Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

İlham Əliyev indimi xəbər tutub bütün bunlardan?

AXCP sədri hakimiyyətin ifşasını davam etdirir

AXCP sədri Əli Kərimli hökumətin əhalini mövcud sosial-iqtisadi böhrandan qorumaq üçün gərəkən addımlar atmadığını ifşa etməkdə davam edir. AXCP lideri feysbuk səhifəsində paylaşdığı növbəti iki qeydlə tikinti sektorunun problemləri haqda ölkə başçısının etirafına və Mərkəzi Bank sədrinin dollar kreditlərilə bağlı fikirlərinə münasibət bildirib. Hər iki qeydi təqdim edirik.

İlham Əliyev müşavirədə deyib ki, bürokratiya, korrupsiya tikinti sektorunda biznes mühitini korlayır. İlham Əliyev indimi xəbər tutub bütün bunlardan? İndiyə qədər bilmirdimi ki, korrupsiya, rüşvət, bürokratiya nəinki tikinti sektorunu, bütövlükdə iqtisadiyyatı məhv edir? Bilmirdisə, niyə bilmirdi? Bəs biz, bu ölkənin ictimai-siyasi fəalları uzun illər ərzində nə deyirdik, nə yazırdıq? Niyə fikir vermirdi bu deyilənlərə, yazılanlara? Yox, bütün bunları özü də bilirdisə (təbii ki, bilirdi), bəs niyə tədbir görmürdü? Bu etirafların olması üçün vaxtilə 500 mindən artıq adamın çalışdığı, ildə 10 milyard manat ətrafında sərmayə qoyulan tikinti sektorunun batması şərt idimi? Kadrlar da, idarəetmə prinsipləri də eyni qalıbsa, belə etiraflar nəyi dəyişəcək?

***

Nəhayət, 5 min dollaradək olan kreditlərin köhnə məzənnə ilə ödənilə biləcəyini qəbul etdilər (xalq etirazlarının daha bir kiçik nəticəsi). Bəs biz bu tələbi irəli sürəndə deyirdiniz mümkün deyil? İzah edirdik ki, yaxşı Avropa ola bilmirsiniz, başa düşdük, heç olmasa, Qazaxıstandan nümunə götürün. Amma Qazaxıstan rəhbərliyi qədər də açıq fikirli və xalqa yaxın ola bilmirsiniz. Niyə yenə də yarımçıq addım atırsınız? Bəs krediti 5 min dollardan artıq olanlar nə etsin? Onların yükü ki, daha ağırdır. Bu nə ayrı-seçkilikdir? Pul yoxdur? O qədər mənasız xərcləmələriniz var ki, kəsin onlardan. Keçirməyin “Formula -1″i, “İslam Oyunları”nı, bircə il büdcədən oğurluqları dayandırın, xalqı bu şəkildə soymayın, imkan verin ki, dollarla olan kreditlərini devalvasiyadan əvvəlki məzənnə ilə qaytarsınlar.
891 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42