Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

Naxçıvanda Azərbaycanın qanunları niyə işləmir?

Kiçik qardaşım Yunis Məmmədov onun mülkiyyətində olan, 1996-cı il buraxılışlı “Jiquli” markalı maşınını, Sədərək döyüşlərində yaralanaraq birinci qrup əlil kimi 25 ildir əl arabasında yaşamağa məhkum edilən böyük qardaşım Əbdül Məmmədovun oğluna sürmək məqsədilə etibarnamə vermək istəyəndə, notarius etibarnaməni bir aydan artıq müddətə verməkdən imtina etdi.
Mən özüm bunun səbəbini aydınlaşdırmaq üçün Naxçıvan şəhər 1 saylı notariat kontoruna getdim. Qanunu heç cür başa düşmək istəmədilər.
Dövlət notariusu açıqca bildirdi ki, Naxçıvan Ədliyyə Nazirliyinin qərarı var, köhnə maşınlara bir aydan artıq, təzə maşınlara isə bir ildən artıq müddətə sürmək üçün etibarnamə verilə bilməz.
Mən MM-nin 363.3-cü yarımmaddəsini xatırlatdım. Həmin maddəyə əsasən, “nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.”
İzah etdim ki, əvvəla, qanunverici etibarnamənin müddətini maşının köhnə, ya da təzə olması ilə şərtləndirməyib.
İkincisi, maddədəki bir illlik müddət “sərəncam vermək hüququ”nu nəzərdə tutan etibarnamələrə aiddir. Sürmək üçün etibarnamənin müddəti adi qaydada həll edilir. Yəni, MM-nin 363.1-ci yarımmaddəsinə əsasən, “bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər…”
Üçüncüsü isə, notariusun bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin III hissəsində nəzərdə tutulan “hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir” hüququnun pozulmasıdır.
Aydın oldu ki, notarius üçün Konstıtusiya və qanunlar yox, Naxçıvan Ədliyyə Nazirliyinin qərarı daha üstün hüquqi qüvvəyə malikdir.
Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının qanunları Naxçıvanda bəzən qüvvədən salınır və ya Azərbaycanın hər tərəfində oluğu kimi eyni qaydada icra edilmir.
Bu da Naxçıvan əhalisinin Konstitusiyanın 25-maddəsində nəzərdə tutulan “hamı qanun və məhkəmə qarşısında bərabərdir” hüququnun pozulmasıdır.
Sual yaranır: nə üçün bakılı, lənkəranlı və ya qubalı istədiyi maşınını, istədiyi adama, istədiyi müddətə sürmək üçün etibarnamə verə bilər, naxçıvanlı isə bunu hər ay əlavə notariat haqqı ödəməklə etməlidir?
Niyə?
Bu sualın cavabını verən tapılacaqmı?”

Qurban Məmmədov, tanınmış hüquqşunas
/moderator/
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08