı bir məsələhət vermək istəyirik. Bir halda ki, real islahatlar aparmaq bacarığınız yoxdur, bir halda ki, dövləti bazar təfəkkürü ilə idarə etməyin altenativini təsəvvür etmirsiniz, bir halda ki, hökumətdə qaldığınız hər gün ölkəni xaosa sürükləyir, o zaman ən asan islahatı həyata keçirin.

Bəli, bundan sonra bu sistemin bu xalq üçün ən böyük yaxşılığı, ən bəyənilən islahatı istefaya getmək ola bilər. Bəli, istefa islahatı həyata keçirin, anti-böhran tədbiri olaraq hökumətdən gedin. Bunun üçün heç bir uzunmüddətli proqramlara ehtiyac yoxdur. Ölkəni zibil yeşiyinə çevirdiniz, indi kənara çəkilin və imkan verin təmizlik işi aparaq.

Cənablar, ən asan islahatı həyata keçirmək, sizin üçün ən asan çıxış yoludur. Nifrətimizi də özünüzlə götürmək şərtiylə, yoxa çıxın.

İlham Hüseyn
977 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber