Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2016

Vətəndaşın halal puluna tamah salmayın

Oğurladığınız milyardları ölkəyə qaytarın

Həqiqətən də öyrənmişin tövbə etməsi çətin olur. Ölkə dağılır, valyuta ehtiyatları azalır, insanların sabah ümidi yoxdur. Vətəndaş dövlətdən ədalətli qərarlar, proqramlar, fəaliyyət gözləyir. Hökumət isə illər ərzində oğurladığı milyardları vətəndaşın cibindən çıxarmaqla məşğuldu.

Əvvəlcə, cərimələri artıdılar, sonra bankamatlardan dollarla pul çıxaranlardan yüksək faiz tutulacağı məlum oldu, indi də vətəndaşın halal pulundan 20 faiz oğurlamağa qərar verirlər. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilir. Vətəndaş xaricə 50 min ABŞ dollarından yuxarı məbləğdə apardığı xarici valyutanın 20%-ni dövlət büdcəsinə ödəyəcək.


Deməli, vətəndaş 100 min dollara evini satıbsa və bu pulu özüylə xaricə aparmaq istəyirsə, həmin vəsaitin 20 min manatını büdcəyə verməlidir. Bu qanuni şəkildə soyğunçuluqdur. Bəli, dələduzluğun, oğurluğun icazə verilmiş formasıdır. Bəs, deyirdilər sahibkarlar üçün münbit şərait yaradılacaq? Tutaq ki, sahibkar 100 min dollarla Çindən mal gətirməyə gedir və bu qanuna görə həmin pulun 20 minini avtomatik olaraq itirir. Deməli, sahibkar bu itkini sığortalamaq üçün gətirdiyi malı baha qiymətə satmalıdır. Bəli, yeni dəyişiklik məhsulların qiymətinin artmasına, sahibkarlara növbəti əngəlin yaradılmasına xidmət edəcək.

Amma məsələnin daha maraqlı bir tərəfi var. Əgər hökumətin məqsədi bu yolla büdcəni doldurmaqdırsa, bunun daha asan yolu var. Son 10 il ərzində ölkədən 95 milyard vəsait çıxarılıb və offşor zonalara yerləşdirilib. Əgər bu pulun 10 faizi ölkəyə qaytarılsa, bütün problemlər həll olunar. Əgər, 100 min insanın 100 min dollarından 20 faiz tutulsa, bu 2 milyard vəsait edir. Təbii ki, bu ölkədə 100 min dolları 1000 adam da tapmaq mükün deyil. Amma 95 milyardın 10 faizi 9.5 milyard dollar deməkdir. Əgər hökumət yaranmış böhrandan çıxmaq, büdcəni doldurmaq istəyirsə, offşorlara baş çəkməlidir. Onsuz da vətəndaşın haqqını 20 ildir oğurlayıb, ölkədən çıxarmısınız. Heç olmasa indi ayıbınıza kor olun və oğurladıqlarınızı geri gətirin. Üstəlik, ölkə başçısı sonuncu müşavirədə dövlətin borcalanmaya gedəcəyinin anonsunu verdi. Yəni, ölkədə pul qurtardığı üçün xarici ölkələrdən kredit almağa qərar veriblər. Qeyd edək ki, ölkəmizin xarici borcu 10 milyardlarla ölçülür. Deməli, hökumət gələcək nəsillərin çiyninə növbəti 10 milyardları yükləmək istəyir. Yenə də təkrar edirik ki, dövləti borc bataqlığına salmaq əvəzinə, offşorlardakı pulların 10 faziini ölkəyə qaytarın.

Vətəndaş da bunu dərk etməlidir və yürüdülən siyasətin daha ağır nəticələr verəcəyini unutmamalıdır. Ona görə də vətəndaş “offşordakı pulları ölkəyə qaytarın” şüarı ilə silahlanmalıdır. Çünki, bu gün vətəndaşın ağır vəziyyətdə yaşaması, məhz oğurlanan milyardların nəticəsidir./azadlıq/
1008 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber