Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Cəmil Həsənlinin “107-ci maddə” çağırışının mənası nədir?

Arzu Səmədbəyli: “Cəmil müəllimin nə qədər haqlı olduğunu qeyd etsək də... təəssüf ki, xalqın bu çağırışa səs verəcəyinə elə böyük ümidim yoxdur”

Dekabrın 15-də Milli Şuranın təşkilatçılığı ilə keçirilən mitinqdə qurumun sədri, professor Cəmil Həsənlinin hakimiyyəti növbəti dəfə sərt tənqid edərək xalqı öz haqqı uğrunda mübarizəyə, qiyməti artırmaqla faktiki olaraq onun cibinə girənlərə qarşı üsyana çağırması diqqət çəkdi.

Milli Şuranın sədri çıxışında hakimiyyətin siyasətini kəskin tənqid edərək deyib ki, bu iqtidar 9 oktyabrda Azərbaycanda hakimiyyəti qəsb edib. O, “Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Soruşmaq lazımdır ki, sən millətə nə vermisən ki, indi onun üzərinə artım qoyursan. Sevgili xalqım, uca millət, öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən”, - deyə, meydana xitab edib.

C.Həsənli xalqı iqtidara qarşı açıq çıxışlara, müqavimət hərəkatına “pozulan konstitusiyanın bərpasına”, bir sözlə, mövcud iqtidarı iş başından düşürməyə çağırıb: “Konstitusiyanın 6-cı maddəsinə görə, Azərbaycanda hakimiyyətin mənimsənilməsi ən böyük cinayətdir. Oktyabrın 9-da bu hakimiyyət Azərbaycan xalqına qarşı ən böyük cinayəti törədib. İndi konstitusiyanın 107-ci maddəsi işə düşməlidir. Bu cinayəti törədənlər, törətdikləri cinayətə görə cavab verməlidir. Bu hakimiyyətin bu millətə rəhbərlik etməyə haqqı yoxdur. Çünki onun vəziyyəti ilə bu millətinki arasında çox böyük fərq var” - deyib. Xatırladaq ki, konstitusiyanın 107-ci maddəsində Azərbaycan prezidentinin vəzifədən kənarlaşdırılmasından bəhs olunur.

Göründüyü kimi, MŞ sədri kifayət qədər ciddi məsələyə toxunub. Ancaq bəzi müşahidəçilərə görə, xalqın hakimiyyətə, hətta gündəlik həyatına təsir edən qərarlara passiv reaksiyası, icazəli aksiyalara belə qatılmaqdan imtinası fonunda bu məsələni reallaşdırmaq fantastika kimi görünür.


Müsavat Məclisinin sədri Arzu Səmədbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir mövqedən çıxış etmək professor Cəmil Həsənlinin tam hüququdur: “Cəmil müəllim bu seçkinin qalibidir və seçkiyə gələnlərin böyük əksəriyyətinin səsini almış şəxsdir, birləşmiş müxalifətin, xüsusilə gənclərin böyük əksəriyyətinin toparlandığı düşərgənin qalibidir. Bu mənada Cəmil müəllimin belə bir mövqedən çıxış etməsini çox normal qarşılayıram”.
Amma A.Səmədbəyli 15 dekabrda bahalaşmaya etiraz etmək üçün keçirilən mitinqə diqqət çəkdi: “Bundan əvvəl də bahalaşma olmuşdu və 2007-ci ilin yanvarında, soyuq, şaxtalı günlərdə Müsavat Partiyası bahalaşmaya etiraz aksiyası keçirmişdi. Onda da bir neçə min adam iştirak etdi və təəssüflər olsun ki, xalqın böyük əksəriyyəti seyrçi qaldı, passiv etirazla kifayətləndi, eyvanlardan əl eləməklə öz həmrəyliyini bildirdi. Son mitinqdə də bir neçə min adam iştirak etsə də, çox təəssüflər olsun ki, bu, on minlər, yüz minlər olmadı, meydanda xalqın iradəsini görmədik, yenə də az bir qisim iştirak etdi. Əlbəttə ki, ora yığışan insanların fədakarlığına kölgə salmaq istəmirəm. Amma 2007-ci ildən elə də fərqlənmədi, bu dəfə də xalq passiv etiraza üstünlük verdi. Bahalaşmadan narazı olan böyük əksəriyyət təəssüf ki, çağırışa hay vermədi. Axı gözlənilən o idi ki, on minlər gələcək və xalq etirazını bildirəcək. Cəmil müəllimin nə qədər haqlı olduğunu qeyd etsək də təəssüf ki, nə xalqın böyük əksəriyyətini seçkiyə gətirmək mümkün oldu, nə də seçkidən sonra saxtakarlığa qarşı ciddi müqavimət görmədik. Seçkiyə bizim hesablamamıza görə 20 faiz insan gəldi və böyük əksəriyyət Cəmil Həsənliyə səs verdi, ancaq yenə də passiv qaldı. Bahalaşmaya etiraz mitinqində də eyni şeyləri müşahidə etdik. Təbii ki, Cəmil müəllim bizim namizədimizdir, qalib gəlib, seçkilərin nəticələri saxtalaşdırılıb, amma insanların, xalqın bu ideyanı gerçəkləşdirmək üçün aktiv olacağına və bu çağırışa səs verəcəyinə, bu nəticələri gerçəkləşdirmək üçün çaba göstərəcəyinə mənim elə böyük ümidim yoxdur”.

A.Səmədbəyli mitinq öncəsi dediyi bir fikrini də xatırlatdı. Bildirdi ki, xalq qalxmasa, qiymət qalxacaq./musavat/
1516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber