Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Devalvasiya şadlıq evlərini, restoranları da vurdu

Devalvasiya şadlıq evlərini, restoranları da vurub. Paytaxtdakı şadlıq evləri, restoranlar artıq ay ərzində 1-2 toy görəndə sevinclərinin hüdudu olmur.

“Xəmsə” şadlıq evinin baş inzibatçısı Bəxtiyar adlı şəxs devalvasiyadan sonra restorana toy sifarişi verənlərin sayında 70 faiz azalma olduğunu etiraf edib : “Devalvasiyadan sonra demək olar ki, toy sifarişlərində 70 faiz azalma var. Əvəllər ay ərzində 7, 8,9 toy olurdusa indi artıq 2-3 toy ola, ya olmaya. 2-3 toy olanda da sevinirik. Menyu qiymətlərimizdə də heç bir artım yoxdur. Güya ki, qiymətləri artırsaq nolacaq ki...”.
“Yeganə” şadlıq sarayından sorğumuza cavab verən restoranın administratoru da bu ay yalnız 2 toylarının olduğunu bildirib: “ İndi təbii ki, yanvar ayı olduğu üçün toy sifarişlərimizdə nisbətən azalma var. Sifarişlərə manatın dəyərdən düşməsi də çox böyük təsir edib. Bu ay 2 toyumuz var. Yeməklərdə heç bir qiymət artımı da yoxdur”.
“Monte Kristo” şadlıq evindən sualımızı cavablandıran Zaur isə keçən ilin bu vaxtı 7,8,9 toylarının olduğu halda indi isə ayda 2 toy olduğunu söylədi: “Açığını deyim, işimizdə, toy sirafiş edənlərin sayında tam olaraq 80 faiz azalma var. İş yoxdur. Devalvasiyadan qabaq yanvar ayına 3 toy yazılmışdı. Amma manat öləndən sonra isə fevral ayında cəmi 2 toy var. Halbuki, keçən ilin bu ayında bizdə 10 toy oldu”.
“Clear” şadlıq evindən bildirilib ki, artıq 2-ci devalvasiyadan sonra şadlıq evi öz fəaliyyətini tamamilə dayandırıb, işləmir : “Siz soruşursunuz ki, toyların sayında azalma var? Heç restoran işləyir ki, azalma, ya da çoxalma olsun. Devalvasiyadan sonra restoranı bağlamışıq. Çünki buna məcburuq. Toy edən yoxdur. İnsanları da qınamıram. Camaat güclə dolanır, çətinliklə yaşayır. Kimdir ki, bu günkü gündə borca xərcə düşə-düşə toy eləyib özünü zibilə salsın”.
“Gilavar” şadlıq evinin administratoru Rövşən də digər restoran işçiləri kimi toy sözünü eşidən kimi ürəyi açıldı: “Vallah toy deməyin e... Toy adını eşidəndə sevinirik. Bu devalvasiya yaman günə saldı işlərimizi. İnanırsınız ki, manat dəyərdən düşən gündən cəmi 2 toyumuz olub. Oturub gözləməkdən də yorulmuşuq. Ümidimiz yalnız fevral ayından sonrayadır ki, görək nə olacaq. İşdir əgər 3-cü devalvasiya da olsa, batdıq biz”.
“Mona Liza” şadlıq evindən sualımızı cavablandıran Sabir bu ay 2 toy olduğunu, fevral ayına isə sifarişlərinin olmadığını dedi: “2-ci devalvasiya olanda demək olar ki, nəinki toy, heç adi yemək yeməyə də müştərilər gəlmirdilər. Amma indi gələnlər var. Toy da ki, artıq zəifləyib də. Nə yalan deyim, vallah, bu ay 2 toyumuz var. Fevrala isə hələ sifariş yoxdur. Yəqin ki, artıq fevral ayına bundan sonra da sifariş olmaz. İnanmaqdan, ümid etməkdən başqa çarəmiz yoxdur”.
“Neolit” şadlıq evinin administratoru da sorğumuza cavab olaraq bildirdi ki, toyların sifarişində zəifləmə 60-70 faiz arasındadır : “Artıq 2 aydan çoxdur ki, toy sifarişlərimizdə demək olar ki, 60-70 faiz, yəni tam olaraq 2-3 dəfə azalma var. Əsas səbəb və təsir devalvasiyadır. Manat dəyərdən düşdü və insanlar ancaq gündəlik yaşamağın yolları haqqında düşünürlər. Ona görə də kimdənsə gəlib burada toy etməyi ummaq da olmur. İndi insanlar artıq toy marağında deyillər. Problemləri birə beş artıb”.
“Mega Palace” şadlıq sarayının administratoru Rəşad hər gün evdə oturmamağın dərdindən yalandan gəlib restoranda oturduğunu və kiminsə indi gəlib toy sirafişi verəcəyini gözlədiyini bildirib : “Hər gün yalandan bura gəlib getməkən də adam bezir. Yalandan evdə boş bekar oturmamağın dərdindən gəlib burda otururuq ki, kimsə gəlib toy sifarişi edəcək və biz də sevinəcəyik. Kəçən il bu vaxtlar təqvimdə sifarişdən yer yox idi. Ən azı ay ərinzdə 9-10 toyumuz var idi. Amma indi inanın ki, fevral ayına 1 dənə də toy yazılmayıb. Manatın dəyərdən düşməsindən sonra sifarişlərimizdə 80 faiz azalma var. Yanvar ayına cəmi 2 toy yazılıb. Bu da ki, devalvasiyadan qabaq yazılan toylardır”.
“Su Sonası”şadlıq evindən sorğumuza cavab verən Əzim adlı şəxs isə keçən ilin bu vaxtında 10-15 toy olduğu halda indi isə ayda 1-2 toy olduğunu dilə gətirdi: “İndi demək olar ki, artıq manatın dəyərdən düşməsindən sonra toylarımızın sifarişində çox zəifləmə var. Toylar 80 faiz azalıb. Keçən ilin bu zamanları ayda 7-8, 10-15 toyumuz olardı. İndi ay ərzində 1-2 toy ola, olmaya”.
“Niaqara” şadlıq evinin administratoru Elman toy sifarişçilərinin 2-3 dəfə azaldığını az qala ürək ağrısı ilə etiraf etdi: “Dekabr ayının sonundan demək olar ki, toy sifarişlərimizdə 60-70 faiz və yaxud 2-3 dəfə azalma var. Buna əsas səbəb təbii ki, manatın kəskin şəkildə dəyərdən düşməsi oldu. Mən sizə tam səmimi deyim ki, ərzaqlarda, menyuda heç bir qiymət artımı etməmişik. Amma yenə də toy edən müştərilər yox dərəcəsindədir. Məsələn, əvəllər ay ərzində bizdə ən azı 10 toy olurdusa, bu ilin yanvar ayında 3, fevralda isə 2 toy var. Vəziyyət çox pisdir. Bilmirik ki, nə zamana qədər belə davam edəcək”./modern/
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18: